Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

İnformatikadan fəal dərs

 

 Artıq beşinci ildir ki, ölkəmizin ümumi təhsil sistemində yeni fənn kurikulumları tətbiq olunur. Bu müddət ərzində fənn kurikulumlarında öz əksini tapmış yeni təlim standartlarının reallaşdırılması, qiymətləndirmə sisteminin tətbiqi, yeni təlim strategiyalarından istifadə sahəsində xeyli müsbət təcrübə toplanmışdır. Yeni kurikulumların tətbiqi müəllimləri fəal təlimin təşkili, yeni, interaktiv təlim üsullarının müəyyənləşdirilməsi və təcrübədə tətbiqi sahəsində fəal axtarışlara qoşmuş, yaradıcı fəaliyyət göstərmələrinə təkan vermişdir.  

Nəticədə son illər ənənəvi dərslərdən öz yüksək səmərəliliyi ilə fərqlənən fəal dərslərdən istifadə xeyli çoxalmış, müəllimlərin təlim fəaliyyətlərinin planlaşdırılmasına aid olduqca maraqlı, faydalı nümunələr meydana gəlmişdir. Bu sahədə uğurlar qazanmış digər həmkarlarım kimi mən də tədris etdiyim informatika fənni üzrə dərslərimi fəal təlimlə, yeni təlim texnologiyalarından, İKT vasitələrindən yaradıcı istifadə əsasında qurmağa çalışıram.

Qeyd etmək lazımdır ki, son illər cəmiyyətin getdikcə daha da informasiyalaşması informatika fənnini ümumi təhsil sistemində tədris olunan fənlər sırasında aparıcı mövqeyə çıxarmışdır. İndi cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada İKT-dən istifadə olunmasın. İKT üzrə ilkin biliklərin əsası isə məhz informatika dərslərində qoyulur. Bu fənnin tədrisi  vasitəsi ilə şagirdlərdə alqoritmik təfəkkür elementləri yaradılması, kompüter texnikasından istifadə etmək qabiliyyətinin, ətraf aləmi informasiya sistemi baxımından təhlil və qərar qəbul etmək bacarıqlarının formalaşdırılması, onların informasiya və kommunikasiya texnologiyalarından istifadəyə hazırlanması təmin olunur. Şagirdlər informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqlarına, kompüterdə daha çox populyar olan proqram vasitələrindən istifadə vərdişlərinə də əsasən informatika dərslərində yiyələnirlər. Göstərilən istiqamətlərdə şagirdlərə keyfiyyətli biliklər vermək, bacarıq və vərdişlər aşılamaq müəllimdən öz işinə yaradıcı yanaşmağı, dərslərində fəal təlimdən geniş istifadə etməyi tələb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə 2013-cü ilin ölkəmizdə "İKT ili" elan olunması biz informatika müəllimlərinin üzərinə daha böyük məsuliyyət yükü qoyur. Bütün bunları nəzərə alaraq mən dərs dediyim informatika fənninin tədrisi keyfiyyətini yüksəltmək, fənnin kurikulumunda qeyd olunmuş məzmun standartlarını tam reallaşdırmaq üçün dərslərimi fəal təlim əsasında qurur, yeni təlim strategiyalarından və təlim üsullarından yaradıcı şəkildə istifadə etməyə səy göstərirəm. Bu sahədə topladığım təcrübəni konkret bir dərs nümunəsində oxuculara da çatdırmaq istəyirəm.

Sinif:     V sinif

Mövzu:    Kompüterdə şəkil çəkirəm

Standart: 3.1.3.; 3.2.1.  Bu standartlara əsasən şagirdlər proqramın icrasına dair bacarıqlar nümayiş etdirir, qrafiki redaktorda rəsmlərin fraqmentləri üzərində işləyirlər.

İnteqrasiya: Təsviri incəsənət, Azərbaycan dili, riyaziyyat, musiqi.

Məqsəd şagirdlərə

- Paint proqramının pəncərəsinin hissələrini tanımaq;

- Qrafiki redaktorda rəsmlərin fraqmentləri üzərində işləmək;

- Qrafiki redaktorda rəsmlərin fraqmentləri üzərində alətlər qutusundakı alətlərdən və menyulardan istifadə etməklə işləmək bacarıqları aşılamaqdır.

Təchizat:  Kompüter,  proyektor, iş vərəqləri

Dərsin forması:  Kollektivlə iş, cütlüklərlə iş, qruplarla iş

Üsullar:  Beyin həmləsi, muhazirə, müzakirə

Dərsin mərhələləri

Motivasiya:

Motivasiya qismində ortaya gətirilmış  problem və onun həlli fəal dərsdə  təfəkkür prosesini işləməyə  sövq edən və şagirdlərin idrak  fəallığını artıran amil kimi çıxış edir.

Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir: şagirdlər öz fikirilərini "Zənnimcə...", "Mənə belə gəlir ki,...", "Mən belə hesab edirəm ki,..." sözlərindən istifadə etməklə ifadə edirlər.

Motivasiya yaratmaq üçün elektron lövhədə aşağıdakı slayd nümayiş etdirilir:

Şagirdlər irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə qoşulur, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif  fərziyyələr irəli sürürlər. Problemın həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən belə bir tədqiqat sualı qoyulur: Hansı proqramlar vasitəsi ilə şəkillər çəkmək olar?

Sualla bağlı hər şagird öz fikirlərini yazıb lövhəyə yapışdırır. Burada proqramların adları müxtəlif olur. Bunu dəqiqləşdirmək üçün müəllim tapmaca verir.

 

Beş hərfim vardır mənim,

Şəkil çəkmək sənətim,

Windows anamdır mənim,

Tap, adım nədir mənim?

 

Şagirdlər tapmacanın cavabının  Paint proqramı olduğunu söyləyirlər.  Müəllim: Niyə məhz Paint proqramı, axı başqa beş hərfdən ibarət proqramlar da vardır, - deyir. Şagird cavab verir ki, kompüterdə qrafik informasiyaları emal etmək üçün istifadə edilən proqramlar - qrafik redaktor adlanır. Cürbəcür imkanlara malik çoxlu sayda qrafik redaktorlar mövcuddur.  Belə proqramlardan biri də Windows əməliyyat sisteminə daxil olan Paint proqramıdır. 

Təqdimatın aparılması:

 Şagirdlər cüt-cüt kompüter qarşısında əyləşirlər. Bu hallarda şagirdlərin müxtəlif nöqteyi-nəzərlərinin müqayisəsi və əlaqələndirilməsi, onların bir-birinə qarşılıqlı köməyi (güclü cütlük - zəif şagird) tələb olunur. Şagirdlərin  bir-birlərinin baxışlarını daha yaxşı başa düşmələrinə, əməkdaşlıq etmələrinə, bir-biriləri qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaradır. Birlikdə Paint pəncərəsinin elementləri ilə tanış olur və praktik işi yerinə yetirirlər.

Yaradıcı tətbiqetmə: 

Qruplara iş vərəqi verilir və video göstərilir. Qruplarla işin gedişində şagirdlərin birgə fəaliyyəti əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir. Bu da öz növbəsində, hər bir şagirdin təlim prosesində öz bacarığını nümayiş etdirməsi, özünə inamın artması, özünü tam dəyərlı şəxsiyyət kimi dərk etməsi, problemın həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir-birini tamamlaması prinsipini mənimsəməsi hesabına hər bir uşağın müstəqil şəxsiyyət kimi inkişafını təmin edir. Qrupda iş eyni zamanda biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır. Sonra qruplara aşağıdakı işçi vərəqləri paylanır:

Paint Paint proqramında gül şəkli çəkməli.

Rastr Paint proqramında ev şəkli çəkməli.

Vektor Paint proqramında bayraq şəkli çəkməli.

Draw Paint proqramında tank şəkli çəkməli.

Hər tapşırığa uyğun videogörüntülər nümayiş olunur.

IV qrup.  Video (tank)

Tapşırıq: Paint proqramında tank şəkli çəkməli. 

Məlumat mübadiləsi və müzakirəsi 

Qrupların işləri təqdim olunur. Bu mərhələdə şagirdlərin tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsi aparılır. Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və bütün şagirdlər tərəfindən bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.  

Ümumiləşdirmə və nəticə 

Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər. Paint proqramının imkanlarından istifadəyə fikir verilir. Alətlər panelinin rəsm çəkmək üçün ən geniş istifadə olunan alətlərdən ibarət olduğuna,  alətlərlə rəngləmə zamanı palitradakı (rənglər zolağı) rənglərdən - siçanın sol düyməsini basdıqda əsas rəngdən, sağ düyməsini basdıqda isə fonun rəngindən istifadə edildiyinə fikir verməlidirlər.

Qiymətləndirmə qrup şəklində aparılır.

Qiymətləndirmə fərdi şəkildə aparılır.

Refleksiya:   Kompüterdə işlədikdə şagirdlərin əlləri  və gözləri yorulur, bu yorğunluğu aradan qaldırmaq üçün idman dəqiqələri yerinə yetirilir.

Ev tapşırığı.  Ev tapşırıqları müstəqil tədqiqata, sərbəst və yaradıcı düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə  imkan verir. Evə Paint proqramından istifadə etməklə şəkil çəkmək tapşırılır. 

Sevil XAMMƏDOVA,
Bakıdakı Bağça-Məktəb-Lisey  Kompleksinin informatika müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin  2011-2012-ci dərs ili üzrə qalibi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov