Fevralın
12-də Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli
məktəb-liseydə "İnformatika - dünən, bu gün, sabah"
mövzusunda tədbir keçirildi. Məktəbin informatika
müəllimi Lumu Həsənovanın təşkil etdiyi tədbirin əsas
məqsədi informasiya-kommunikasiya texnologiyalarının
(İKT) inkişaf mərhələlərini göstərmək, bu haqda
şagirdlərə geniş məlumat vermək idi.
Tədbir Azərbaycanın Dövlət himninin ifası ilə başladı.
Sonra görkəmli alim Lütfi Zadə, eləcə də kompüter
avtomatikası, ENİAC (Elektronik Numerical İnteqrator -
Elektron Rəqəmli İnteqrator və Hesablayıcı), WIFI-lı
lampalar haqqında maraqlı məlumatlar slaydlar vasitəsi
ilə iştirakçıların diqqətinə çatdırıldı. Kompüterə aid
atalar sözləri və aforizmlər səsləndirildi.
Tədbir boyu şagirdlər səhnəciklərlə keçmişə və gələcəyə
səyahət edərək obrazlı şəkildə keçmişlə gələcək arasında
körpü yaratdılar. Şagirdlər İKT-nin keçdiyi inkişaf
mərhələlərini göstərməklə yanaşı, gələcəkdə hansı
inkişaf səviyyəsinə yüksələcəyini də çox maraqlı formada
nümayiş etdirib tamaşaçıların alqışını qazandılar.
Tədbirdə habelə şagirdlərin ifasında dilbər guşəmiz olan
Qarabağ, vətənimiz Azərbaycan və Bakı haqqında mahnılar
səsləndi. Gecənin sonunda məktəbin direktoru Sabir
Məmişov 2013-cü ilin ölkəmizdə "İKT ili" elan
olunduğunu, bu baxımdan tədbirin mühüm əhəmiyyət kəsb
etdiyini söylədi, tədbirin təşkilatçısı Lumu müəllimə və
şagirdlərə təşəkkürünü bildirdi.
Sonda onu da bildirək ki, informatika müəllimi Lumu
Həsənova iki ildir ki, məktəb-liseyimizdə işləyir. Gənc
olsa da bu müddət ərzində məktəbdə özünü yaxşı müəllim
kimi göstərə bilib. O, tez-tez informatikadan "açıq
dərs"lər keçir, maraqlı tədbirlər təşkil edir. Zəngin
təxəyyülə malik Lumu Həsənova yaradıcı, qabiliyyətli və
yeniliyə meyilli müəllimdir. Arzu edirəm ki,
məktəblərimizdə belə müəllimlərimizin sayı çox olsun.
Sevinc QOCAYEVA,
Bakıdakı 20 nömrəli məktəb-liseyin dil-ədəbiyyat
müəllimi |