İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin
mükafatçıları olan əkiz qardaşlar
Əkizlər
Yaradanın bir möcüzəsidir. Əkiz övladların valideyni
olmaq isə həm də Tanrı tərəfindən mükafatlandırılmaq
deməkdir. Akademik Zərifə Əliyeva adına liseyin 11-ci
sinif şagirdləri Elxanla Orxanı anaları Gülarə xanımın
yanında görəndə "sanki bir almanı iki yerə bölüblər"
deyimini xatırladım. Bu əkiz qardaşları bir-birindən
ayırmaq çətindir. Əgər onları ayrı-ayrılıqda görsəydim,
eyni qardaşla görüşdüyümü zənn edərdim. Boyları bir,
görkəmləri bir, səsləri bir... Ürəyimdə: "Tanrı sizi
qorusun" - dedim. Söhbətə qardaşından cəmi bir neçə
dəqiqə böyük olan Elxanla başladıq:
Elxan: -
Mən, Məmmədov Elxan Elşən oğlu, 30 oktyabr 1996-cı ildə
Bakı şəhərində anadan olmuşam. Orxan mənim əkiz
qardaşımdır.
- Valideynləriniz hansı sənətin sahibidirlər?
Elxan: -
Atam hərbiçidir, anam isə kimyaçı. O, AMEA-da elmi işçi
vəzifəsində çalışır.
Bizdən böyük Turan adlı bir qardaşımız da var. O,
xarici ölkələrin birində əczaçılıq üzrə ali təhsil alır.
- İlk təhsil illəriniz?
Elxan: -
Biz birinci sinifdən dördüncü sinfi bitirənə kimi
Bakının Yasamal rayonundakı 153 nömrəli orta məktəbdə,
beşinci sinifdən doqquzuncu sinfə keçənə kimi isə İlyas
Əfəndiyev adına "Elitar" Gimnaziyada oxumuşuq.
Doqquzuncu sinifdən akademik Zərifə Əliyeva adına
liseydə təhsil alırıq. Hazırda 11-ci sinifdəyik.
- Məktəbdə hamı hər ikinizi nizam-intizamlı, tərbiyəli,
dərs əlaçısı, nümunəvi şagird kimi tanıyır. Sizin
başqalarından seçilməyiniz ailənizlə bağlıdır, yoxsa
məktəblə?
Orxan: -
Mənə elə gəlir ki, hər ikisi, yəni, ailə də, məktəb də
şagirdin təhsilində, dünyagörüşünün formalaşmasında
mühüm rol oynayır.
Elxan: -
Doqquzuncu sinfə qədər bizimlə evdə valideynlərimiz də
məşğul olurdular. İndi oxuduğumuz liseyə keçdikdən sonra
bizim dərslərimizlə ancaq məktəbin müəllimləri məşğul
olur.
- Heç "4" qiymət aldığınız vaxt olubmu?
Orxan: -
Doqquzuncu sinfə qədər bir, ya da iki dəfə olub. Onda da
özümüz- özümüzü danlamışıq ki, niyə belə oldu?
Elxan: -
Öz üzərimizdə işləməklə, daha ciddi çalışmaqla az bir
zamanda vəziyyəti düzəltmişik.
- Hansı müəllimin əməyi üzərinizdə daha çoxdur?
Elxan: -
Məktəb müəllimlərimizin hamısının əməyi üzərimizdə
böyükdür. Onları bir-birindən seçmək, fərqləndirmək
çətindir.
Orxan: -
Biz onuncu sinfə qədər şahmatla da məşğul olmuşuq. Elxan
və mən şahmat üzrə birinci dərəcəni qazanmışıq. Bizim
bir şahmat müəllimimiz vardı. O, şahmatın sirləri ilə
yanaşı, həm də həyatdakı çətin situasiyalardan necə
çıxmağı da bizə başa salırdı. Məsələn, hansısa şahmat
kombinasiyalarını həyatla bağlayır və düzgün yol
seçməyin qaydalarını öyrədirdi.
- Hansı ixtisas üzrə ali məktəbə gedəcəyinizi
müəyyənləşdirmisiniz?
Elxan: -
Biz artıq doqquzuncu sinifdən öz seçimimizi etmişik.
Hər ikimiz kompüter mühəndisi olmaq arzusundayıq.
Liseyimizdə hər bir ixtisas üzrə xüsusi qruplar
yaradılıb. Biz birinci ixtisas qrupunu seçdiyimiz üçün,
dərs prosesində də əsas texniki fənlərə üstünlük
verilir.
- Niyə məhz kompüter mühəndisi olmağı
qərarlaşdırmısınız?
Orxan: -
Hər şey atamızın biz birinci sinfə gedəndə evə kompüter
alıb gətirməsi ilə başladı. Biz kompüterdə necə
işləməyi, proqramlaşdırmanı, qrafikanı çox erkən
yaşlarımızda öyrəndik. Kompüterdə məşğul olduqca onun
necə "savadlı" olmasına təəccüblənməklə yanaşı, eyni
zamanda fikirləşirdik ki, hər halda, bu cihazın özü də
insan beyninin məhsuludur. Bizi kompüter mühəndisi olmaq
fikrinə məhz kompüterin özü yönəldib.
Elxan: -
Biz yalnız kompüter mühəndisliyini yox, digər sferalar
üzrə də mühəndisliyi bacarmaq arzusundayıq.
Orxan: -
Məsələn, neft üzrə mühəndisliyi də...
Elxan: -
Həyatda ən böyük arzum budur: Mən gələcəkdə elə bir
mütəxəssis olmaq istəyirəm ki, öz övladlarımı ən müasir
səviyyədə təmin edə bilim, onları cəmiyyət üçün
savadlı, layiqli bir vətəndaş kimi yetişdirə bilim. Elə
bir həyat yaşayım ki, heç bir zaman təəssüflənməyim.
- Şagirdin ən böyük vəzifəsi nədir?
Elxan: -
Mən belə hesab edirəm ki, dərslərini yüksək səviyyədə
oxumaq, olimpiadalarda, yarışlarda daha da böyük
nailiyyətlərə imza atmaq.
- Bildiyimə görə hər ikiniz ötən ilin may ayında
Amerikada beynəlxalq olimpiadada iştirak etmiş, oradan
mükafatla qayıtmısınız.
Orxan: -
İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF)
iştirak etmişik. Əvvəlcə respublika müsabiqəsində
birinci olduq.
2012-ci ilin fevral ayında keçirilmiş seçim turunda isə
bizi seçdilər ki, Amerikanın Pensilvaniya ştatının
Pitsburq şəhərinə gedib orada Azərbaycanı təmsil edək.
Elxan: -
2011-ci ildə Amerikada keçirilən olimpiadada Azərbaycan
müşahidəçi kimi iştirak etmişdi. Həmin müşahidəçilər
məktəbimizə gəlib olimpiada barədə bizi
məlumatlandırdılar. Bu məlumatlar bizi çox maraqlandırdı
və hazırlaşıb həmin bu müsabiqədə iştirak etməyi qərara
aldıq.
Orxan: -
Beləliklə, 2012-ci ilin may ayında biz Amerikaya getdik.
Müsabiqənin yekununda iki cür təltif vardı. Birinci
təltifdə, məsələn, mühəndislik üzrə kim fərqlənsə,
onlara tutaq ki, beş nəfərə birinci yer, beş nəfərə
ikinci yer, beş nəfərə də üçüncü yer verilirdi və s.
İkinci təltifdə isə hansısa kompaniyalardan
nümayəndələr bu müsabiqəyə gəlirdilər, baxırdılar
iştirakçıların layihəsinə, sual-cavab keçirirdilər,
əgər hər hansı bir layihə onları maraqlandırırdısa,
onlar layihənin müəllifinə priz, sertifikat və pul
mükafatı verirdilər. Təqdim etdiyimiz layihəyə görə,
Amerikanın Geofizika Araşdırmalar Cəmiyyəti bizi
sertifikatla və 1000 ABŞ dolları məbləğində pul ilə
mükafatlandırdılar. Bundan əlavə, bizi bu cəmiyyətə
gənc üzvlər kimi qəbul edib, üzvlük kitabçaları ilə də
təltif etdilər.
- Amerika ilə bağlı təəssüratlarınız?
Elxan: -
Biz ilk gün orada öz layihəmizi yerləşdirdik. Həmin
günün sonunda təntənəli bir görüş keçirildi. Bütün
iştirakçılar çox böyük bir konsert zalına dəvət
edilmişdi. Zalda hər bir iştirakçının təmsil etdiyi
ölkənin adı çəkilirdi. Respublikamız o müsabiqədə
birinci dəfə iştirak etdiyindən ilk dəfə Azərbaycanın
adı həmin görüşdə səsləndirildi. Görüşdən əvvəl
demişdilər ki, Azərbaycan haqqında bizə bir "poster"
çəkin. Biz o "posteri" çəkdik və bizi çox dostcasına
qarşıladılar.
- Qarşıda orta məktəbin buraxılış və ali məktəbin qəbul
imtahanları gəlir. Narahat deyilsiniz ki?
Elxan: -
Mən öz biliyimə arxayınam. Ona görə ki, doqquzuncu
sinifdən başlayaraq məktəbimizdə keçirilən bütün sınaq
imtahanlarında iştirak etmişəm və hər dəfə yüksək bal
toplamışam.
Orxan: -
Mən də həmçinin. Sınaq imtahanlarında bəzən Elxan məndən
20-30 bal artıq toplayıb, bəzən də mən Elxandan artıq
bal toplamışam.
- Adətən evdə dərslərinizə ayrı-ayrı hazırlaşırsınız,
yoxsa birlikdə?
Elxan: -
İkimiz də zalda otururuq, amma hərə öz dərsi ilə məşğul
olur. Təbii ki, qarşımıza sual çıxanda bir-birimizdən
soruşuruq. Çətinliyə düşəndə də bir-birimizə kömək
edirik.
- Orxan, bayaq Elxan ən böyük arzusundan söz açdı. Bəs
sənin arzuların?
Orxan: -
Mənim ən böyük arzum ali təhsil aldıqdan sonra böyük bir
korporasiya yaratmaq, ona rəhbərlik etməkdir. Bu gün isə
bizim əsas vəzifəmiz çalışmaq, yüksək göstəricilər əldə
etməkdir. Ancaq mən "məktəb-ev", "ev-məktəb"
prinsipinin də əleyhinəyəm. Şagird dərs oxumaqla yanaşı,
tam inkişaf etmiş, səviyyəli, dünyagörüşlü olmaq üçün
dərsdən sonra idmana, musiqiyə, şahmata və sairə lazımlı
sahələrə də vaxt ayırmalıdır.
- Sən özün hansısa dərnəyə getmisən?
Orxan: -
Bəli, yeddinci sinfə kimi radio dərnəyinə getmişəm,
onuncu sinfə qədər də şahmata...
- Dostlarınız eynidir, yoxsa hər kəsin öz ətrafı var?
Elxan: -
Biz üç qardaş, Turan, Orxan və mən bir-birimizin ən
yaxın dostlarıyıq. Arzumuz da, sevincimiz də birdir.
- Orxan, bəs sənin Amerikadakı təəssüratların?
Orxan: -
Orada birinci gün iki hissədən ibarət bir görüş
keçirildi. Məktəbimizin direktoru Məhəbbət xanım və
digər nümayəndələrimiz də yanımızda idi.
Biz oraya gələndə iştirakçı uşaqların bir-birilə tanış
olması çox maraqlı idi. Bir-birimizə öz ölkəmizin döş
nişanını, bayrağını, gerbini hədiyyə edirdik. Ən azı on
nəfərdən yeddisi Azərbaycanı tanıyırdı. Hesab edirəm ki,
biz orada ölkəmizi təmsil edib mükafatlandırıldıqdan
sonra Azərbaycan daha da çox tanındı.
- İstərsənmi xaricdə oxuyasan?
Orxan: -
Azərbaycanda təhsilin səviyyəsi məni qane edir. Ona görə
də istəyirəm ki, əvvəlcə Azərbaycanda seçdiyim ali
məktəbə daxil olum, sonra Avropada - skandinav
ölkələrindən birində, tutaq ki, Finlandiyada və yaxud
da Kanada dövlətində təhsilimi davam etdirim.
- Özünü o dövlətlərdə oxumağa hazır bilirsən?
Orxan: -
Bizim o dövlətlərdə oxuya bilməməyimiz üçün birinci
problem odur ki, oradakı ali məktəblərə 18 yaşından tez
tələbə qəbul etmirlər. Bizim isə 18 yaşımız orta məktəbi
bitirəndən hələ il yarım sonra tamam olacaq.
İkincisi, mən İnternetdə onların təhsil sistemi ilə
maraqlanmışam, hələ ki özümü onların proqramına tam
hazır hiss etmirəm. Ona görə də ilk ali təhsilimi öz
respublikamızda ala-ala, həm də gələcək məqsədlərimi
həyata keçirməkdən ötrü ciddi surətdə hazırlaşacağam.
Elxan: -
Yeri gəlmişkən, biz- Orxan da, mən də Kanadada oxumaq
üçün seçim turunda iştirak etmişik və tələb olunan qədər
bal toplayıb orada oxumaq üçün dəvətnamə də almışıq.
Ona görə də biz hər ikimiz xaricdə oxumaq üçün lazım
olan proqramlar üzrə indidən hazırlaşırıq.
- Ana dilimizdən başqa hansı dilləri bilirsiniz?
Orxan: -
Hər ikimiz rus və ingilis dillərini normal səviyyədə
bilirik.
- Bu dilləri öyrənmək üçün sizinlə xüsusi müəllimlər
məşğul olub?
Elxan: -
Xeyr. Biz hər iki xarici dili orta məktəbdə keçirilən
proqram əsasında öyrənmişik və bu sahədə öz üzərimizdə
də ciddi çalışmışıq.
Bayaqdan söhbətimizə diqqətlə qulaq asan Gülarə xanım
sonda öz ürək sözlərini dinləməyimi xahiş etdi. O, "Mən
kimyaçıyam. Amma aspiranturada təhsilimi neft-qaz üzrə
davam etdirmişəm. Hazırda texnika elmləri üzrə fəlsəfə
doktoruyam. Azərbaycanda bu gün təhsilin səviyyəsindən
çox razıyam. Bununla bərabər, akademik Zərifə Əliyeva
adına liseyin tədris səviyyəsini həm bir ana, həm də
bir elmi işçi kimi həqiqətən çox yüksəklərdə görürəm"
- dedi.
- Elxan, Orxan, sizin hər ikinizə ən böyük arzum odur
ki, dünyaya birlikdə gəldiyiniz kimi, təhsil və həyat
yollarında da həmişə birlikdə addımlayasınız. Bütün
arzularınıza çatasınız. Öz biliyinizlə, savadınızla
cəmiyyətimizə, xalqımıza, respublikamıza layiqli övlad
olasınız. Biz sizinlə fəxr edirik, biz sizə güvənirik,
Azərbaycanı kənarda tanıdan təhsilimizin istedadlı
nümayəndələri!
Beynəlxalq
Mendeleyev Olimpiadasının bürünc mükafatçısı
Beynəlxalq
müsabiqələr, olimpiadalar, müxtəlif elmi yarışlar
şagirdlərin bilik səviyyəsini yüksəldən, onlarda özünə
inam hissini artıran ən mühüm amillərdəndir. Bu günlərdə
yolumu Bakı Dövlət Universitetinin nəzdində 2007-ci
ildə yaradılan "Gənc istedadlar" liseyindən saldım.
Öyrəndim ki, liseydə təhsil alan şagirdlər 2008-ci ildən
indiyə kimi hər il respublika fənn olimpiadalarında
iştirak edirlər. Olimpiada qalibləri barədə liseyin
direktoru Qasım Hüseynov, direktor müavinləri Cabbar
müəllim və Məleykə xanım ağızdolusu danışdılar. Bu
yazıda liseyin olimpiada qalibləri olan iki şagirdini
oxucularımızla tanış edəcəyik.
Quluzadə Sona Adəm qızı 2011-2012-ci illərdə kimya fənni
üzrə Respublika fənn olimpiadasında birinci yeri
qazanıb.
Bilik yarışlarında əldə etdiyi yüksək nəticəyə görə
Qazaxıstanın Astana şəhərində keçirilən Beynəlxalq
Mendeleyev Olimpiadasında iştirak etmək hüququ qazanıb
və həmin olimpiadadan üçüncü mükafatçı kimi qayıdıb.
Dərs əlaçısıdır. İngilis və rus dillərini sərbəst bilir.
Sonanın söhbətini dinləyirəm:
1996-cı il fevralın 23-də Bakı şəhərində anadan
olmuşam.
Yeddinci sinifdən təhsilimi "Gənc istedadlar" liseyində
davam etdirirəm. Onu da deyim ki, məktəbə getdiyim ilk
gündən bütün fənləri sevə-sevə oxumuşam. Doqquzuncu
sinfə keçəndən sonra isə kimyaya daha çox diqqət
göstərirəm. Çünki mən ixtisas fənni kimi kimya elmini
seçmişəm.
Ona görə digər dərslərimi də yüksək səviyyədə oxumaq
şərti ilə kimya fənni ilə daha ciddi məşğul olmağa
başlamışam. Kimya elminə dərindən bələd olduqca, o,
daha çox xoşuma gəlir. Bu elmin sirlərinə vaqif olduqca
onun nə qədər maraqlı və gərəkli olduğunu görürəm...
Kimya dərsinə məhəbbət mənə daha çox ailəmizdən
gəlib. Mənim atam da kimyaçıdır. Özümdən böyük iki
qardaşım var. Onlardan biri məktəbdə oxuyanda kimya üzrə
keçirilən olimpiadada qalib olmuşdu. Qardaşımın uğuru
məndə həm böyük sevinc oyatmışdı, həm də kimya elminə
olan diqqətimi daha da artırmışdı. Elə həmin amil mənim
ixtisas seçimimi müəyyənləşdirdi. Kimya dərslərinə daha
çox vaxt ayırmağa başladım.
Qardaşım da məndən köməyini əsirgəmədi. O, mənə
kimyadan bilmədiklərimi həm yorulmadan başa saldı,
izah etdi, öyrətdi, həm də olimpiadalarda iştirak
etməyin mahiyyətini açıqlayıb məni də iştirakçı olmağa
ruhlandırdı.
Beləliklə, dərslərimi arxa plana keçirməməklə,
olimpiadalara da hazırlaşmağa başladım.
İki il - 2011 və 2012-ci illərdə keçirilən respublika
fənn olimpiadalarında kimya fənni üzrə birinci yer
qazandım. Əldə etdiyim yüksək nəticəyə görə 2012-ci ilin
aprel ayında Qazaxıstanın Astana şəhərində keçirilən
Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək
hüququ qazandım. Beynəlxalq olimpiadalarda iştirak
etmək ən böyük arzum idi. Mən həmin beynəlxalq
müsabiqədə üçüncü mükafatçı oldum.
Məktəbimizdə kimya dərsi deyən Xamməd Əsədovun
olimpiadada qalib gəlməyimdə əvəzsiz rolunu xüsusi qeyd
etmək istəyirəm. O, seçdiyim ixtisas üzrə müəllimim
olmaqla yanaşı, həm də məni olimpiadaya hazırlaşdırdı.
Xamməd müəllim kimya fənnini o qədər maraqlı və
səviyyəli keçir ki, biz şagirdlər tənəffüs vaxtının
necə tez gəlib çatdığına təəccüb edirik.
Mendeleyev olimpiadasına ilk hazırlaşmağa başladığım
dövrdə bu hazırlıq prosesinin özü mənim üçün çox
maraqlı idi. Çünki kitabdan, məktəb kursundan
öyrəndiklərimiz dərslik proqramı həcmində idi. Təbii
ki, dərs proqramı ilə olimpiadada tətbiq olunan
proqramın arasında müəyyən fərqlər vardı. Mən həm
müəllimimin, həm də qardaşımın köməyi ilə kimyanın
dərinliklərinə vardıqca, bu elmin sırf həyatla, ətraf
mühitlə, insanın özü ilə nə qədər sıx bağlı olduğunu
dərk edirdim. Kimya üzrə olimpiada turlarının həm də bir
başqa sirli aləmi də var. Bir sualın cavabını tapmaq
üçün bir mənbəni axtarırsan. Sonra o mənbədən keçid
edirsən başqa bir mənbəyə, zəncirvari bir proses alınır.
Mən beynəlxalq olimpiadaya cəmi bir il hazırlaşdım və
qalib oldum. Olimpiada başlanarkən ilk dəqiqələrim çox
həyəcanlı keçdi. Sonra özümü ələ alıb soyuqqanlı olmağa
çalışdım. Səbrlə, təmkinlə olimpiadanın tapşırıqlarını
diqqətlə yerinə yetirməyə başladım. Olimpiada iki
hissədən - həm nəzəri turdan, həm də eksperimental
turdan ibarət idi.
Üçüncü mükafatçı kimi öz adımı qaliblərin sırasında
eşitdiyim an sevincim yerə-göyə sığmırdı.
Mənim ən böyük arzum bilirsiniz, nədir?
Kimya üzrə elə kəşflərə, elə ixtiralara imza atım ki,
sonunda Nobel mükafatçısı olum.
Liseyi bitirdikdən sonra Amerikada - Massaçusets
Texnologiya İnstitutunda oxumaq, ali təhsil aldıqdan
sonra isə yenə də vətənə qayıtmaq, respublikamızın daha
da irəliləməsi yolunda öz bacarığımı əsirgəməmək
niyyətindəyəm.
Bizim liseydə savadlı, bilikli uşaqlar çoxdur. Mən
istərdim ki, liseyimizin, o cümlədən bütün ümumtəhsil
məktəblərimizin şagirdləri, həm Azərbaycanda, həm də
respublikamızdan kənarda keçirilən müxtəlif bilik
yarışmalarında yaxından iştirak etsinlər. Çünki məhz
belə yarışlar şagirdlərin bilik və bacarıqlarını daha
qabarıq üzə çıxarır, onlarda özlərinə inam hissini
formalaşdırır.
Respublika fənn olimpiadasının qalibi
Abbasova
Nərmin Bəxtiyar qızı 2012-ci ildə keçirilən respublika
fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni
üzrə birinci yer qazanıb.
Nərminin
ürək sözləri:
1996-cı il yanvarın 10-da Naxçıvan şəhərində
doğulmuşam. Ailədə uşaqlardan böyüyü mənəm. Məndən kiçik
bir bacım, bir də qardaşım var.
Mən birinci sinifdən yeddinci sinfə kimi Bakının
Nərimanov rayonundakı 193 nömrəli orta məktəbdə
oxumuşam. Yeddinci sinifdən burada- BDU-nun nəzdində
açılan "Gənc istedadlar" liseyində təhsil alıram. Bu
məktəbə keçəndə əvvəlcə dərslər bir qədər mənə çətin
göründü. Sonra rejimə uyğunlaşdım.
Müəllimlərimiz həddən artıq qayğıkeş, eyni zamanda
tələbkardırlar. Bu, mənim üçün çox önəmli xüsusiyyətdir.
Çünki şagird nə qədər bacarıqlı olsa da, gərək müəllim
də şagirdin ürəyini ələ almağı, onun diqqətini özündə
cəmləşdirməyi bacarsın. Eyni zamanda bunu da düşünürəm
ki, müəllimlərimiz bizə can yandırdıqları kimi, biz
şagirdlər də göstərilən etimadı doğrultmalı,
dərslərimizə ciddi yanaşmalı, öyrənməyə hər zaman səy
göstərməliyik.
Ümumiyyətlə, liseydə bizə dərs deyən müəllimlərimizdən
çox razıyam.
Hazırda 11-ci sinifdə oxuyuram. Arzum ali məktəbə qəbul
olmaq, hüquqşünas ixtisasına yiyələnməkdir. Ona görə
hüquqşünas olmaq istəyirəm ki, insanlar arasında
ədalətsizlik, haqsızlıq olmasın, hamı bir-birinin
hüququna hörmətlə yanaşsın, hər zaman həqiqət zəfər
çalsın.
Biz şagirdlərin daha da fəal olmağımızda müsabiqələrin,
yarışların, olimpiadaların rolu əvəzsizdir. 2010-cu ildə
ingilis dili üzrə olimpiadada iştirak etdim, ikinci yerə
çıxdım.
2012-ci ildə keçirilən Respublika fənn olimpiadasında
Azərbaycan dili və ədəbiyyat fənni üzrə birinci yerə
çıxmışam. Eyni zamanda, həmin il ulu öndər Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə
keçirilən inşa yazı müsabiqəsinin qalibi olmuşam. Mən
müsabiqənin qalibi kimi diplomla, 200 manat pulla və
Bakıda keçirilən "Eurovision" mahnı yarışmasına bir ədəd
biletlə mükafatlandırıldım.
Olimpiadalarda elə yüksək yerlər tutanda hər dəfə
özümə güvəncim artır.
Mənim uğurlarıma həmişə ən çox sevinən atamın anası
Həsrət nənəm dir. Çünki nənəm özü ibtidai sinif müəllimi
işləyib, nənəm mənə ilk qələm tutmağı, hələ birinci
sinfə getməmişdən xeyli əvvəl oxumağı, yazmağı
öyrətmişdi.
İndi ən ümdə məqsədim ali məktəbə Naxçıvanda qəbul
olmaqdır. Mənə qələm tutmağı, yazıb-oxumağı öyrədən
nənəmin yanında qalıb, ali məktəbdə oxumaqdan gözəl nə
ola bilər?
Mən Azərbaycan Respublikasının gənc vətəndaşı kimi
bugünkü təhsilimizin səviyyəsindən çox razıyam.
Dərslərimizin çətinləşməsi heç vaxt məni qorxutmur. Hər
zaman özümü doğrultmağa çalışıram.
Uşaq vaxtlarımda bir müddət üzgüçülüklə məşğul olmuşam.
Amma indi vaxtımın demək olar ki, çox böyük hissəsini
dərslərimə və mütaliəmə həsr edirəm. Son oxuduğum kitab
"Qızılbaşlar" olub. Bu kitab məndə tariximizə məhəbbət,
maraq, həmçinin vətəndaşlıq duyğuları oyatdı.
Bu gün torpaqlarımızın 20 faizindən çoxu erməni işğalı
altındadır. Hər zaman ürəyimdə torpaqlarımızı azad
edəcəyimiz günün arzusu ilə yaşayıram. Torpaqları
geriyə almaq üçünsə, bizdən təkcə güc və zor deyil,
həm də savad, bilik və səviyyə tələb olunur.
Səhifəni hazırladı: Ellada UMUDLU |