Xocalı faciəsinin 21-ci ildönümünü Bakıdakı A.Xəlilov
adına 263 nömrəli tam orta məktəbin müəllim və şagird
kollektivi də təsirli mərasimlə qeyd etdi. Mərasimin
aparıcısı şagird Fidan Hüseynzadə faciənin
dəhşətlərini faktların dili ilə iştirakçılara elə
təsirli şəkildə çatdırdı ki, hər kəsin gözləri önündə
1992-ci il fevralın 25-dən 26-na keçən gecənin
mənzərəsi canlandı. Mərasim iştirakçıları həm də
səhnədəki böyük monitor vasitəsi ilə o dəhşətli günün
videogörüntülərini izlədilər. Məktəbin IV sinif
şagirdləri Fidan və Nərminin ifasında şair Əhməd
Cəmilin "Can nənə, bir nağıl de" şeirinin motivləri
əsasında hazırlanmış səhnəcik təqdim olundu. Aysel,
Aytac, Adil, Fatimə, Ləman və Dünyanın ifa etdikləri
səhnəciklər də iştrakçılarda kövrək hisslər yaratdı.
Tunarın tarda, Məleykənin kamançada ifa etdikləri
həzin musiqi parçaları isə tədbirin ən təsirli anları
kimi yadda qaldı. Dördüncülərdən Nicat, Ruslan, Fuad,
Kənan və başqalarının əsgər geyimində səhnədə görünməsi
sanki çiyinlərdən ağır yük götürdü. Qəlbi Vətən
məhəbbəti, Azərbaycan sevgisi ilə döyünən balaca
fidanlar torpaqlarımızı düşməndən azad edəcəklərinə
and içdilər. Hiss olundu ki, tədbiri hazırlayan ibtidai
sinif müəllimi Fəxrəndə Rəhimova onu ümidli notlarla
bitirməyi düşünüb.
Tədbirdə çıxış edən Ombudsman Aparatı Mətbuat
xidmətinin rəhbəri Zemfira Məhərrəmli, məktəbin
direktoru Nəsimi Abbasov, "Savalan" qəzetinin baş
redaktoru Eldar Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Metodmərkəzinin Xətai-Suraxanı metodik bölməsinin müdiri
Firduz Əhmədov Xocalı hadisələri haqqında danışıb,
məktəblilərin çıxışlarını yüksək qiymətləndirdilər, bu
işdə əməyi olanlara minnətdarlıqlarını bildirdilər.
Sonda hamı Xocalı faciəsinin canlı şahidi Əsli
Məmmədovanın o gecənin dəhşətləri haqqında hekayətini
dinlədi.
Yusif ƏLİYEV |