Bakı
şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər (İOEUG) Şahmat-Dama İdman Məktəbinin
yetirmələri həm beynəlxalq, həm də ölkə miqyasında
keçirilən yarışlarda iştirak edərək yeni uğurlara imza
atmaqda davam edirlər. Məktəbin direktoru Natiq
Ələkbərovun qəzetimizə verdiyi məlumata görə, 31
yanvar-10 fevral 2013-cü il tarixlərində Moskvada şahmat
üzrə keçirilən "Moskva Open-2013" Beynəlxalq şahmat
festivalında 1 nömrəli Şahmat-Dama İdman Məktəbinin 15
yetirməsi iştirak edib. Ümumilikdə festivalda 1000-ə
yaxın şahmatçı mübarizə aparıb.
Festivalda 10 yaşlı oğlanlar arasında şahmat məktəbinin
yetirməsi Məhəmməd Muradlı 9 oyundan 8,5 xal toplayaraq
I yerin sahibi olub və dünya çempionatına vəsiqə
qazanıb. Məktəbin digər yetirməsi Məğrurə İmanlı 15
yaşlılar arasında 9 oyundan 6 xal toplayaraq Avropa
çempionatında iştirak hüququ qazanıb. Bundan başqa,
Niyazi Nağdıyev 14 yaşlılar arasında 7,5 xalla, Leyla
İbrahimli isə 12 yaşlılar arasında 7 xalla III yerin
sahibi olmuşlar. Nərmin Kazımova da qadınlar arasında 9
oyundan 6 xal toplayaraq mükafata layiq görülüb.
1 nömrəli Şahmat-Dama İdman Məktəbinin şahmatçılarından
Bəhruz Rzayev A qrupunda 5,5, Günay Məmmədzadə qadınlar
arasında 4, Elxan Bayramov S qrupunda 5,5, Eldar Musayev
isə 6 xal toplayaraq beynəlxalq reytinqini artırıb.
Rəşad ZİYADOV |