Bu
günə qədər müxtəlif xarakterli, müxtəlif səviyyəli
saysız-hesabsız tədbirlərə şahid olmuş məktəbimizin akt
zalında bu gün yenə də qələbəlikdir. Bu gün - fevral
ayının 21-də bu böyük zal Beynəlxalq Ana Dili Gününə
həsr olunmuş tədbirə ev sahibliyi edirdi.
Səhnədə ilk ən böyük ana dili abidəmiz olan "Kitabi-Dədə
Qorqud" dastanının yaradıcısı Dədə Qorqudun nurani,
əzəmətli, təmkinli obrazı canlandırılmış, rəmzi ana dili
abidəsi-beşik başında laylay çalan ana şəkli təsvir
olunmuşdu. Zalın divarlarından ünlü şəxsiyyətlərin ana
dili haqqındakı fikirlərini əks etdirən plakatlar
asılmışdı. Hər yanda bir ana dili ruzigarı əsirdi.
Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri
üzrə direktor müavini Zəka Cabbarov açdı. O, dilin
cəmiyyətdəki rolundan, onun millətin ən ümdə mənəvi
dəyəri olmasından, ölkəmizdə ana dilimizə-Azərbaycan
dilinə göstərilən dövlət qayğısından söz açdı, ölkə
rəhbərliyinin yeritdiyi dil siyasətini alqışladı.
Müəllimlərdən Sakit Şirvanov, Firəngiz Ağayeva, Tünzalə
Abdullayeva, Əfşan Süleymanova, təqaüddə olan müəllim
Dadaş Rüstəmov və başqaları ana dili haqqında maraqlı
çıxışlar etdilər.
Tədbirin qalan hissəsini "Qorqud Ata" və nəvələri -
şagirdlər apardılar. "Qorqud Ata" şagirdlərə suallar
verir, yeri gəldikcə nəsihətlər edir, milli
dəyərlərimizi yaşatdıqları üçün onlara təşəkkür edirdi.
Şagirdlərdən Aytac Rəhimova, Əzizbikə Məmmədova, Asiman
Bağırova, Ləman Məmmədova, Simarə Rəhimova, Nübar
Rüstəmova, Ayşən Həsənli, Dostu İsgəndərova, Vəzifə
Mustafayeva və başqalarının ifasında Y.İmrənin,
Z.Yaqubun, M.Arazın, Şəhriyarın, T.Bayramın,
B.Vahabzadənin ana dilinə aid şeirləri səsləndi.
X sinif şagirdlərindən Kənan Piriyev və Təmkin Muradovun
ifasında M.S.Ordubadinin "Ana dili" felyetonu
səhnələşdirildi. Şagirdlərdən Xoşqədəm Həsənlinin
ifasında ulu öndərimizin dil, ana dili haqqında
söylədiyi fikirləri iştirakçılar böyük maraqla
dinlədilər.
Tədbirdə mahnılar oxundu, milli rəqslər ifa edildi. Öz
ifası ilə fərqlənən bir şagird diplomla
mükafatlandırıldı.
Ana dili bayramı sinəsi qopuzlu Dədə Qorqudun alqışları
və xorun "Amin!" "Amin!" sədaları ilə başa çatdı.
Tədbirin yüksək səviyyədə keçməsi üçün hər kəs öz
üzərinə düşən işi böyük məsuliyyətlə yerinə yetirmişdi.
İki nəfərin - məktəbin kitabxanaçısı Elza Rəhimova və
uşaq birliyinin rəhbəri Səidə Həsənovanın adları isə
ayrıca qeyd olunmağa layiqdir.
Firəngiz İSKƏNDƏRQIZI,
Sabirabad rayonu B.Rəhimov adına
Qəzli kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi |