ABŞ-ın Corciya Dövlət Universitetinin professoru, vergi
işinin idarə edilməsi və planlaşdırılması üzrə tanınmış
mütəxəssis Tad D.Ransofer Azərbaycan Universitetində
olmuş, bu ali təhsil ocağının tələbə-müəllim heyəti ilə
görüşmüşdür. Görüşdə habelə Azərbaycan Auditorlar
Palatasının nümayəndələri də iştirak etmişlər.
Azərbaycan Universitetindən aldığımız məlumata görə,
görüşü bu ali təhsil ocağının rektoru Eldar Qəhrəmanov
açaraq hörmətli qonağı salamlamış, onu
universitetlərində görməsindən məmnunluq duyduğunu
bildirmişdir. AU ilə tərəfdaş olan Corciya Dövlət
Universitetinin professorunun səfərini yüksək
qiymətləndirən rektor, bu səfərin hər iki universitet
arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da
genişlənməsinə töhfə verəcəyini vurğulamışdır.
Tələbə və müəllim heyəti qarşısında çıxış edən professor
Tad D.Ransofer Corciya Dövlət Universitetində vergi işi
üzrə mütəxəssis hazırlanması prosesinin detalları,
məzunların iş perspektivləri və əmək bazarındakı
tendensiyalar barədə ətraflı məlumat vermişdir. O, eyni
zamanda uyğun təcrübənin Azərbaycan Universitetində BBA
və MBA proqramları üzrə təhsil alan tələbələrin tədris
proqramlarında tətbiq olunması istiqamətində hər zaman
yardımçı ola biləcəyini bildirmişdir.
Görüşdə vergi mütəxəssislərinin hazırlanması sahəsində
Azərbaycan Universiteti ilə Corciya Dövlət Universiteti
arasında elmi-praktik təcrübə, tələbə və müəllim
mübadiləsi, eləcə də sertifikat proqramları ilə bağlı
ətraflı müzakirələr aparılmışdır.
Qonaq görüş iştirakçılarının ABŞ-ın vergi siyasəti və
təcrübəsi ilə bağlı suallarını cavablandırmışdır.
Y.ƏLİYEV |