Azərbaycan
Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən
Respublika İncəsənət Gimnaziyası həmişə olduğu kimi
bu gün də öz səhnəsini kiçik səhnə fədailərinin
ixtiyarına verib. Tanınmış rejissor Əliheydər Şahbazov
dünya səviyyəli yazarlar Yakov və Vilhelm Qrimm
qardaşlarının ecazkar nağıl dünyasından bir nümunəni -
"Ağbəniz və 7 cırtdan" nağılını seyrçilər üçün
sərgiləyib. Tamaşada nəzər-diqqəti cəlb edən kiçik
aktyorların məharətli ifası seyrçiləri valeh etdi.
Nağıl aparıcı VI "c" sinif şagirdi Aysel Dadaşovanın
mülayim, həzin və səlis səsi ilə auditoriyanın
ixtiyarına verildi. Aparıcının təqdimatından sonra
səhnəyə ögey ana obrazını yaradan VIII "a" sinif
şagirdi Sahibə Məhərrəmli daxil oldu. Gənc aktrisa
obrazın daxili aləmini açaraq sözün əsl mənasında
kiçik seyrçilərdə özünə qarşı böyük nifrət hissi
oyadaraq aktyorluq məharətini nümayiş etdirdi. Öz saf,
sayğısız, şən ifası ilə Ağbəniz obrazını yaradan IV "a"
sinif şagirdi Ayla Qafqazlı tamaşaçı auditoriyasının
rəğbətini qazandı. VI "a" sinif şagirdi Qulamrza
Rənqamiz teatr sevən uşaq aləminə istedadlı nökər
obrazını təqdim etdi. 7 cırtdan obrazını yaradan
gimnaziyanın şagirdləri rəngarəng, musiqili-əyləncəli
proqramla tamaşaçıların rəğbətini qazandılar.
Yeni nəslin nümayəndələri adı ilə təqdim edilən I "b"
sinif şagirdləri Leyli Musayeva və Rəvan Hüseynov
auditoriyanı riqqətə gətirdilər. Meşənin şah heyvanı ayı
obrazını yaradan IV "ç" sinif şagirdi Samir Ramazanov
kiçik sənətsevərləri nağıllar aləminə səyahətə apardı.
Nağıl gimnaziyanın xoreoqrafiya şöbəsinin şagirdlərinin
rəngarəng rəqs nömrələri ilə müşayiət edildi.
Sifai SƏFƏROVA |