Martın
13-də Bakı Biznes Universitetində (BBU) bu ali təhsil
müəssisəsinin yaranmasının 20 illiyinə həsr olunmuş
təntənəli tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları
BBU-da ümummilli lider Heydər Əliyevin büstünün
açılışında iştirak etmişlər.
Daha sonra universitetin yeni kitabxanasının açılışı
olmuşdur.
Universitetin foyesində BBU-nun son nəşrlərindən ibarət
sərgi nümayiş etdirilmişdir.
Yubiley mərasimində Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA), ali təhsil müəssisələrinin
nümayəndələri, Milli Məclisin deputatları, səfirlər,
Türkiyə, ABŞ, Rusiya, Avropa və Asiya ölkələrindən
qonaqlar iştirak etmişlər.
Universitetin konfrans zalında keçirilən tədbir
Azərbaycanın Dövlət himninin səslənməsi ilə
başlanmışdır.
BBU-nun
20 illik fəaliyyətindən bəhs edən qısametrajlı sənədli
film göstərilmişdir.
Tədbirdə BBU-nun rektoru, professor İbad Abbasovun
universitetin 20 illik fəaliyyətinə dair hesabat
məruzəsi dinlənilmişdir. Məruzədə cəmiyyətin və insanın
formalaşmasında təhsilin rolundan, ölkəmizdə elm, təhsil
sahələrinin inkişafına dövlət qayğısından, özəl ali
təhsil müəssisələrinin təhsilimizə töhfələrindən
danışılmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və onun özəl
təhsilə birmənalı müsbət münasibəti bu prosesin
inkişafına inamlı təkan vermişdir. Respublikamızın özəl
təhsil sistemində Bakı Biznes Universitetinin xüsusi
xidməti və yeri vardır. Universitet 1989-cu ildə
aparılan elmi axtarışlar və tədqiqatlar əsasında 1993-cü
ildə təsis edilmişdir. BBU bakalavr və magistr
pillələrində kadr hazırlığı üzrə dövlət siyasətini böyük
uğurla icra edir.
Hazırda universitetdə bakalavr pilləsində 10 ixtisas
üzrə mütəxəssis hazırlığı aparılır. Ötən 20 ildə
universitetin bakalavr hazırlığı üzrə 16, magistr
hazırlığı üzrə 9 buraxılışı olmuşdur. BBU-nun
məzunlarından bir çoxu ölkəmizin ali icra orqanlarının
müxtəlif strukturlarında, ictimai qurumlarda,
qeyri-hökumət təşkilatlarında çalışır.
Universitetdə pedaqoji kadr potensialının
formalaşmasında da ciddi və məqsədyönlü işlər
aparılmışdır. İyirmi il ərzində 25-dən çox doktorluq və
namizədlik dissertasiyası müdafiə olunmuşdur. Hazırda 8
nəfər doktorluq, 19 nəfər isə iqtisad üzrə fəlsəfə
doktorluğu dissertasiyaları üzərində işləyir. Bu sahədə
işlərin daha səmərəli qurulması üçün xarici ölkələrin
aparıcı universitetlərinin ixtisaslaşdırılmış
şuralarının imkanlarından da istifadə edilir.
İ.Abbasov bildirmişdir ki, universitetdə Heydər Əliyev
Dövlət İdarəçiliyi Məktəbi fəaliyyət göstərir. Burada
mütəmadi seminarlar keçirilir, tələbə gənclərlə milli
vətənpərvərlik ruhunda tərbiyəvi işlər aparılır.
Rektor bildirmişdir ki, universitetdə tədris prosesinin
təşkilində inkişaf etmiş ölkələrin təcrübəsinə istinad
edilərək fəal təlim sistemlərindən istifadə olunur.
Boloniya prosesinə uyğun olaraq, tədrisdə kredit sistemi
tətbiq edilmişdir. Tələbələrin biliyinin
qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılır.
Bakı Biznes Universitetində 20 ildə 35 elmi forum təşkil
edilmişdir. Bu forumlar iqtisadiyyatda şəffaflığın təmin
edilməsinin vacibliyinə, milli iqtisadiyyatın inkişafı
və səmərəliliyinin yüksəldilməsinə, respublikamızın
sosial-iqtisadi inkişafı problemlərinə və digər mühüm
məsələlərə həsr edilmişdir.
BBU bazar iqtisadiyyatı şəraitində dünya təcrübəsinin
mütərəqqi metodologiyalarını öyrənmək, elm və təhsil
sahəsində yeni nailiyyətlər əldə etmək məqsədi ilə
xarici ölkələrin bir sıra qabaqcıl ali məktəbləri ilə
elmi əlaqələr yaratmışdır.
Sonra İ.Abbasov BBU-nun 20 ildə qazandığı uğurlara görə
və yubiley münasibətilə universitetin kollektivini
təbrik etmiş, növbəti 10 ildə bu ali təhsil
müəssisəsinin dünyada tanınmasının mühüm vəzifə kimi
qarşıya qoyulduğunu vurğulamışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək
bildirmişdir ki, BBU-nun yaranması və onun 20 illik
tarixi bütövlükdə Azərbaycanda təhsil sistemində, o
cümlədən özəl təhsil sahəsində ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi islahatların həyata keçirilməsinin
təzahürü və ifadəsidir. BBU 20 illik fəaliyyəti ilə
Azərbaycan təhsilinin inkişafına əhəmiyyətli töhfələr
vermişdir.
Ə.Əhmədov demişdir ki, müasir inkişafı, müasir
cəmiyyətin formalaşmasını, gələcəyə ünvanlanan siyasətin
müəyyən edilib həyata keçirilməsini elm, təhsil,
universitetlər olmadan təsəvvür etmək mümkün deyildir.
Təhsilin inkişafı, Azərbaycanda təhsil sahəsində həyata
keçirilən islahatlar ölkəmizin gələcəyinin
perspektivlərini müəyyənləşdirir. Bu gün müstəqil
respublikamız əhəmiyyətli iqtisadi sistem əsasında
sürətlə inkişaf edir. Əminəm ki, BBU-nun məzunları
ölkəmizin iqtisadi inkişafının daha da qüdrətlənməsi
işinə layiqli töhfələrini verəcəklər.
Təhsil nazirinin müavini Qulu Novruzov qeyd etmişdir ki,
hazırda ölkədə fəaliyyət göstərən 15 özəl ali təhsil
müəssisəsi arasında BBU-nun xüsusi yeri vardır. Bunu
universitetin 20 illik uğurlu fəaliyyəti, qazandığı
nailiyyətlər bir daha sübut edir. Q.Novruzov
bildirmişdir ki, yubiley münasibətilə universitetin
əməkdaşlarından doqquz nəfəri Təhsil Nazirliyinin
"Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş
nişanına, doqquz nəfəri isə fəxri fərmana layiq
görülmüşdür. Təhsil nazirinin müavini kollektivi yubiley
münasibətilə təbrik etmiş, daha böyük uğurlar
arzulamışdır.
Sonra mükafatlar sahiblərinə təqdim edilmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri,
akademik Ziyad Səmədzadə bildirmişdir ki, BBU yarandığı
vaxtdan ölkəmizdə biznes iqtisadiyyatı üçün
yüksəkixtisaslı kadrların hazırlanması işini
müvəffəqiyyətlə həyata keçirir. Azərbaycanda iqtisad
elminin inkişafında bu ali təhsil müəssisəsinin böyük
rolu vardır. Əminəm ki, BBU müəyyənləşdirdiyi düzgün
strategiyasını bundan sonra da davam etdirəcək,
daha böyük uğurlara imza atacaqdır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
BBU-nun kollektivini yubiley münasibətilə təbrik
etmişdir. Bu ali təhsil müəssisəsinin iqtisadi sahə üçün
kadr hazırlığı prosesi kimi çətin işin öhdəsindən uğurla
gəldiyini vurğulayan S.Müslümov BBU-nun bu sahədə
rəqabətdə öz mövqeyini qoruyub saxlayacağına əminliyini
ifadə etmişdir.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirmişdir
ki, ölkənin qabaqcıl özəl ali təhsil müəssisələrindən
olan BBU-nun məzunları təhsil illərində qazandıqları
bilikləri bu gün ölkənin müxtəlif idarə və
təşkilatlarında təcrübədə tətbiq edirlər. Mən BBU-da
yüksək hazırlıqlı kadrların yetişdirildiyinə əminəm. Ona
görə də onun məzunlarının Bakı Metropolitenində də
işləməsini çox istərdim. Kollektivi yubiley münasibətilə
təbrik edirəm və inanıram ki, BBU bundan sonra da təhsil
sahəsində fəal mövqe nümayiş etdirəcəkdir.
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov
qeyd etmişdir ki, ölkənin yüksəkixtisaslı kadr
potensialı ilə təmin edilməsində böyük rol oynayan BBU
həm də təhsil ilə elmi birləşdirən bir universitetdir.
Burada AMEA-nın tanınmış alimlərinin fəaliyyət
göstərməsi bunu sübut edir. Bu, olduqca təqdirəlayiq bir
haldır. Çünki hər bir elmi işçi mütləq təhsil sahəsində
də məşğul olmalı, müəllimlik missiyasını yerinə
yetirməlidir.
A.Həşimov iqtisadiyyat sahəsində qazanılan nailiyyətlərə
görə və yubiley münasibətilə universitetin kollektivini
təbrik etmişdir.
YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət
İsmayılov BBU-nun müasir Azərbaycanın tələbləri ilə
ayaqlaşan, onun iqtisadi gücünün artmasında rolu olan,
ölkə iqtisadiyyatı üçün peşəkar kadrlar hazırlayan
qabaqcıl təhsil müəssisəsi olduğunu vurğulamışdır.
Universitetin qazandığı uğurlarda əhəmiyyətli rolu olan,
beş nominasiya üzrə dəyərləndirilmiş bir qrup müəllim və
tələbəyə mükafatlar təqdim edilmişdir.
Tədbirdə Kazan Federal Universitetinin professoru Vitali
İvaşkeviçə BBU-nun fəxri doktoru adı verilməsi haqqında
universitet elmi şurasının qərarı oxunmuşdur.
V.İvaşkeviçə fəxri doktor diplomu, mantiya və qiymətli
hədiyyələr təqdim edilmişdir.
AMEA-nın, müxtəlif ali təhsil müəssisələrinin
nümayəndələri çıxış edərək BBU-nun keçdiyi 20 illik
şərəfli yoldan, qazandığı uğurlardan danışmış,
kollektivi təbrik etmişlər.
Tədbir bədii hissə ilə davam etmişdir.
AzərTAc |