Naxçıvan Dövlət Universitetində "Biz Heydər Əliyev
irsindən öyrənirik" mövzusunda elmi konfrans keçirildi.
Universitetin gənclər təşkilatının və magistratura üzrə
dekanlığının birgə təşkil etdiyi konfransı giriş sözü
ilə açan rektor, akademik İsa Həbibbəyli Heydər Əliyevin
bəşər tarixindəki nadir şəxsiyyətlərdən, siyasət nəhəngi
olmasından, Azərbaycanın milli müstəqilliyinin
qorunmasında, müasir dinamik inkişafında, taleyüklü
məsələlərin həllindəki misilsiz xidmətlərindən bəhs
etdi.
Rektor ulu öndərin həyat və fəaliyyətinin, siyasi
irsinin, böyük ideyalarının öyrənilməsinin zəruriliyini
vurğuladı, ümummilli liderin anadan olmasının 90 illiyi,
2013-cü ilin Naxçıvan Muxtar Respublikasında "Heydər
Əliyev ili" elan olunması ilə bağlı keçiriləcək çoxsaylı
tədbirlər barədə məlumat verdi.
Magistratura üzrə Tələbə Gənclər Təşkilatının sədri,
Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi
ixtisaslaşması üzrə I kurs magistrantı Lamiyyə Əliyeva
"Heydər Əliyevin gənclər siyasəti" mövzusunda məruzə
edərək Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan,
gənclərlə işi dövlət siyasətinin prioritet
istiqamətlərindən biri kimi qəbul etməsindən danışdı.
Qeyd olundu ki, ölkəmizdə Heydər Əliyev tərəfindən
müəyyənləşdirilən gənclər siyasəti bu gün ölkə
Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam
etdirilir.
Azərbaycan ədəbiyyatı ixtisaslaşması üzrə I kurs
magistrantı Püstə Əhmədova "Heydər Əliyev və Naxçıvan"
mövzusunda məruzəsində bildirdi ki, dünya şöhrətli
siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri işləyərkən blokada şəraitində olan
Naxçıvanı erməni hücumlarından, işğalından qorumuş,
Azərbaycanın gələcək müqəddəratı ilə bağlı mühüm tarixi
siyasi qərarlar qəbul etmiş, muxtar respublikanın
hərtərəfli inkişafı istiqamətində çoxşaxəli tədbirlər
həyata keçirmişdir. Ümummilli lider Azərbaycan
rəhbərliyinə qayıtdıqdan sonra da Naxçıvanın
sosial-iqtisadi, elmi, mədəni tərəqqisini daim diqqət
mərkəzində saxlamışdır. Bu gün ölkə başçısı və muxtar
respublika rəhbərliyi tərəfindən Heydər Əliyev
məktəbinin və siyasi kursunun layiqincə davam
etdirilməsinin nəticəsidir ki, Naxçıvan özünün əsl
intibah dövrünü yaşayır.
Mətbuat ixtisaslaşması üzrə I kurs magistrantı Səadət
Əliyeva "Heydər Əliyev və Azərbaycan mətbuatı"
mövzusunda məruzəsində ümummilli liderin milli
jurnalistikanın demokratik prinsiplər əsasında inkişafı,
söz, mətbuat azadlığının, plüralizmin təmin olunması
istiqamətində qəbul etdiyi qərarlar, kütləvi informasiya
vasitələrinə, jurnalistlərə hərtərəfli qayğısı barədə
ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan milli
mətbuatının daha da inkişaf etdirilməsi sahəsindəki
bütün bu xidmətlərinə görə Heydər Əliyev 2002-ci il
martın 22-də "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə
Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu"
mükafatına layiq görülmüşdür.
Konfransda ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətini əks etdirən slaydlar, "Tarixin Heydər
Əliyev zirvəsi" adlı sənədli film də nümayiş etdirildi.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |