Fevralın 28-də Təhsil Nazirliyində Akkreditasiya
Şurasının növbəti iclası keçirilib. Təhsil naziri Misir
Mərdanov iclası giriş sözü ilə açaraq Qax Peşə Liseyi,
Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbi və Gəncə 1
nömrəli Peşə Liseyinin akkreditasiyasının nəticələrinin
müzakirə olunacağını bildirib.
Qax Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri
barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya
Komissiyasının sədri Şərif Hacıyev təqdimat-məruzəsində
bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini
bildirib. Ş.Hacıyev Qax Peşə Liseyində müvafiq
ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin
şagird kontingenti, məzunların işlə təminatı,
akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və
digər bu kimi məsələlərdən söz açıb.
Zaqatala Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının
sədri Şahin Bəylərov təqdimat-məruzəsində qeyd olunan
müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə
çatdırıb. Ş.Bəylərov Zaqatala Peşə Məktəbinin fəaliyyət
istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti,
mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında
danışıb, habelə liseyin fəaliyyətinin statusuna
uyğunluğu göstəricilərini qeyd edib.
Ağdam Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının
sədri Vidadi Quliyev təqdimat-məruzəsində liseyin
fəaliyyəti, maddi-texniki bazası, tədrisin təşkili,
ümumilikdə akkreditasiyanın nəticələri barədə məlumat
verib. V.Quliyev Ağdam Peşə Məktəbində çalışan mühəndis-pedaqoji
heyət, məzunların ixtisasları üzrə işlə təmin olunması
vəziyyəti və digər göstəricilərindən söz açıb.
Gəncə 1 nömrəli Peşə Liseyində aparılmış araşdırmaya
dair geniş məlumat verən həmin müəssisə üzrə
Akkreditasiya Komissiyasının sədri Sahib Rüstəmov
akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud
vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı
və digər məsələlərdən danışıb. S.Rüstəmov təhsil
müəssisəsinin maddi-texniki bazasının zəif olması,
istehsalat təcrübəsinin müəyyənləşdirilmiş meyarlara
uyğun təşkil edilməməsi və digər bu kimi çatışmazlıqlara
görə Gəncə 1 nömrəli Peşə Liseyinin müvafiq
ixtisaslarının akkreditə olunmadığını nəzərə çatdırıb.
Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə
aparılmış akkreditasiyanın nəticələri barədə iclas
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb,
bir sıra təkliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov peşə təhsili
müəssisələrində aparılmış akkreditasiyanın nəticələri
ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və
tapşırıqlarını verib.
İclasda Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam
Peşə Məktəbinin fəaliyyətinin "kafi" qiymətləndirilərək
müvafiq ixtisaslarının akkreditə olunması, Gəncə 1
nömrəli Peşə Liseyinin fəaliyyətinin "qeyri-kafi"
qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə
olunmaması barədə qərar qəbul edilib. |