| 
								
						 Martın 
						1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun 
						prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı 
						Mehriban Əliyeva paytaxtın Binə, Türkan, Şüvəlan və 
						Buzovna qəsəbələrində olmuş, təmiri və əsaslı surətdə 
						yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərə 
						baş çəkmişdir. 
						
						Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Binə 
						qəsəbəsindəki 285 nömrəli körpələr evi-uşaq bağçasında 
						oldu. Milli Məclisin deputatına məlumat verildi ki, 
						1986-cı ildə tikilən və ümumi sahəsi 1900 kvadratmetrdən 
						çox olan uşaq bağçasında indiyə qədər heç vaxt əsaslı 
						təmir işləri aparılmamışdır. 1993-cü ildən bağçada 
						Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 
						nəticəsində qaçqın və məcburi köçkün düşən soydaşlarımız 
						məskunlaşmışdı. Bu il isə onlar yeni mənzillərlə təmin 
						edilmişlər. Diqqətə çatdırıldı ki, bağçada yaş yarımdan 
						6 yaşınadək uşaqlara xidmət edən 75 körpədən ibarət 4 
						qrup olsa da, binanın yarıtmaz vəziyyəti fəaliyyət 
						göstərməyə imkan vermirdi. Bildirildi ki, 285 nömrəli 
						bağça bu ərazidə yeganə məktəbəqədər uşaq müəssisəsidir. 
						Tələbat artdığına görə Heydər Əliyev Fondunun təşəbbüsü 
						ilə burada uşaq bağçası üçün yeni binanın inşası nəzərdə 
						tutulmuşdur. Mehriban xanım Əliyeva işlərin yüksək 
						keyfiyyətlə yerinə yetirilməsinə dair tövsiyələrini 
						verdi. 
						
						
						*** 
						
						Sonra Türkana gələn Heydər Əliyev Fondunun prezidenti 
						Mehriban xanım Əliyeva qəsəbə sakinləri ilə görüşdü, 
						onların problemləri ilə maraqlandı. Bildirdi ki, qarşıya 
						qoyulan bütün vacib məsələlər həll olunur. Türkan 
						qəsəbəsində artıq ikinci bağça binasının inşasına 
						başlanıldığını deyən Mehriban xanım Əliyeva qəsəbədə 
						tikinti və quruculuq işlərinin vüsət aldığını söylədi. 
						Milli Məclisin deputatı Xəzər rayonunun bütün 
						məktəblərinin yeni, müasir standartlara uyğun 
						qurulduğunu bildirdi. Gələcək illərdə sahibkarlığın 
						inkişaf etdirilməsi ilə bağlı zəruri addımların 
						atılacağını qeyd edən Heydər Əliyev Fondunun prezidenti 
						vurğuladı ki, bununla da qəsəbədə yeni iş yerlərinin 
						açılmasına nail olunacaqdır. 
								
						 Sakinlər 
						onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham 
						Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban 
						Əliyevaya minnətdarlıqlarını bildirdilər. 
						
						Daha sonra Milli Məclisin deputatı burada tikilməkdə 
						olan yeni uşaq bağçasında inşaat işlərinin gedişi ilə 
						tanış oldu. Məlumat verildi ki, hazırda Türkan 
						qəsəbəsində uşaq bağçasına böyük ehtiyac vardır. Ötən 
						ilin sonunda inşasına başlanan müasir tipli 200 yerlik 
						uşaq bağçasının bu ilin sentyabrında istifadəyə 
						verilməsi nəzərdə tutulmuşdur. 
						
						Heydər Əliyev Fondunun prezidentinin diqqətinə 
						çatdırıldı ki, ikimərtəbəli binada 2 körpə, 4 orta, 4 
						məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərəcəkdir. 
						Uşaq bağçası bütün əyani və texniki vasitələrlə təchiz 
						ediləcəkdir. Binada hovuz, musiqi və idman otaqları 
						yaradılacaq, müasir havalandırma sistemi 
						quraşdırılacaqdır. Həyətdə uşaqların əyləncəsi və fiziki 
						inkişafı üçün şərait yaradılacaqdır. 
						
						
						*** 
						
						Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 1-də 
						Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan karlaşmış 
						uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində də 
						oldu. 
						
						Buradakı vəziyyətlə tanış olan Heydər Əliyev Fondunun 
						prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, 
						internat məktəbi 1963-cü ildə inşa olunmuşdur. Hazırda 
						burada 130 şagird təhsil alır. Binanın əsaslı təmirə 
						ehtiyacı vardır. 
						
						Mehriban xanım Əliyeva internat məktəbinin yenidən 
						qurulması ilə bağlı tövsiyələrini verdi. 
						
						Sonra Azərbaycanın birinci xanımı qəsəbə sakinləri ilə 
						görüşdü, onlarla söhbət etdi. Mehriban xanım Əliyeva 
						bildirdi ki, Xəzər rayonunun bütün qəsəbələrində olduğu 
						kimi, Şüvəlanda da həyata keçirilən layihələr uğurla 
						davam etdirilir. Belə ki, sosial problemlər öz həllini 
						tapmaqla yanaşı, burada təhsil ocaqları, məktəbəqədər 
						müəssisələr, mədəniyyət mərkəzləri təmir olunur və 
						yenidən qurulur. İki nömrəli xüsusi internat məktəbinin 
						də müasir üslubda qurulmasının vacibliyini qeyd edən 
						Mehriban xanım Əliyeva uşaqlara yüksək keyfiyyətli 
						təhsilin verilməsinin əhəmiyyətini vurğuladı.  
						 
						
						
						*** 
						
						Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin 
						deputatı Mehriban xanım Əliyeva sonra Şüvəlandakı 
						sağlamlıq imkanları məhdud və valideyn himayəsindən 
						məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi 
						İnternat məktəbinə gəldi. 
						
						Burada Azərbaycanın birinci xanımına məlumat verildi ki, 
						1964-cü ildə inşa olunan internatda 136 şagird təhsil 
						alır. Bu müəssisə də yararsız vəziyyətə düşmüşdür və 
						binanın əsaslı yenidənqurma işlərinə ciddi ehtiyac 
						vardır. Heydər Əliyev Fondunun prezidenti bu internat 
						məktəbinin də yenidən qurulacağını bildirdi. 
						
						Mehriban xanım Əliyeva internat məktəbində təhsil alan 
						uşaqlara da baş çəkdi. Onlarla söhbət edən Azərbaycanın 
						birinci xanımı balacaların əl işlərinə də baxdı. 
						
						
						*** 
						
						Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın baş 
						çəkdiyi növbəti məktəbəqədər tərbiyə müəssisəsi Buzovna 
						qəsəbəsindəki 246 nömrəli körpələr evi-uşaq bağçası oldu. 
						
						Bu tərbiyə müəssisəsi ilə yaxından tanış olan Mehriban 
						xanım Əliyevanın diqqətinə çatdırıldı ki, 1985-ci ildə 
						inşa edilən və indiyədək əsaslı təmir işləri görülməyən 
						bağça Azərbaycan və rus bölmələri daxil olmaqla 2-6 
						yaşlı uşaqlar üçün ixtisaslaşmışdır. Səkkiz min 
						kvadratmetrdən çox sahəsi olan uşaq bağçası istifadə 
						üçün yararsız vəziyyətdədir. İkimərtəbəli binada istilik 
						sistemi yoxdur. 
						
						Mehriban xanım Əliyeva bildirdi ki, Heydər Əliyev Fondu 
						bu uşaq bağçasının da yenidən qurulmasını nəzərdə tutur. 
						
						Fondun prezidenti Mehriban xanım Əliyeva yenidənqurma 
						işlərinin yüksək səviyyədə aparılması, uşaq bağçasının 
						bütün əyani və texniki vasitələrlə təchiz olunmasına 
						dair tövsiyələrini verdi.  
						
						
						AzərTAc |