Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
keçirilən "1 şagird - 1 kompüter" müsabiqəsinin finalına
vəsiqə qazanan 30 müəllim şagirdləri üçün nəzərdə
tutulmuş 200 netbuka iddia edir. Azərbaycanın təhsil
sistemində ilk dəfə olaraq təhsilin
informasiyalaşdırılması üzrə texniki avadanlıq
paylaşdırma yolu ilə deyil, müsabiqə yolu ilə
veriləcəkdir. Qalib gəlmək iddiasında olan 30 müəllim öz
layihəsi ilə ekspert qrupu qarşısında təqdimat
edəcəkdir.
Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin
formalaşması, "1 şagird - 1 kompüter" layihəsi
çərçivəsində netbukların daha səmərəli istifadəsinə
hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.
Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir
sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq.
Hər bir qalib müəllim işlədiyi sinifdə şagirdlərin sayı
qədər netbuk alacaqdır.
Müsabiqədə iştirak üçün 140 müəllimin layihəsi qəbul
edilmişdir. Ekspert qrupu tərəfindən qiymətləndirilən
layihələrdə meyar kimi layihənin tədris məqsədləri üçün
praktik əhəmiyyəti, metodik baxımdan işlənmə səviyyəsi,
materialların texniki-texnoloji cəhətdən rahat, aydın və
anlaşıqlı təsviri nəzərə alınır. Müsabiqə üzrə
məlumatlar www.musabiqe.edu.az veb səhifəsində
yerləşdirilmişdir.
Xatırladaq ki, məktəblərə netbukların verilməsinin
müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil
sistemində ilk təcrübədir. Bu format "1 şagird - 1
kompüter" layihəsi çərçivəsində texnologiyalara daha
böyük maraq göstərən təhsil müəssisəsinə netbukların
verilməsini nəzərdə tutur və müəllimləri İKT
biliklərinin tədrisdə istifadəsi üçün
motivasiyalaşdırır. "1 şagird - 1 kompüter" layihəsi
çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün
Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar
vermişdir. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər
texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə
verilməsi istisna deyil.
İndiyədək "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində
Azərbaycanın 15 ümumi təhsil müəssisəsinə təmənnasız
olaraq 2077 netbuk verilmişdir. Şagirdlər bu
netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər.
Netbuklar həmçinin təhlükəsiz İnternet paketi ilə təchiz
olunmuşdur.
Hicran ƏKBƏROVA |