Martın
13-də Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan
Respublikası Maliyyə və Təhsil nazirliklərinin
təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rəhbərliyi
və maliyyə məsələləri üzrə məsul şəxslərin iştirakı ilə
"Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və
Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya
sisteminin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov
Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata
keçirilən "Korporativ və Büdcə Sektorlarında
Hesabatlılıq Layihəsi" çərçivəsində "Büdcədən
maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq
Hesabatları" avtomatlaşdırılmış informasiya sisteminin
yaradılması və tətbiqi ilə bağlı geniş məlumat verib.
S.Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət
nəticəsində əldə olunan iqtisadi yüksəlişə paralel
olaraq respublikamızda mühasibat uçotunun
təkmilləşdirilməsi ilə bağlı da mühüm addımlar atılıb.
Prioritet istiqamətlərdən biri kimi, qısa zaman ərzində
ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına
keçidə nail olunaraq, zəruri normativ-hüquqi baza
yaradılıb və mühasibat uçotu subyektlərinin maliyyə
hesabatlarının beynəlxalq standartlar əsasında
hazırlanaraq təqdim olunması təşkil olunub. Üçillik
maliyyə hesabatlarının qəbulunu və ümumilikdə prosesi
təhlil edən S.Şərifov bu sahədə yeni təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə
çatdırıb: "Mühasibat uçotu üzrə beynəlxalq və milli
standartlar əsasında formalaşan maliyyə hesabatlarının
hazırlanması, qəbul olunması, təhlili proseslərinin
avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat
bazasının hazırlanması zərurəti yaranmışdı".
Maliyyə
naziri onu da qeyd edib ki, "Büdcədən maliyyələşən
təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"
avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə
Nazirliyində və 4 pilot universitetdə - Bakı Dövlət
Universiteti, Azərbaycan Texniki Universiteti,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiq
olunub və yaxın gələcəkdə bu sistemin daha geniş
yayılması nəzərdə tutulur. S.Şərifov avtomatlaşdırılmış
informasiya sisteminin tətbiqinin birinci mərhələsində
35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə
edəcəyini bildirib.
Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək
bildirib ki, "Büdcədən maliyyələşən təşkilatlar üçün
Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış
informasiya sisteminin tətbiqinə başlanılması ölkə
Prezidenti cənab İlham Əliyevin elektron xidmətlərin
genişləndirilməsi, "Elektron Hökumət"in qurulması ilə
bağlı verdiyi fərman, sərəncam və tapşırıqların icrası
istiqamətində atılan addımlardan biri kimi
qiymətləndirilməlidir. M.Mərdanov, həmçinin yeni
sistemin tətbiqinin əhəmiyyətindən, ali təhsilin
maliyyələşdirilməsi sahəsində əldə olunan uğurlardan,
eləcə də yeni sistemin tətbiqi ilə əlaqədar ali təhsil
müəssisələrinin qarşısında duran vəzifələrdən söz açıb.
Daha sonra tədbirdə yeni sistem tətbiq edilən pilot ali
təhsil müəssisələrinin - Bakı Dövlət Universitetinin
rektoru Abel Məhərrəmov, Azərbaycan Texniki
Universitetinin rektoru Havar Məmmədov, Xəzər
Universitetinin təsisçisi Hamlet İsaxanlı və digərləri
öz çıxışlarında ölkədə müasir mühasibat uçotu sisteminin
yaradılması və tətbiqinin əhəmiyyətini vurğulayaraq əldə
olunan nəticələr barədə məlumat veriblər. Sistemin
tətbiqinin hər bir təşkilat üçün operativ analiz imkanı
yaratdığını vurğulayan natiqlər qeyd ediblər ki,
müəssisədə mühasibat uçotunun beynəlxalq və milli
standartlar əsasında avtomatlaşdırılması, həmçinin
hazırlanan maliyyə hesabatlarının da avtomatik rejimdə
formalaşmasını və vaxtında təqdim olunmasını təmin edir.
Sistemin funksional və texniki təfərrüatları ilə bağlı
məlumat verən icraçı şirkət - "Sinam" şirkətinin rəhbəri
Elçin Əliyev bildirib ki, proqram təminatının
funksionallığı "Müəssisə resurslarının idarə edilməsi
sistemi" prinsipi üzərində qurulub və müəssisənin bütün
növ maliyyə-təsərrüfat fəaliyyətinin
avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir.
E.Əliyev sistemdə "Anbar uçotu", "Əsas vəsaitlərin
uçotu", "Bank və xəzinə əməliyyatları", "Əmək haqqı",
"Maliyyə hesabatları" və "Kadrların uçotu" modullarının
mövcud olduğunu nəzərə çatdırıb.
Sonra tədbirdə avtomatlaşdırılmış informasiya sisteminin
tətbiqinin müsbət nəticələri ətrafında fikir mübadiləsi
aparılıb. |