Bakıdakı
308 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar
Nazirliyinin təşkilatçılığı ilə maarifləndirici tədbir
keçirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki
Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə, Dövlət
Sulardan Xilasetmə, Dövlət Yanğından Mühafizə, Dövlət
Yanğına Nəzarət xidmətlərinin, Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasının əməkdaşları və digər təşkilatların
nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru Təranə Məmmədova təhsil ocağında bu
cür tədbirlərin keçirilməsinin vacibliyini bildirib.
Qeyd edib ki, insanlar həyatda baş verə biləcək müxtəlif
hadisələrə hazır olmalı və müxtəlif həyati
bacarıqlara yiyələnməlidirlər.
Tədbirdə ayrı-ayrı təşkilatların nümayəndələrinin
iştirakı ilə insanların həyat şəraitinə təsir edən
müxtəlif növ fövqəladə hadisələr haqqında ətraflı
məlumatlar verilib. Məktəbin həyətındə zəlzələ,
yanğın, radiasiya və kimyəvi xarakterli fövqəladə
hallar zamanı nə etməli sualına cavab kimi təşkilatın
əməkdaşlarının iş təcrübələri nümayiş etdirilib.
Xüsusən, yanğınsöndürənlərin alovu söndürməsi səhnəsi
məktəblilərin bu peşəyə marağını daha da artırıb. Mövzu
ilə bağlı ayrı-ayrı çıxışlar olub. Fövqəladə Hallar
Nazirliyi Bakı Regional Mərkəzinin Operativ
Reaksiyavermə və Əməliyyat-Planlaşdırma İdarəsinin
Operativ Məlumat Şöbəsinin rəisi - idarənin rəis
müavini, polkovnik-leytenant Vaqif Teymurovun çıxışı
şagirdlər tərəfindən maraqla qarşılanıb.
Tədbir şagirdlərin ifasında "Hər şey Vətən üçün" mahnısı
ilə yekunlaşıb.
Şakir CƏFƏROV |