Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

"Uşaqları qoruyun, dünyanı qoruyun"

 

Martın 1-də Bakıdakı 42 nömrəli tam orta məktəbdə "ingilis dili fənn  aylığı"na həsr olunmuş "Uşaqları qoruyun, dünyanı qoruyun" adlı tədbir keçirildi.  Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri,  Nəsimi rayonunda yerləşən ümumi təhsil məktəblərinin direktorları və digər qonaqlar iştirak edirdilər.

Məktəbin direktoru Firəngiz Həmidova qonaqlara tədbirin mahiyyəti barədə məlumat verərək bildirdi ki, fevral ayı məktəbin fəaliyyət planına "ingilis dili  fənn aylığı" kimi daxil olub. Bu məqsədlə VII-VIII siniflərdə ingilis dili müəllimlərinin "açıq dərs"ləri keçirilib. Əvvəlcə qonaqlar VIII "c" sinfində ingilis dili müəllimi Nabat Əyyubovanın "açıq dərs"ini dinlədilər.  "Açıq dərs"in mövzusu filmlərə həsr olunmuşdu.  Şagirdlər iki qrupa bölünmüşdü.  Dərsdə şagirdlərə  Azərbaycan filmlərindən "Dədə Qorqud", "Ulduz", "Əhməd haradadır?", "Dəli Kür", "Şərikli çörək", "Koroğlu", "Nəsimi", "Uşaqlığın son gecəsi",  "Sehirli xalat" və başqalarına aid suallar verildi.  Şagirdlər xarici ölkələrdə istehsal olunmuş  filmlər, bu filmlərin rejissorları və ulduzları haqqında sualları da cavablandırdılar. Filmlər haqqında slaydlar göstərildikdən sonra aktyorların şəkilləri, oynadıqları obrazlara aid  testlər paylandı. Qrupların verdiyi cavablar qonaqlar tərəfindən qiymətləndirildi. Onlar dərsdə müasir təlim metodlarından geniş istifadə olunduğunu, şagirdlərin aktivliyini və müəllimin qabaqcıl iş təcrübəsini bəyəndiklərini qeyd etdilər. Sonra tədbir ingilis dilində akt zalında davam etdi. Azərbaycanın və Böyük Britaniyanın Dövlət himnləri ifa olundu. Tədbirdə şagirdlər ingilis dilində səlis danışırdılar. Aparıcılar qonaqları salamlayıb tədbiri açıq elan etdilər. İngilis dilində qruplar arasında bilik yarışı keçirildi. Şagirdlər bir-birindən maraqlı rəqs nömrələri ifa etdilər, şeirlər söylədilər. "Uşaqları sevin" adlı səhnəcik göstərdilər və qonaqlara broşüralar payladılar.

Tədbirdə çıxış  edən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova qeyd etdi ki,  42 nömrəli tam orta məktəbdə kimsəsiz uşaqlara yardım məqsədilə görülən işlər artıq ənənəyə çevrilib. O, martın 1-də keçirilən bu tədbiri də  yüksək qiymətləndirərək  məktəb kollektivinə direktorlar adından təşəkkürünü bildirdi.    

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov