Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata
görə, asudə vaxtlarının səmərəli təşkili və sağlam
həyat tərzinə yiyələnmələri məqsədilə müəllimlər
arasında voleybol, mini- futbol və stolüstü tenis üzrə
yarışlar keçiriləcək. Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90-cı ildönümünə həsr edilən bu
yarışların təşkilində məqsəd orta ümumtəhsil
məktəblərinin işçilərini idmana cəlb etmək, həmkarlar
təşkilatlarının bədən tərbiyəsi və sağlamlıq sahələri
üzrə fəaliyyətlərini gücləndirməkdir. Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
və BŞTİ-nin birgə təşkilatçılığı ilə keçiriləcək
yarışlar mart-aprel aylarında iki mərhələdə baş
tutacaq. Birinci mərhələ Bakı şəhərinin rayonlarında
aprelin 5-dək, ikinci mərhələ isə paytaxtın rayonları
arasında aprelin 10-dan 25-dək davam edəcək. Yarışın
şərtlərinə uyğun olaraq ilk 3 yerin qalibi kubok və
hədiyyələrlə mükafatlandırılacaq. Yarışların I
mərhələsində Bakı şəhəri rayonlarının ümumtəhsil
müəssisələrinin komandaları iştirak edəcək. II
mərhələdə isə rayonların yığma komandaları
yarışacaqdır.
Müxtəlif idman növləri üzrə milli yığma komandalarının
üzvləri və ölkə çempionatlarında iştirak edən, eləcə
də son üç ildə ayrı-ayrı klublarda çıxış edən
professional idmançılar yarışa buraxılmayacaq.
Sifai SƏFƏROVA |