Martın
12-də Bakıdakı 19 nömrəli tam orta məktəbdə tanınmış
riyaziyyatçı alim, mərhum Qoşqar Teymur oğlu Əhmədovun
həyat və fəaliyyətinə həsr olunmuş xatirə gecəsi
keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin
nümayəndələri, qonşu məktəblərin direktorları və KİV
əməkdaşları iştirak edirdilər.
Məktəbin direktoru Məmməd Qənbərov çıxış edərək
bildirdi ki, Qoşqar Əhmədov Gədəbəy rayonunun Söyüdlü
kəndində anadan olmuşdur. O, 1923-30-cu illərdə kənddəki
natamam orta məktəbdə təhsil almışdır. Onun riyaziyyat
müəllimlərindən biri olan professor Məhəmmədyusif
Axundzadə o vaxt balaca Qoşqar haqqında demişdir: "Mən
Qoşqarın gələcəkdə görkəmli riyaziyyatçı olacağına
inanırdım. Çünki Qoşqar hər gün evə verilən məsələ və
misalların həlli ilə kifayətlənmir, kitabda olan başqa
misalları da böyük həvəslə həll edirdi. Axşamlar isə
bizə gəlib məni sorğu-suala tutur, yorulmaq bilmədən
riyaziyyatın sirlərini öyrənirdi. Qoşqar çox zəhmətsevər
və istedadlı bir uşaq idi".
Məktəbin riyaziyyat müəllimlərindən Səbinə Cəfərova və
Səmidə Hacıyeva alimin həyat və fəaliyyətindən söz
açdılar. Bildirdilər ki, Qoşqar müəllim böyük
alimliyi ilə yanaşı, insanpərvərliyi, humanistliyi ilə
də başqalarından seçilirdi. O, ADU-nun (indiki BDU)
mexanika-riyaziyyat fakültəsində oxuyan istedadlı
tələbələri axtarıb tapar, onların qayğısına qalar,
təhsili ilə maraqlanar və elmi işə cəlb edərdi. Adı,
əməli ilə heç vaxt unudulmayan, həyatı ilə örnək olan
bu qüdrətli alim və xeyirxah insanın həyat amalı çox
maraqlı olmuşdur.
Qeyd edildi ki, bu gün Qoşqar müəllimin həyatı onun
övladlarının, çoxsaylı tələbələrinin timsalında davam
edir. Həm də onu tanıyanların qəlbində alim xeyirxah,
qədirbilən insan və sözün əsl mənasında böyük müəllim,
pedaqoq kimi həmişə yaşayacaqdır.
Xatirə gecəsində şagirdlərin də alim haqqında
çıxışları dinlənildi.
Tədbir diskussiya şəklində başa çatdı.
Şakir CƏFƏROV |