| 
						
						2013-cü ildə Azərbaycan poeziyasının tanınmış 
						nümayəndəsi, xalq şairi Nigar Xudadat qızı Rəfibəylinin 
						100 illiyi tamam olur. 
						
						Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli 
						nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə 
						bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz 
						təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun 
						yaradıcılığının ideya-bədii leytmotivini təşkil etmişdir. 
						
						Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri 
						olan xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin 
						layiqincə keçirilməsini təmin etmək məqsədi ilə 
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
						ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin 
						təkliflərini nəzərə almaqla, xalq şairi Nigar 
						Rəfibəylinin 100 illik yubileyinə dair tədbirlər planını 
						hazırlayıb həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 4 mart 2013-cü il
 |