Naxçıvan
Dövlət Universitetində 5 mart - Bədən tərbiyəsi və idman
gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü
ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli
Azərbaycanın qədim idman tarixindən, ölkədə idmanın
inkişafına göstərilən diqqət və qayğıdan bəhs etdi.
Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikasında, o
cümlədən Naxçıvan Dövlət Universitetində idmanın
inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Muxtar respublika rəhbərliyi tərəfindən bu sahəyə
göstərilən qayğının təzahürüdür ki, 2012-ci ildə
universitetin futbol komandası muxtar respublika
birinciliyində və ümummilli lider Heydər Əliyevin xatirə
turnirində II yeri tutmuş, ali məktəblərin Azərbaycan
Respublikası birinciliyində III mükafatçı olmuşdur.
Universitetin qızlardan ibarət badminton komandası
Azərbaycan Respublikası ali məktəblərinin birinciliyində
III mükafatçı olmuşdur. Universitetin atletika, şahmat,
voleybol, badminton, cüdo, sərbəst güləş komandaları
Naxçıvan Muxtar Respublika birinciliyində
müvəffəqiyyətlə çıxış edərək muxtar respublika çempionu
olmuşlar. "Tələbə universitetiadası" tələbələr arasından
ən müxtəlif idman növləri üzrə perspektivli idmançıların
müəyyənləşdirilməsinə, universitetin respublika və
beynəlxalq miqyaslı idman yarışlarında uğurla təmsil
olunmasına şərait yaratmışdır.
Sonra voleybol yarışına start verildi. Naxçıvan Muxtar
Respublikasının Gənclər və İdman Nazirliyinin
təşkilatçılığı ilə keçirilən yarışda universitetin və
Ordubad rayonunun voleybol komandaları iştirak edirdi.
Gərgin mübarizə ilə yaddaqalan yarış "3:0" hesabı ilə
universitetin voleybol komandasının qələbəsi ilə
nəticələndi. Sonda yarışın qalibləri mükafatlandırıldı.
Yarış iştirakçıları adından çıxış edən tələbələr milli
idmanın inkişafında böyük rolu olan ümummilli liderin
anadan olmasının 90 illik yubileyinin qeyd olunduğu,
"Heydər Əliyev ili" elan olunan 2013-cü ildə belə bir
yarışda qələbə qazanmaqlarından qürur duyduqlarını
bildirdilər.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |