Azərbaycan
Dillər Universitetinin İnformasiya Resurs Kompleksində
Folklor mərkəzinin müdiri Rəna Salehovanın
təşkilatçılığı ilə "Milli-mədəni irsimizi qoruyaq" adlı
ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə Zəngilan
orta məktəbinin şagirdlərinin, bacarıqlı xanımların
özlərinin düzəltdikləri, Azərbaycanın milli, qədim
atributlarını əks etdirən əl işləri nümayiş olundu.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor
Səməd Seyidov bu sərginin təşkilində əməyi keçən hər
kəsə təşəkkürünü bildirdi. Rektor qeyd etdi ki,
Azərbaycanda bu işlə maraqlanan insanların cəlb
olunmasında, istedadlı insanların əl işlərini təqdim
etməsində İRK-nın müdiri Şəhla Xudiyeva və mərkəzin
müdiri Rəna Salehovanın böyük rolu vardır.
Daha sonra Rəna Salehova çıxışında ənənəvi əl işləri
sərgisinin artıq altıncı dəfə keçirildiyini dedi. O,
sərginin 2009-cu ildən etibarən hər il 8 mart və Novruz
bayramı ərəfələrində baş tutduğunu və milli-mədəni irsi
qorumaq, istedadlı insanları üzə çıxarmaq və onlar üçün
imkanlar yaratmaq məqsədi daşıdığını xatırlatdı.
R.Salehova təşkil olunmuş sərginin təhsilə də böyük
töhfəsi olduğunu qeyd etdi.
Daha sonra universitetin məzunu, Milli Məclisin deputatı
Cavanşir Feyziyevə söz verildi. O, ADU-nun həmişə bir
çox təşəbbüslərin novatoru olduğunu söylədi.
Daha sonra "Zirvə" Ziyalılar Təşkilatının sədri, rəssam
Minayə Dəyanət Azərbaycan xalqının milli mənəvi,
mədəniyyət, incəsənətinin qorunması, təbliğatı və
inkişafı yolunda hər il Azərbaycan Dillər
Universitetinin kollektivi tərəfindən yüksək səviyyədə
təşkil olunmuş qadın sənətkarlarının əl işlərindən
ibarət sərgilərdə göstərdikləri müstəsna xidmətlərinə
görə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor
Səməd Seyidova, ADU-nun İnformasiya Resurs Kompleksinin
direktoru Şəhla Xudiyevaya, İRK-nın Folklor mərkəzinin
direktoru Rəna Salehovaya diplom təqdim etdi.
Daha sonra qonaqlar sərgidə nümayiş olunan əl işləri ilə
tanış oldular.
Qeyd edək ki, sərgidə müxtəlif materiallardan
hazırlanmış əl işləri olan bəzək əşyaları, rəsmlər,
milli geyimlər, çantalar, suvenir xalçalar və s. nümayiş
olundu.
ADU-nun Mətbuat xidməti |