Rusiyanın
Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ofisində Heydər
Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla
Əliyevanın Rusiya Gəncləri İctimai Palatasının,
Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının,
Gənclərin İşləri üzrə Federal Agentliyin və "Sodrujestvo"
Beynəlxalq Gənclər İctimai Təşkilatının üzvləri ilə
görüşü olmuşdur.
RAGB-ın İdarə heyətinin üzvü Emin Hacıyev AzərTAc-ın
müxbirinə bildirmişdir ki, görüşdə gənclərlə iş
sahəsində bir sıra birgə təşəbbüslər, cari və perspektiv
layihələr müzakirə edilmişdir.
Leyla Əliyeva görüş iştirakçılarını və onların təmsil
etdikləri təşkilatları Azərbaycan Gənclər və İdman
Nazirliyinin xətti ilə keçirilən beynəlxalq layihələrə
fəal qoşulmağa dəvət etmişdir. Görüşdə bu da
vurğulanmışdır ki, Azərbaycan Prezidenti yanında
yaradılmış Gənclər Fondu həm hüquqi, həm də fiziki
şəxslərə qrantlar ayırır. Leyla xanım qeyd etmişdir ki,
əcnəbilər üçün ayrıca kateqoriyalı qrantlar nəzərdə
tutulmuşdur. Azərbaycanla bağlı layihələrin maliyyə
dəstəyi almağa daha çox şansı vardır.
Rusiyanın Gənclər və Uşaq Birlikləri Milli Şurasının
sədri Qriqori Petuşkov RAGB-la əməkdaşlığın davam
etdirilməsinə və qarşılıqlı fəaliyyətin
genişləndirilməsinə böyük maraq göstərildiyini təsdiq
etmişdir. O, III Rusiya-Azərbaycan Gənclər Forumunun
2013-cü ildə Rusiyada keçirilməsinə, RAGB-ın Milli
Şuranın digər üzv təşkilatları ilə əməkdaşlığının
inkişafına, iki ölkənin mədəniyyət, idman və təhsil
layihələrində gənclərin geniş iştirakına hər iki tərəfin
maraq göstərdiyini vurğulamışdır.
Görüşdə Rusiya Gəncləri İctimai Palatasının üzvü Aleksey
Karpenko ilə Rusiyanın tanınmış yazıçı və şairlərinin
kitablarının Azərbaycan məktəblərində, Azərbaycanın
tanınmış yazıçı və şairlərinin kitablarının Rusiya
məktəblərində yayılması üzrə layihənin bərpa edilməsi
barədə razılaşma əldə olunmuşdur. A.Karpenko Leyla
xanımı bu ilin avqustunda Avstriyanın Alpbax şəhərində
keçiriləcək Avropa Forumuna dəvət etmişdir.
Leyla Əliyeva kitab mübadiləsi ideyasını dəstəkləyərək
əlavə etmişdir ki, belə layihələr daim həyata
keçirilməlidir. Uşaq yazıçılarının həvəsləndirilməsinin,
kitabların müxtəlif dillərə tərcümə olunmasının və iki
ölkənin yazıçılarının görüşlərinin təşkil edilməsinin
əhəmiyyətli olduğunu vurğulayan Leyla xanım demişdir: "Azərbaycan
tərəfi Rusiyanın məktəb və universitetlərinə ədəbiyyat,
o cümlədən Nizami, Füzuli, Səməd Vurğun və başqa
Azərbaycan yazıçı və şairlərinin əsərlərindən ibarət
məcmuələri təqdim etməyə hazırdır".
Gənclərin İşləri üzrə Federal Agentliyin (GİFA) rəhbəri
Sergey Belokonev gənclərlə iş sahəsində birgə
layihələrin həyata keçirilməsinə maraq göstərmişdir.
Belə layihələrdən biri Azərbaycan ərazisindən də keçəcək
avtoyürüşün ən qısa vaxtda təşkil edilməsi və
keçirilməsi olacaqdır. Bundan əlavə, GİFA-nın təşkil
etdiyi beynəlxalq layihələrdə Azərbaycan gənclərinin
iştirak etməsi barədə ilkin razılaşma əldə olunmuşdur.
Görüşün sonunda S.Belokonev iki ölkənin ərazisində
həyata keçirilməsi nəzərdə tutulan birgə tədbirlər
planının işlənib hazırlanmasını və təsdiq olunmasını
təklif etmişdir.
"Sodrujestvo" Beynəlxalq Gənclər İctimai Təşkilatının
(BGİT) icraçı direktoru Maqomed Əliyev RAGB,
Azərbaycanın Gənclər və İdman Nazirliyi və ictimai
qurumları ilə əməkdaşlığa yekun vuraraq bildirmişdir ki,
Azərbaycan gəncləri "Sodrujestvo"nun bütün tədbirlərində
bilavasitə və çox fəal iştirak edir, bu və ya digər
istiqamətdə işin yekunlarına dair əla nəticələr nümayiş
etdirirlər. O, artıq həyata keçirilmiş layihə və
proqramlar arasında MDB ölkələrinin gənc deputatları və
liderləri üçün AŞPA sessiyaları çərçivəsində silsilə
seminarları, MDB Parlamentlərarası Assambleyasının
sessiyası çərçivəsində seminarı, "Tələbə baharı"
Beynəlxalq Festivalını (onun keçirilməsi ənənəsini
Azərbaycan bərpa etmişdir) "Birlik gəncləri günləri"
Beynəlxalq Forumunu, "Gənc nəsil - sərhədsiz həyat"
Humanitar Forumunu, "Seliger" Forumu çərçivəsində "Biz
MDB-nin gələcəyiyik!" Gənclər növbəsini, Birliyin
gənclər sessiyalarını və s. qeyd etmişdir.
M.Əliyev bu il "Sodrujestvo"nun və onun Azərbaycandakı
milli bölməsinin dövlət hakimiyyəti orqanlarının dəstəyi
ilə, RAGB və digər ictimai təşkilatlarla əməkdaşlıq
şəraitində həyata keçirəcəyi layihələrdən danışmışdır.
Onların arasında təhsil sahəsində "Blits Sodrujestvo"
silsilə seminarları, Birlik ölkələrinin ictimai
diplomatik korpusu, "Sodrujestvo" Beynəlxalq Xristian və
Müsəlman Gənclər Forumu, "Sodrujestvo"nun gənc
bloqqerlərinin dağ məktəbi, "Birlik gəncləri günləri"
Beynəlxalq Forumu, "Sodrujestvo qəhrəmanları" forumu
kimi layihələr vardır. Bundan əlavə, KİV-lər sahəsində
əməkdaşlıq təklif edilmişdir. Birliyin regional
informasiya tərəfdaşı olan "Region onlayn" birgə
fəaliyyətin informasiya dəstəyi sahəsində birgə
ideyaların həyata keçirilməsi üçün öz platformasını
təqdim etməyə hazırdır.
M.Əliyev gənclərin təşəbbüslərini fəal surətdə
dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını
bildirərək demişdir ki, martın 9-da ölkəmizə gələcəkdir.
Həmin günlər Azərbaycanda "Sodrujestvo" BGİT və onun
Azərbaycandakı milli bölməsi ilə "Blits Sodrujestvo.
Bakı" mövzusunda təhsil seminarı keçiriləcəkdir.
Leyla Əliyeva görüşün sonunda bildirmişdir ki, mayın
13-də Bakıda "Yer kürəsi uşaqların gözü ilə" fotoşəkil
festivalı keçiriləcəkdir. O, Rusiya gənclərini festivala
dəvət etmişdir.
Leyla Əliyeva bildirmişdir ki, Azərbaycanda incəsənət
sahəsində layihələrin həyata keçirilməsinə maraq
göstərirlər. Bakıdakı Heydər Əliyev Mərkəzində müxtəlif
tədbirlərin, o cümlədən rəsm və foto sərgilərinin təşkil
edilməsi üçün hər cür şərait yaradılmışdır. O, Moskvanın
ən iri muzey-sərgi komplekslərindən biri olan
"Multimedia Art Muzey"də təşkil edilən "Bakıya uçuş"
sərgisindən söz açaraq demişdir ki, hər gün sərgiyə 2
minədək adam gəlir.
Leyla xanım Əliyeva bütün görüş iştirakçılarını Bakıya
dəvət etmişdir. |