Martın
1-də Azərbaycan Müəllimlər İnstitutunda 1 mart -
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş elmi-praktik
seminar keçirildi. Tədbiri giriş sözü ilə açan
institutun tədris işləri üzrə prorektoru, dosent Razim
Məmmədov bildirdi ki, müasir dövrdə insanların
təhlükəsizliyinin təminatı çox mühüm əhəmiyyət kəsb
edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin yaradılması
ölkəmizdə bu sahəyə xüsusi diqqətin göstəricisidir.
Bildirildi ki, AMİ-nin mülki müdafiə, tibbi biliklərin
əsasları və fiziki tərbiyə kafedrasının əməkdaşları
mülki müdafiənin əhatə etdiyi mövzuları tələbələrimizə,
eləcə də ixtisasartırma təhsilinə cəlb edilmiş
müdavimlərə tədris edirlər.
Qeyd olundu ki, institutun rektoru, Milli Məclisin
deputatı, professor Aqiyə Naxçıvanlının xüsusi diqqət və
qayğısı ilə AMİ-də mülki müdafiəyə dair təlimlərin
keçirilməsi üçün "Fəlakət riskinin azaldılması üzrə
təlim və resurs mərkəzi" yaradılmışdır, eyni zamanda
institutda fiziki tərbiyə dərslərinin keçirilməsi
məqsədilə çox gözəl idman zalı, tibb məntəqəsi fəaliyyət
göstərir.
Mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki
tərbiyə kafedrasının müdiri, professor Hənifə Qurbanov
mülki müdafiənin yaranmasından və onun əhəmiyyətindən
bəhs edərək bildirdi ki, 1972-ci ildən etibarən
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin
qərarı ilə hər il martın 1-i Ümumdünya Mülki Müdafiə
günü bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd
olunur. Azərbaycan Respublikasının 1993-cü ildən daxil
olduğu bu təşkilata üzv olan dövlətlərdə keçirilən
tədbirlərin builki mövzusu "Mülki müdafiə və əhalinin
fəlakət riskinin qarşısının alınmasına hazırlığı"
adlanır.
Baş müəllim Faiq Manafov "Mülki müdafiə və onun
vəzifələri" mövzusunda çıxış etdi, çox vacib və aktual
problem olan mülki müdafiənin təşkili və idarə
olunmasından danışdı, təbii fəlakətlər haqqında dünya
statistikasından məlumatlar çatdırdı, fövqəladə hallar
haqqında videoçarx təqdim etdi.
Baş müəllim Həsən Əliyev "İlk tibbi yardım aparılması"
mövzusunda çıxış edərək bildirdi ki, düzgün və vaxtında
göstərilən ilk tibbi yardımdan insanın həyatı,
sağlamlığı və sonrakı müalicəsinin səmərəliliyi
asılıdır. Bədbəxt hadisələr və qəfləti xəstəliklər
nəticəsində yaranan vəziyyətdə xəstənin həyatı ətrafdakı
insanlardan asılı olur.
Mülki müdafiə üzrə mühəndis Teymur Qurbanov "Mülki
müdafiə və əhalinin fəlakət riskinin qarşısının
alınmasına hazırlığı" mövzusunda çıxış etdi, Beynəlxalq
Mülki Müdafiə Təşkilatının yaranma tarixindən, ölkəmizdə
mülki müdafiə ilə bağlı qəbul edilmiş qanunlardan,
Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən danışdı.
Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin I
kurs tələbəsi Aytac Gərayzadə ilk tibbi yardım haqqında
videoçarx təqdim edərək bədbəxt hadisələr zamanı süni
nəfəsvermə, qanaxmaların dayandırılması, yumşaq
sarğıların qoyulma üsulları, sınıqlar və çıxıqları olan
insanlara ilk tibbi yardım tədbirlərindən bəhs etdi.
Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru |