| 
								
						 Hörmətli 
						xanımlar! 
						
						Əziz analar və bacılar! 
						
						Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən 
						təbrik edir, hər birinizə cansağlığı, səadət və 
						müvəffəqiyyətlər arzulayıram. 
						
						Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, 
						zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının 
						ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix 
						boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə 
						keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi 
						dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq 
						adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı 
						keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində 
						mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, 
						bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin 
						qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi 
						də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif 
						sahələrində ilk addımları atması da Azərbaycan qadınının 
						mədəni səviyyəsinin və intellektual potensialının aydın 
						təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və 
						qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi 
						nəsillərin varisliyini təmin edirlər. 
						
						Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil 
						Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların 
						misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə 
						ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları 
						tariximizin hər bir mərhələsində olduğu kimi, bu gün də 
						çox yaxından iştirak edir, ictimai-siyasi, 
						sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal 
						iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin 
						edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın 
						xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi 
						Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının 
						müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai 
						mövqeyinin nəticəsidir. 
						
						İnanıram ki, sürətli dəyişikliklərin baş verdiyi indiki 
						qlobal dünyada siz daim mədəni-mənəvi zənginliklərimizin 
						yaşadılması üçün çalışacaq, ölkəmizin gələcək inkişafı 
						naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və 
						dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə 
						bundan sonra da xüsusi diqqət yetirəcəksiniz. 
						
						Bayramınız mübarək olsun!  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 4 mart 2013-cü il
 |