Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi
məktəbində Qara Qarayevin 95 və məktəbin yaradılmasının
75 illik yubileylərinə həsr olunmuş ikihissəli konsert
nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin,
tanınmış bəstəkarların, musiqi məktəblərinin
direktorlarının və valideynlərin iştirak etdiyi
konsertdə mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva çıxış edərək qeyd etdi ki, dahi bəstəkarın
əsərləri dünya miqyasında özünəməxsus yer tutub və o,
novator bəstəkar kimi tanınıb. Nazir müavini musiqi
məktəbinin 75 illik yubileyi münasibətilə kollektivi
təbrik edib və məktəbin binasının yenidən tikilib
istifadəyə verildiyini, açılışda ölkə Prezidenti İlham
Əliyevin iştirak etdiyini vurğulayıb. Məktəbin
şagirdlərinin beynəlxalq müsabiqə və festivallarda
yüksək nailiyyətlər əldə etdiyini, 3 şagirdin adının
gənc istedadların "Qızıl kitabı"na daxil edildiyini,
Prezident təqaüdçüsü olduğunu bildirib.
Sonda məktəbin kamera orkestri, müəllim və şagird
kollektivi, digər musiqiçilərin ifasında dahi
bəstəkarın "İnsan məskən salır" filmindən musiqi, "Don
Kixot" simfonik qravürlərindən "Səyahət", rus şairi
A.Puşkinin sözlərinə yazdığı "Gürcüstan təpələrində",
"Mən sizi sevirdim" romansları, "Yeddi gözəl" baletindən
vals və digər əsərləri səsləndirilib.
İkinci hissədə isə məktəb haqqında videoçarx nümayiş
olunub.
Sifai SƏFƏROVA |