Xaçmazda ümumtəhsil məktəblərinin VIII-XI sinif
şagirdləri arasında "Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin banisidir" və "Heydər Əliyevi düşünərək"
mövzularında inşa müsabiqəsi keçirilmişdir. AzərTAc
xəbər verir ki, müsabiqə iştirakçıları əvvəlcə ulu öndər
Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsi önünə gül
dəstələri düzmüş, xatirəsini anmışlar.
Xaçmaz şəhərindəki Zərifə Əliyeva adına 8 nömrəli
məktəb-liseydə keçirilmiş müsabiqədə 80-ə yaxın şagird
iştirak etmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası
rayon təşkilatının sədri Nazim Ağayev ümummilli liderin
zəngin ictimai-siyasi fəaliyyəti barədə məlumat vermiş,
müsabiqənin əhəmiyyətindən danışmışdır.
Dördüncü ildir ki, keçirilən müsabiqədə inşa yazmaq üçün
şagirdlərə 3 saat vaxt verilmiş, prosesi rayon təhsil
şöbəsi tərəfindən təyin edilmiş nəzarətçi müəllimlər
izləmişlər. Müsabiqə başa çatdıqdan sonra qaliblər
mükafatlandırılacaq və rayonu yarışmanın respublika
mərhələsində təmsil etmək imkanı qazanacaqdır. |