Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 mart 2013 - №10

 

İlk peşə-ixtisas təhsili müəssisələrində ixtisas və fənn proqramları üzrə imtahanların
təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2013-cü il fevral ayının 11-15-də Bakı şəhərinin 3, 6, 9, 14, 17 saylı peşə liseylərində və 1, 6 saylı peşə məktəblərində ixtisas və fənn proqramları üzrə imtahanların təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi keçirilmişdir.

Monitorinq keçirilən təhsil müəssisələrində imtahanlar ümumilikdə "Peşə məktəbi və peşə liseylərində imtahanların aparılması və şagirdlərin kursdan-kursa keçirilməsi haqqında" təlimata uyğun keçirilsə də, bəzi müəssisələrdə müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Müəyyən edilən çatışmazlıqların aradan qaldırılması, gələcəkdə imtahanların və istehsalat təcrübəsinin daha səmərəli şəkildə təşkil edilməsi məqsədi ilə  

ƏMR EDİRƏM: 

1. İmtahan keçirilən "İKT proqramları", "Mühasibat uçotu" fənlərindən imtahanqabağı hazırlıq işlərini qismən yerinə yetirdiklərinə görə 17 №-li Bakı peşə liseyinin direktoru Qəhrəman Hacıyevə və həmin liseyin tədris istehsalat işləri üzrə direktor müavini Azad Qədirova,  tədris planının tələblərinə  əməl etmədiyi üçün isə 1 №-li Bakı peşə məktəbinin direktoru Pərviz Əliyevə Əmək Məcəlləsinin  186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilsin.

2. İmtahanların və istehsalat təcrübəsinin təşkil edilməsi işində əmək müqaviləsi üzrə əmək funksiyalarını və  öhdəliklərini yerinə yetirmədiyinə görə 1 №-li Bakı peşə məktəbinin  tədris-istehsalat işləri üzrə direktor müavini Nazim Nağıyevlə bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməlidir. Lakin onun uzun müddət işlədiyini, inzibati tənbeh almadığını və öz xahişi ilə vəzifədən azad olunması üçün ərizə yazdığını nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 69-cu maddəsinə əsasən 01.03.2013-cü il tarixdən ləğv edilsin.

3. 3 №-li Bakı peşə liseyinin direktoru S.Məmmədovaya tapşırılsın ki, imtahanlara hazırlıq mərhələsində və imtahanların keçirilməsi prosesində işəgötürən təşkilatların nümayəndələrinin cəlb edilməsini təmin etsin və imtahan suallarının praktika yönümlü olmasına üstünlük versin.

4. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) gələcəkdə  imtahanların mövcud normativ-hüquqi sənədlərin tələblərinə uyğun keçirilməsini təmin etsin.

5. İlk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:

5.1. İmtahanlar mövcud normativ-hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilsin.

5.2. İmtahan biletlərinin tərtib edilməsi zamanı praktika yönümlü sualların üstünlük təşkil etməsinə əməl olunsun.

5.3. Təhsil alanların ixtisas dərəcələrinin vaxtında müəyyən edilməsi məqsədi ilə mərhələli attestasiyaların keçirilməsi qaydalarına əməl olunsun.

5.4. İmtahan verənlərin bilik və bacarıqlarının praktikaya uyğunluğu işini daha da təkmilləşdirmək məqsədi ilə işəgötürən təşkilatların nümayəndələrinin imtahanlarda iştirakı təmin edilsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalında dərc edilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət Aparat rəhbəri İ.Pirməmmədova həvalə olunsun.   

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov