| 
								
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev martın 7-də 
						Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə 
						verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış 
						olmuşdur. 
						
						Dövlətimizin başçısının göstərişi ilə ölkə həyatının 
						bütün sahələrində abadlıq və quruculuq tədbirləri 
						ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı 
						infrastruktur layihələri reallaşdırılır. Respublikamızın 
						hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət 
						və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə 
						əsaslı şəkildə yenidən qurulur. 
						
						Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət 
						Rəssamlıq Akademiyasının yeni korpusu da ən müasir 
						standartlara uyğun olaraq inşa edilmişdir. Bu akademiya 
						2002-ci ildə Prezidentin fərmanı ilə yaradılmışdır. 
						Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali 
						məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını 
						həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə 
						uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, 
						respublikada bütün təsviri sənət növləri üzrə peşəkar 
						kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. 
						Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində 
						təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq 
						fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, 
						dizayn, memarlıq, geyim dizaynı, dekorativ tətbiqi 
						sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət 
						tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. 
						Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv 
						çalışır. 
								
						 Akademiyanın 
						rektoru Ömər Eldarov Prezident İlham Əliyevə məlumat 
						verərək bildirdi ki, üçmərtəbəli yeni korpusun ümumi 
						sahəsi 6500 kvadratmetrdir. Yeni korpus yüksək 
						standartlara uyğun olaraq müasir memarlıq üslubunda inşa 
						edilmişdir. Binanın daxili tərtibatı da xüsusi zövqlə 
						işlənilmişdir. Yeni korpusda 128 sinif otağı, müxtəlif 
						fənn kabinetləri, laboratoriya və emalatxanalar 
						yaradılmışdır. Sinif otaqları, kabinetlər və təcrübə 
						laboratoriyaları ən müasir avadanlıq və ləvazimatla 
						təchiz olunmuşdur. 
						
						Dövlətimizin başçısı yeni binanın ayrı-ayrı otaqlarını 
						və təcrübə emalatxanalarını gəzdi, yaradılan şəraitlə 
						yaxından tanış oldu. 
						
						Sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq 
						Akademiyasının pedaqoji kollektivi ilə görüşdü. 
						
						Akademiyanın rektoru Ömər Eldarov pedaqoji kollektiv 
						adından Prezident İlham Əliyevə minnətdarlığını 
						bildirdi. 
						
						Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni 
						korpusunun istifadəyə verilməsi münasibətilə kollektivi 
						təbrik edən dövlətimizin başçısı İlham ƏLİYEV 
						dedi: 
								
						 - 
						Mən sizi təbrik edirəm. 
						
						Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni 
						binasının açılışı çox gözəl hadisədir. 
						
						Akademiyanın yaradılması haqqında ulu öndər Heydər 
						Əliyev hələ 2002-ci ildə qərar vermiş, fərman 
						imzalamışdır və akademiya fəaliyyətə başlamışdır. 
						
						Bildiyiniz kimi, akademiya əvvəlcə buradakı köhnə binada 
						yerləşirdi. Sonra yeni bina tikilmişdir. Ancaq o bina 
						tikiləndən sonra gördük ki, bu, bizim standartlara o 
						qədər də cavab vermir. Bu binanı biz tamamilə yenidən 
						qurduq. Ondan sonra akademiyanın rəhbərliyi müraciət 
						etdi ki, binanın davamı da olmalıdır. Biz akademiyanın 
						binasını böyük dərəcədə genişləndirə bilmişik. İndi bina 
						həm memarlıq baxımından çox gözəldir, daxili tərtibatı 
						da göz oxşayır. Belə də olmalıdır. Çünki bu, Rəssamlıq 
						Akademiyasıdır, incəsənət mərkəzidir. Burada gələcək 
						incəsənət ustadlarımızın təhsili ilə bağlı böyük işlər 
						görülür. Ona görə burada həm daxili vəziyyət, həm də 
						xarici görünüş yüksək səviyyədə olmalı idi. 
						
						Akademiyanın çox böyük əhəmiyyəti, çox böyük rolu 
						vardır. Mən sizə - müəllimlərə, professorlara dərin 
						minnətdarlığımı bildirmək istəyirəm. Çünki incəsənət 
						bizim milli sərvətimizdir. Əsrlər boyu bizi bir millət 
						kimi qoruyub saxlayan incəsənətimiz olubdur. Ədəbiyyat, 
						ana dili, musiqi, incəsənət, xalçaçılıq, rəssamlıq 
						sənəti. 
						
						Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan 
						xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya 
						çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox 
						böyük işlər görülübdür. Aparıcı dövlətlərdə Azərbaycan 
						sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin 
						əl işləri nümayiş etdirilir. Yəni, bu sərgilərin 
						keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, 
						dünyaya çatdırırıq. Bütün dünyaya göstəririk ki, 
						Azərbaycan qədim dövlətdir. Burada qədim dövrlərdə 
						incəsənət, ədəbiyyat, mədəniyyət inkişaf etmişdir. Biz 
						öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Əlbəttə, 
						bu bilikləri, bu imkanları gələcək nəsillərə ötürmək 
						üçün, ilk növbədə, sizdən çox şey asılıdır. 
						
						Bu gün mən maraqlandım ki, gənclər bizim ənənəvi 
						incəsənət sahələrinə necə münasibət bəsləyirlər, bu 
						işlərə necə maraqla cəlb olunurlar. Əlbəttə ki, maraq 
						vardır. Amma hesab edirəm ki, bu marağı daha da 
						stimullaşdırmaq və gələcəkdə akademiyanın məzunlarını 
						işlə təmin etmək üçün biz daha konkret işlər görməliyik. 
						Xüsusilə xalçaçılıqla bağlı, çünki Azərbaycan xalçanın 
						vətənidir. İndi Bakıda Müasir Xalça Muzeyi tikilir, 
						yaxın zamanlarda istifadəyə veriləcəkdir. Azərbaycan 
						xalçaçılıq sənətini dünya miqyasında təqdim etmək üçün 
						biz həm təbliğat işlərini düzgün qurmalıyıq, daha da 
						fəal olmalıyıq, eyni zamanda, artıq gənc nəsil də bu 
						işlərə cəlb olunmalıdır. 
						
						Gənclər ola bilər ki, hansısa başqa incəsənət növlərinə 
						daha çox meyil göstərsinlər. Sizdə dizayn ixtisası 
						vardır. Əlbəttə ki, müasir dövr üçün, Azərbaycanın 
						müasir inkişafı üçün memarlıq sənəti bəlkə daha da 
						cəlbedicidir. Çünki bu qədər tikinti, quruculuq işləri 
						aparılır, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bu sənətdə 
						imkanlar kifayət qədər genişdir və getdikcə artacaqdır. 
						Bu, başa düşüləndir. Ancaq xalçaçılıq elə bir sənət 
						növüdür ki, bu, Azərbaycan xalqının canıdır, ürəyidir. 
						Biz bu sənəti yaşatmalıyıq: siz və bizim tələbələrimiz. 
						Ona görə bütün məsələlərin uğurla həlli üçün, əlbəttə 
						ki, çox düşünülmüş siyasət aparılmalıdır. 
						
						Azərbaycanda bütövlükdə mədəniyyət məsələləri ilə bağlı 
						bu siyasət aparılır. Şadam ki, nəinki Bakıda, 
						bölgələrdə, rayonlarda rəsm qalereyaları açılır. 
						Əlbəttə, regionların iqtisadi inkişafı ilə bağlı birinci 
						mərhələdə biz daha çox tikinti, quruculuq, infrastruktur 
						layihələri ilə məşğul idik. Ancaq son illərdə bölgələrdə 
						olarkən görürəm ki, hər bir şəhərdə rəsm qalereyaları 
						açılır, orada yerli rəssamların, digər incəsənət 
						xadimlərinin əsərləri nümayiş etdirilir. Bu, məni çox 
						sevindirir. Bu, onu göstərir ki, Azərbaycan hərtərəfli 
						inkişaf edir. Hərtərəfli inkişaf üçün mütləq incəsənətin 
						bütün növləri dövlət tərəfindən dəstəklənməlidir. Bu 
						dəstək vardır, gələcək illərdə bundan da artıq 
						olacaqdır. Belə gözəl təhsil mərkəzlərinin açılması bir 
						daha onu göstərir ki, bu sahəyə çox böyük diqqət 
						göstərilir. 
						
						
						*** 
						
						Sonda xatirə şəkli çəkdirildi.   
						
						
						AzərTAc |