Ölkəmizdə
"İnformasiya-kommunikasiya texnologiyaları ili"
çərçivəsində İKT-nin təhsilə tətbiqi istiqamətində işlər
davam etdirilir. Distant təhsilin inkişaf etdirilməsi və
sağlamlıq imkanları məhdud olan uşaqların təhsil
imkanlarının artırılması məqsədilə həyata keçirilən
işlər xüsusilə diqqət mərkəzindədir.
Belə ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə
Dövlət Proqramına uyğun olaraq distant təhsilin inkişaf
etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin
bu prosesə cəlb olunması ilə əlaqədar "Elektron
təlimləndirən sistemlər" adlı layihənin icrasına
başlanılıb. Layihənin əsas məqsədi evdə təhsil alan,
sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə
cəlb etməklə onların cəmiyyətə inteqrasiyasının təmin
edilməsindən, kompüter və elektron resurslardan istifadə
bacarıqlarının artırılması və İnternetə çıxış
imkanlarının yaradılmasından ibarətdir.
Cari ildən etibarən sözügedən layihənin əhatə dairəsi
bir qədər də genişləndirilib və artıq bu imkandan
bölgələrdəki xüsusi qayğıya ehtiyacı olan şagirdlər də
faydalanırlar. Məlumat üçün bildirim ki, bu yaxınlarda
Qazax şəhərində "Elektron təlimləndirən sistemlər"
layihəsinə bölgələrin qoşulması ilə əlaqədar tədbir
keçirilib. Tədbirdə Qazax rayonunda 15 şagird və 2
müəllimə, Ağstafa rayonunda 5 şagird və 1 müəllimə,
Tovuz rayonunda 4 şagirdə ən yeni texnologiya və proqram
təminatları ilə təchiz olunmuş "Apple, İnc" şirkətinin
istehsalı olan "Macbook" notebukları təqdim edilib. 24
şagirdin evinə İnternet xətti çəkilib. Yeni layihəyə
cəlb olunanlar kompüter, tədris üçün zəruri aksesuarlar,
o cümlədən qrafik planşet və eyni zamanda qüsuru
olanlar, əli ilə kompüterdən istifadə edə bilməyənlər
"Traxus Roller Plus Joystick" avadanlıqları ilə təchiz
olunub.
Həmçinin
müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb
olunması üçün "www.mesafedenmekteb.edu.az"
portalından istifadə etmək üçün təlimlərə start verilib.
Tədbirdə layihə rəhbəri Salam Əliyev çıxış edərək
bölgələrdə müvafiq işlərin həyata keçirildiyini
bildirdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqların
distant təhsilini təmin etmək məqsədilə müəllimlərə,
şagird və valideynlərə İKT avadanlıqlarından və texniki
vasitələrdən istifadəyə dair metodik vəsaitlər
paylandı.
Bildirildi ki, inkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, yeni əsrdə yaradıcı, müstəqil düşünən və
inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir.
Azərbaycanda da təhsil islahatının əsas prinsiplərindən
biri təlim prosesində uşaqlarda fəallığı, məntiqi
düşünməyi, özünə tənqidi yanaşmağı, müstəqil bilik
almağı və fərdi inkişaf etmək bacarığını tərbiyə
etməkdir. Distant təhsil humanizm prinsiplərinə cavab
verir. Heç kəs yoxsulluq, cəmiyyətdən müvəqqəti təcrid
olunması, fiziki qüsuruna görə ümumtəhsil məktəbinə gedə
bilməməsi üzündən təhsil almaqdan məhrum olmamalıdır.
Məhz distant təhsil əhalinin bütün təbəqələrinə təhsil
almaq imkanı verir; o, ənənəvi təlimdən ucuz başa gəlir,
təlimin səmərəliliyi təmin olunur, məsafə maneə törətmir
- kompüter və İnternetə çıxışın olması kifayətdir.
Təhsildə məsafə texnologiyasının payı ildən-ilə artdığı
üçün bu təhsil formasının perspektivi var.
Tədbirdə vurğulandı ki, yaxın gələcəkdə bu layihə
respublikanın digər şəhər və rayonlarını da əhatə
edəcək. Bizim qüsurlu uşaqlar kimi yanaşdığımız bu
uşaqlar əksər hallarda normal, bütün orqanizmi sağlam
olan bir çox insanlardan daha istedadlı və düşüncəli
olurlar. Məsələn, əlləri qüsurlu olan, heç nə edə
bilməyən elə uşaqlar var ki, ayaq barmaqları ilə
şəkillər çəkir. Həm dövlət, həm də cəmiyyət olaraq
onların təhsil ala bilmələri üçün əlimizdən gələni
etməliyik.
Qeyd olundu ki, layihəyə qoşulmazdan əvvəl çətinliklər
olurdu, belə ki, hər bir şagirdin evinə nəzarət etmək,
dərsin gedişini izləmək, proqramı mənimsəmə vəziyyətini
bilmək olmurdu. Bu gün dərsin saat neçədə başlayıb
bitməsini, mövzunun əhatə dairəsini, şagirdin mənimsəmə
səviyyəsini distant proqram vasitəsilə izləmək olur.
Şagird yaşadığı ərazidən uzaq olsa belə layihənin
köməyi sayəsində məsafə qısalır. Məsələn, xüsusi qayğıya
ehtiyacı olan məktəbyaşlı uşaq hansısa bir xəstəlik
üzündən rayondan paytaxta müalicəyə gedirsə, müvəqqəti
olaraq təhsildən uzaq düşür. Ancaq bu layihə imkan
verəcəkdir ki, bu problem aradan qaldırılsın. Bizim
məktəbdən xüsusi qayğıya ehtiyacı olan 3 məktəbyaşlı
uşaq bu layihəyə qoşulub. Hazırda onlardan biri II sinif
şagirdi Elçın Pirquliyev Bakıda uşaq nevroloji
xəstəxanasında müalicə olunur. Bununla yanaşı o,
"Elektron təlimləndirən sistemlər" layihəsi çərçivəsində
şagirdə verilən kompüterlə xəstəxanadan məktəblə,
müəllimləri ilə əlaqə yaradaraq təhsilindən geri qalmır.
Sözügedən layihədə evdən bayıra çıxmayan xəstə uşağa
əvvəlcə informatikanı, yəni kompüterdən istifadəni
öyrədirlər. Bura ilkin kompüter bilikləri daxildir,
yəni, kompüterin açılıb-bağlanması, qarşı tərəfi kamera
vasitəsi ilə qəbul etmək və digər məsələlər. Təbii ki,
kompüterin bu baxımdan çox geniş imkanları var. Çünki
evində oturan şagird kompüter vasitəsi ilə qarşı tərəfə
maraqlandığı sualı verib, həmin anda cavabını da eşidə
bilir. Başqa bir formada isə müəllimin ona verdiyi
tapşırıqları alır, daha sonra hazırladığı tapşırıqları
evindən müəlliminə yollayır.
Sağlamlıq imkanı məhdud olan uşaqlara qüsurlarını
özlərinə dərd etməyə imkan verməmək baxımından da
distant təhsil işimizi yüngülləşdirir. Çünki bu cür
təhsilin subyektləri bir portalda bir-biri ilə tanış
olur, vahid informasiya məkanında ünsiyyət qururlar. Bu
üsul eşitmə orqanlarını itirən insanlara da təhsil verə
bilər. Sadəcə, bunun pedaqoji və sosial aspektləri
işlənib hazırlanmalıdır.
Layihədə iştirak etmək təhsil prosesinin bütün
iştirakçılarına geniş imkanlar açır. Məktəb rəhbərliyi
üçün təlim prosesinin idarə olunmasını optimallaşdırır;
məktəbdə pedaqoji kadr çatışmazlığını kompensasiya edir;
məktəbin vahid ümumtəhsil informasiya mühitini
formalaşdırır; şagird kontingentinə tələbat ödənir;
əlavə təhsil üçün imkanlar genişlənir; şagird üçün fərdi
plan tərtib edilir.
Müəllimlər üçün: o, internet-məktəbin tədris
materialları üzrə keyfiyyətcə yeni dərs təşkil edib
keçir; şagirdləri imtahana səmərəli hazırlayır; onlara
fərdi və diferensial yanaşmanı təmin edir; şagirdlərin
fəallığını yüksəldir; innovasiya təhsil texnologiyasını
mənimsəməklə özünün peşəkarlığını yüksəldir.
Valideynlər üçün övladının ümumtəhsil problemini həll
edir, övladının imtahan verəcəyi fənləri dərindən
öyrəndiyinə əmin olur, təlim prosesində iştirak edib
övladının uğurlarını izləyir, uşağın problemini
müəllimlə distant müzakirə edir.
Leyla İSAYEVA,
Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru |