Martın
14-də təhsil naziri Misir Mərdanov Avstraliya
İttifaqının Azərbaycan Respublikasında akkreditə olunmuş
səfiri Yan Biqqslə görüşüb.
Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən
məmnunluğunu ifadə edib. Avstraliya ilə Azərbaycan
arasında mövcud olan əlaqələrdən söz açan nazir təhsil
sahəsində ölkələrarası əməkdaşlığın daha da inkişaf
etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Təhsil naziri ölkə Prezidentinin sərəncamı ilə təsdiq
olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən
azərbaycanlı gənclərin dünyanın nüfuzlu
universitetlərində təhsil aldığını bildirib. Misir
Mərdanov "Azərbaycan gənclərinin xaricdə təhsil almaları
məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin
siyahısı"na 21 Avstraliya universitetinin daxil
edildiyini vurğulayıb və hazırda azərbaycanlı gənclərin
Avstraliyanın bir neçə universitetində təhsil aldığını
qeyd edib.
Nazir, həmçinin Avstraliya universitetlərinin ölkəmizdə
daha yaxından tanıdılması imkanlarından söz açıb və bu
işin Avstraliyanın ali məktəblərində təhsil alacaq
azərbaycanlı gənclərin sayının artmasına müsbət təsir
edəcəyini söyləyib. Təhsil naziri iki ölkə arasında
təhsilin müxtəlif sahələri üzrə əlaqələrin
genişləndirilməsinin, universitetlərarası əməkdaşlığın,
birgə konfrans və simpoziumların keçirilməsinin,
qarşılıqlı səfərlərin təşkilinin münasibətlərə töhfə
verəcəyinə, eyni zamanda bu görüşün yüksək əhəmiyyəti
olacağına inamını ifadə edib.
Avstraliya İttifaqının Azərbaycan Respublikasında
akkreditə olunmuş səfiri Yan Biqqs səmimi qəbul üçün
təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib.
Səfir Avstraliya ilə Azərbaycan arasında təhsil
sahəsində əlaqələrin inkişaf etdirilməsinin və
qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin
əhəmiyyətindən danışıb. Azərbaycanlı gənclərin müvafiq
Dövlət Proqramı çərçivəsində Avstraliya
universitetlərində təhsil almasını yüksək dəyərləndirən
Yan Biqqs bunun ikitərəfli təhsil əlaqələrinin
möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd edib.
Qonaq universitetlərarası əməkdaşlığa, mütəxəssislərin
qarşılıqlı səfərlərinə xüsusilə üstünlük verdiyini
açıqlayıb.
Daha sonra görüşdə qarşılıqlı əməkdaşlığın inkişafının
digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
|