Martın 11-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim"
müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ
qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin
təşkil edildiyi məktəblərin direktorları ilə görüş
keçirilib.
Təhsil naziri Misir Mərdanov müsabiqənin növbəti
mərhələlərində iştirak edəcək müəllimləri təbrik edib və
onlara uğurlar arzulayıb. Nazir Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Ən
yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4
sentyabr tarixli sərəncamına əsasən, artıq altıncı ildir
ki, müvafiq müsabiqələrin keçirildiyini vurğulayıb və
maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin
əsas məqsədinin ən yaxşı müəllimlərin üzə çıxarılması
olduğunu bildirib.
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsinə 2013-cü
ildə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin
sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi
barədə məlumat verib. Misir Mərdanov bildirib ki,
müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si
2007-2008-ci dərs ilində "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuş müəllimlərdir. Ekspertizanın
nəticələrinə görə sənədləri qəbul olunmuş 477 müəllimdən
müvafiq bal toplamış 208 nəfərin II mərhələyə
buraxıldığını qeyd edən nazir müsabiqədə iştirak üçün
sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə
bölgüsünə diqqət çəkib.
İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər),
ingilis dili (32 nəfər), tarix (25 nəfər), Azərbaycan
dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük
təşkil etdiyini nəzərə çatdıran Misir Mərdanov digər
fənlər üzrə müsabiqədə iştirak edəcək müəllimlərin sayı
barədə də məlumat verib. Nazir müsabiqə iştirakçılarının
nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını
sadalayaraq qeyd olunan təhsil müəssisələrində müvafiq
şəraitin yaradılacağını vurğulayıb və dərsləri
qiymətləndirəcək ekspert komissiyalarının fəaliyyətinin
daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.
Nazir dərslərin qiymətləndirilmə meyarları və dərs
mövzusunun müəyyənləşdirilməsi qaydaları haqqında
məlumat verib, bir müəllimə digərinin dərsində iştirak
etmək imkanının veriləcəyini söyləyib. İştirakçıların
sayından asılı olmayaraq hər fənn üzrə bir ekspert
komissiyasının təşkil edildiyini vurğulayan təhsil
naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha
səmərəli olduğunu bildirib.
Bütün sınaq dərslərinin videoçəkilişinin aparılacağını
qeyd edən nazir dərsin qiymətləndirməsinin nəticəsindən
narazı qalan müəllimlərə 3 gün müddətinə nazirliyə ərizə
ilə müraciət etmək imkanı verildiyini nəzərə çatdırıb.
Misir Mərdanov bildirib ki, II mərhələ başa çatdıqdan
sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat
Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatla çıxış
edəcək və hər bir mərhələnin nəticələrinə əsasən,
müsabiqə iştirakçılarının yekun balı müəyyən olunacaq.
Sonra sınaq dərsləri dinləniləcək müəllimləri
maraqlandıran suallar cavablandırılıb, müvafiq məsələlər
ətrafında fikir mübadiləsi aparılıb. |