Azərbaycan
elmi-pedaqoji fikir sferasında İrəvan Pedaqoji Texnikumu
və İrəvan Pedaqoji İnstitutunun öz yeri vardır. Onlar
haqqında ədəbiyyatda az yazılsa da bu təhsil ocaqları
tariximizdə müəyyən izlər qoymuşdur. Azərbaycan elminin
və təhsilinin inkişafında bu təhsil müəssisələrinin
məzunlarının rolu da az olmamışdır.
İlk öncə onu deməliyik ki, İrəvanda heç zaman
azərbaycanlılar üçün ayrıca pedaqoji institut
olmamışdır, azərbaycanlı kadrlar İrəvan Erməni Pedaqoji
İnstitutunun nəzdindəki bölmələrdə hazırlanmışdır.
Ermənilər azərbaycanlılar üçün müstəqil ali təhsil
ocağının olmasına, yüzlərlə azərbaycanlının, həm də
müəyyən elmi-mədəni hazırlığa malik soydaşlarımızın bir
yerə toplanmasına qətiyyən imkan verməzdilər. Ona görə
də Ermənistanda azərbaycanlıların ali təhsil almaq
məsələsinə həmişə qısqanclıqla yanaşılmışdır.
Qərbi Azərbaycanın elmi potensialının mayasını təşkil
edən, deportasiyaya uğrayaraq 1948-ci ildə Bakıya
köçürülməklə fəaliyyətinə son qoyulan İrəvan Pedaqoji
İnstitutu nəzdindəki Azərbaycan bölməsi uzun və
kəşməkəşli bir yol keçmişdir.
Çox təəssüf ki, qədim tarixə malik olan Qərbi
Azərbaycanın zəngin mübarizə tarixi, maddi-mədəniyyət
abidələri, incəsənəti, etnoqrafiyası, o cümlədən məktəb
tarixi kifayət qədər sistemli öyrənilməmişdir. İrəvan
azərbaycanlıları təhsil sahəsində də zamanın sərt üzü
ilə dönə-dönə qarşılaşaraq amansız təqiblərə, mənəvi və
fiziki basqılara məruz qalaraq çıxış yolunu ancaq
Azərbaycana köçməkdə görmüşlər. Bir fakt danılmazdır ki,
erməni millətçiləri əsrin əvvəllərindən azərbaycanlıları
öz ata-baba yurdlarından çıxarmaqla soyqırımı siyasətini
ardıcıl davam etdirməyə cidd-cəhdlə çalışmışdılar.
Azərbaycanlılar isə necə olursa-olsun bu çətinliklərə
sinə gərməli olmuş və 70 il duruş gətirə bilmişlər.
Basqılar, təqiblər güclü olsa da, soydaşlarımızda elm,
təhsil həmişə müqəddəs amal kimi qalmışdır.
Sovet rejimi öz ideoloji dayaqlarını möhkəmləndirmək
məqsədilə Azərbaycanda ermənilərin, Gürcüstanda və
Ermənistanda azərbaycanlıların təhsil probleminin həlli
sahəsində də müəyyən işlər görmüşdür. Lakin digər
müttəfiq respublikalardan fərqli olaraq, şovinist
Ermənistanda azərbaycanlıların ali təhsil alması müşkül
məsələyə çevrilmişdi. "Böyük Ermənistan" xülyası ilə
yaşayan bu "fanatiklər" öz çirkin məqsədlərinin həyata
keçirilməsi üçün min cür hiylələrə əl atır,
azərbaycanlıların ali təhsil almalarını əngəlləyirdilər.
Yüz minlərlə soydaşımızın yaşadığı bu sovet
respublikasında onların ali təhsil almaları erməniləri
heç də narahat etmirdi. Ona görə də azərbaycanlılar ali
təhsil almaq üçün çox zaman Bakıya üz tutur, ümidlərini
Azərbaycana bağlayırdılar. Hər dəfə ali təhsilli
mütəxəssislərin hazırlanmasına dair məsələ qaldırılanda
ermənilər min bir bəhanə ilə buna imkan olmadığını
deyir, kadr çatışmazlığını əsas tutaraq, öz fikirlərini
bir sıra arqumentlərlə əsaslandırırdılar. Bəzi obyektiv,
subyektiv səbəblər də hər dəfə onların köməyinə gəlirdi.
Odur ki, Ermənistanda ali təhsilli azərbaycanlıların
sayı artmırdı, ayrı-ayrı rayonlarda ali təhsillilər
barmaqla göstərilirdi. Ermənilər də elə bunu
arzulayırdılar. Lakin bu məsələyə onlar nə qədər
müqavimət göstərsələr də, onun qabağını tam kəsə
bilmirdilər. Təsadüfi deyildir ki, 1924-1925-ci dərs
ilində azərbaycanlılar üçün ilk dəfə İrəvanda türk işçi
fakültəsi açıldı. Bu iş onların ürəyincə olmasa da, bu
fakültə 15 il fəaliyyət göstərə bildi, on beş il davam
edən bu fakültədə ilk ali təhsilli kadrlar hazırlandı.
Bu barədə mətbuatda da yazılar gedirdi. "Qızıl şəfəq"
qəzetində 1935-ci ildə bu barədə yazılan bir məqalədə
türk fakültəsinin çətinliklərlə qarşılaşmasından bəhs
edilirdi. Qəzetin məlumatına görə, burada cəmi 18 tələbə
oxuyurdu. Azərbaycan dilində ədəbiyyatın yoxluğu,
mütəxəssis kadrların çatışmaması işin keyfiyyətinə öz
təsirini göstərirdi.
1936-37-ci dərs ilində İrəvan Qiyabi Pedaqoji İnstitutu
da təsis edildi. Beynəlmiləlçilik siyasətinə müvafiq
olaraq onun nəzdində türk şöbəsi də açıldı. Lakin qəbul
qaydalarına, xüsusən azərbaycanlılarla bağlı qoyulan
bürokratik tələblər sənəd qəbulunu ləngidirdi. Axırda bu
bölmədə yerlər boş qalırdı. Ona görə də elə birinci il
"Türk məktəblərində coğrafiya, tarix müəllimlərinə olan
böyük ehtiyac nəzərə alınaraq" qiyabi institutun bu
bölməsinin coğrafiya və tarix şöbələrinə sənəd qəbulu
işi aprelin 10-dək uzadılmışdı. İlbəil yaranan
kəm-kəsirin hesabına Azərbaycan məktəblərinin kadr
çatışmazlığı o yerə çatdırılmışdı ki, məktəblər
bağlanmaq təhlükəsi ilə üzləşirdi, ona görə də əlavə
tədbirlərə əl atmaq lazım gəlirdi. Az sonra, yəni
1937-ci ildə İrəvanda ikiillik müəllimlər institutunun
Azərbaycan şöbəsi də açıldı. Burada 20 nəfərin əyani, 20
nəfərin qiyabi təhsil alması planlaşdırılmışdı. Tədris
prosesinin səmərəli təşkilinə imkan olmadığı üçün
müəllimlər əsasən Bakıdan dəvət olunurdu. Dərsliklər də
Bakıdan gətirilirdi. Lakin ehtiyac yalnız bununla
bitmirdi. Azərbaycanlılara lazımi şərait də
yaradılmırdı. Bir faktı xatırlatmaq yerinə düşərdi ki,
İrəvan Dövlət Universitetinin nəzdindəki şərqşünaslıq
fakültəsində azərbaycanlıların oxumasına hər cür
maneçilik törədilirdi. Bura maraq göstərənlər olsa da,
qarşıya belə bir tələb qoyulmuşdu ki, şərqşünaslıqda
oxuyanlar erməni dilini mükəmməl bilməlidirlər. Deməli,
o fakültədə yalnız ermənilər, ya da erməni məktəbini
bitirənlər oxuya bilərdi.
Bir haşiyə:
Sonralar Azərbaycan elminin korifeyi səviyyəsinə
yüksəlmiş filologiya elmləri doktoru, mərhum professor
Mirəli Seyidov İrəvan Pedaqoji İnstitutunun filologiya
fakültəsində təhsil alanda hiss edirdi ki, bu təhsil
onda olan güclü, daxili elm yanğınını təmin edə bilmir.
Ona görə də erməni dilini mükəmməl bildiyi üçün o,
1941-ci ildə İrəvan Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinin fars dili şöbəsinə daxil olur. Lakin 3-cü
kursda ikən universitetin rəhbərliyi onun gündüz
pedaqoji institutda, axşam isə universitetdə təhsil
almasından xəbər tutmuşdu. Çox çətinliklə olsa da,
Mirəli Seyidov 1945-ci ildə buranı bitirməyə müvəffəq
olur. Ermənilər bu istedadlı gəncin tədqiqatçılıq
marağını, çox dərinliklərə baş vurmasını elə o zaman
hiss etmişdilər. Ona görə də başqa bir azərbaycanlıya
belə fürsət verilməsini daha istəmirdilər. Təsadüfi
deyildir ki, sonralar İrəvandakı erməni qaynaqlarından
ilk dəfə geniş profildə tədqiqatçı kimi istifadə edən
azərbaycanlı alim də elə Mirəli Seyidov olmuşdur.
Həqiqətən, bu görkəmli alimin ötən əsrin 80-ci illərində
apardığı elmi axtarışlar məkrli qonşulara kəskin
cavablar verməkdə çox əhəmiyyətli idi. Hətta ermənilər
onu bütün ittifaqda şovinist alim kimi tanıtmaq üçün
əldən-ayaqdan gedirdilər. O zaman İrəvan Pedaqoji
İnstitutunun qonağı olan professor Həmid Araslı Mirəli
Seyidovun çox dəyərli tədqiqatları ilə tanış olaraq ona
Bakıya köçməsini məsləhət bilir. Deportasiyanın
başlanması ərəfəsində İrəvanda daha qala bilməyən
M.Seyidov tezliklə Bakıya gəlir. O danışırdı ki,
şərqşünaslıqda yalnız ermənilər oxuyurdu və ən millətçi,
şovinist ünsürlər də, o cümlədən daşnak ideyalı
müəllimlər də oraya toplaşmışdı. Erməni saxtakarlığının
ocağı olan bu fakültəni qapalı saxlayırdılar. Çünki
gələcək erməni tədqiqatçılarına özlərinə məxsus "iş
üsulu", yəni erməni saxtakarlığı da onlara elə burada
aşılanırdı. Onlar Matenadarandakı qiymətli əlyazmalarını
saf-çürük edir, özlərinə sərf etməyəndə planlı şəkildə
onu məhv edir, yandırır, imkan olanda isə
"özününküləşdirirdilər". Kim bilir, bizim mədəni
tariximizin nə qədər nadir inciləri orada indi də yatıb
qalmışdır.
Azərbaycanda isə ermənilərin təhsilinə kifayət qədər
qayğı göstərilirdi. Hələ ötən əsrin 30-40-cı illərində
Azərbaycan Pedaqoji İnstitutunda erməni bölməsi
fəaliyyət göstərirdi. Hətta qəbul planının 15-20 faizi
bu bölmə üçün nəzərdə tutulurdu. Erməni alimlər isə, hər
il bunun az olduğundan yuxarılara şikayət edirdilər, çox
vaxt öz məqsədlərinə nail olurdular.
Böyük Vətən müharibəsi illərində Ermənistan hökumətinin
yuxarı dairələrində oturan millətçi-şovinistlərin
əl-qolu nisbətən bağlanmışdı, onlar müvəqqəti olaraq öz
qınlarına çəkilmişdilər. Ona görə də bir sıra
görüntülərlə öz çirkin niyyətlərini ört-basdır
edirdilər. Artıq mətbuatda da kadr hazırlığı kəskinliyi
ilə qoyulurdu. Məsələn, "Zəngi" qəzetində xırda
millətlərin, o cümlədən azərbaycanlıların problemlərinə
toxunan məqalələrdə məktəblərin kadrsız qalmaması üçün
təcili tədbirlər görmək təklifləri irəli sürülürdü. Məhz
bunların təsiri idi ki, İrəvan Pedaqoji İnstitutunun 4
fakültəsinin Azərbaycan bölməsində dil-ədəbiyyat,
fizika-riyaziyyat, tarix-coğrafiya müəllimləri
hazırlanırdı. Onlar buna mane olsa da, bu prosesi
dayandırmağa qabil deyildilər. Azərbaycanlı ziyalılar
isə bu yolda öz səylərini davam etdirirdilər.
Uzun müddət Azərbaycan Pedaqoji İnstitutunda çalışmış
Fərhad Fərhadov 1942-1943-cü illərdə müharibədən
qayıtdıqdan sonra həm İrəvan Pedaqoji Texnikumunda, həm
də 1944-cü ildən başlayaraq İrəvan Pedaqoji İnstitutunda
dərs deməyə başlamışdır. O, 1945-ci ildə İrəvanda "Qədim
və orta əsrlər ədəbiyyatına dair oçerklər" kitabının
nəşrinə də nail olmuşdu. Lakin Mərkəzi hökumətin əli ilə
həyata keçirilən azərbaycanlıların "mədəni
deportasiyası" 1948-ci ildə onun da İrəvanı tərk
etməsilə nəticələnmişdir. Azərbaycan bölməsinin
cəfakeşlərindən olan professor Rəhim Allahverdiyev
(1907-1973) 1945-ci ildən deportasiyaya qədər İrəvan
Pedaqoji İnstitutunda dərs aparmışdır. İnstitut
köçürüləndə o da Bakıya gəlmiş, burada dissertasiya
müdafiə edərək, elmlər doktoru adını almış, 400-dən çox
məqalənin müəllifi kimi tanınmışdır.
Ermənilərin sıxışdırmalarının nəticəsi olaraq,
deportasiya ərəfəsində, yəni 1947-ci ildə İrəvan
Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin 4
fakültəsində cəmi 20 tələbə oxuyurdu. Bu elə vaxt idi
ki, azərbaycanlıların deportasiyasının yeni dalğası
gözlənilirdi. Elə bu zaman İrəvan Pedaqoji İnstitutunun
Elmi Şurası Azərbaycan bölməsinin işini müzakirəyə
çıxararaq, onları bir qədər də sıxışdırdı. 1947-ci il 22
iyunda bu barədə qəbul edilən qərara əsasən Azərbaycan
bölmələri erməni bölmələri ilə birləşdirildi. Azərbaycan
bölməsinin dekanları isə erməni bölməsi dekanlarının
müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar
qəbul etmək səlahiyyəti əllərindən alındı. Bununla da bu
fakültələrdə milli mənəvi dəyərlərə ağır zərbə vuruldu.
Müəllimləri də, tələbələri də məcbur edirdilər ki,
ermənilərlə birgə nəfəs alsınlar, necə deyərlər "onların
çaldığı havalarla oynasınlar". Ona görə də günü-gündən
Azərbaycan bölməsində kadr potensialı zəifləyirdi.
Buranın Azərbaycan bölməsində dərs deyənlərin çoxu
əsasən İrəvan Pedaqoji Texnikumuna keçirdilər. Çünki
stabil kollektivi parçalanan bu institutdan fərqli
olaraq texnikumda sanballı kadr potensialı hələ də
qalırdı. Bu mənəvi sıxıntılara baxmayaraq, bu prosesi
sönməyə qoymayan tarixi səbəblər də vardı. Xatırladırıq
ki, sovet hakimiyyətinin ilk illərində Ermənistanda da
Azərbaycan dilində təhsil ocaqları şəbəkəsinin
genişlənməsi orada təhsil alanların sayının sürətlə
artmasına təkan vermişdi. Sovet hakimiyyətinin ilk
illərində Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36,
1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə
isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki,
bunlardan da 45-i ancaq İrəvan qəzasında idi. Elə bu
sürətli inkişaf da ali təhsilin pedaqoji kadrlar
problemini zəruri edirdi. Ali təhsilli müəllimlər nəinki
çatışmırdı, onlar yox dərəcəsində idi. Bu məsələ 1922-ci
ildə Ermənistan Xalq Maarif Komissarlığı nəzdində
"Azlıqda qalan millətlər" şöbəsinin sənədlərində də öz
əksini tapmışdı. Müəllim kadrlarının yerləşdirilməsi
məsələsini də məhz bu şöbə qaldırmışdı. Ona görə də
məktəblərin müəllim kadrları ilə təmin olunması üçün ilk
vaxtlar İrəvanda xüsusi kurslar təşkil edildi. Bu
hazırlıq kurslarını birinci il 30 azərbaycanlı müəllim
bitirsə də, məktəblərin artmaqda olan tələbatı bununla
bitmirdi. Bu məqsədlə İrəvandan Bakıya 1923-cü ildə 16,
1925-ci ildə isə 38 nəfər müəllim ali təhsil
müəssisələrinə göndərilir. Onların ilk nümayəndələri
olan Zəhra Abbasova, Tacirə Bağırova kimi gənc qadınlar
ali təhsil aldıqdan sonra İrəvana qayıdaraq bu prosesə
qoşulmuşdular.
Lakin ali təhsil problemi yenə də öz həllini tapa
bilmirdi. Müəllim çatışmazlığı əldə bəhanə tutularaq çox
vaxt türk məktəblərinə qərəzli şəkildə erməni mənşəli
direktorlar təyin edilirdi, bir çox hallarda Azərbaycan
dilini bilməyən ermənilər azərbaycanlılara dərs
deyirdilər, onlara rəhbərlik edirdilər. Bu azmış kimi,
müəllim kadrlarına ciddi ehtiyac olduğu halda, yüzlərlə
azərbaycanlı tələbəyə "bəy", "xan", "mülkədar",
"qolçomaq", "kulak" və s. övladı damğası vuraraq
pedaqoji təhsil müəssisələrindən xaric edirdilər. Təkcə
1930-35-ci illərdə 102 nəfərdən artıq azərbaycanlı
tələbə və müəllim bu adlarla repressiyaya məruz
qalmışdılar.
Azərbaycanlıların savadlanmasının qarşısını almaq üçün
pedaqoji kadr hazırlığına hər cür maneçilik törədilsə
də, onlar öz fəaliyyətlərini davam etdirdilər. Məsələn,
1940-cı ildə İrəvanda Pedaqoji İnstitutun nəzdindəki
Azərbaycan bölməsi və 2 Azərbaycan texnikumu (pedaqoji
və kənd təsərrüfatı texnikumları) fəaliyyət göstərirdi.
"Sovet Ermənistanı" qəzetində pedaqoji texnikum haqqında
deyilirdi: "1925-ci ildə yeni təşkil olunarkən burada 30
tələbəni əhatə edən bir sinif olduğu halda, 1940-1941-ci
dərs ilində 400-dən çox tələbəni əhatə edən 18 sinif
vardı. Yalnız 1940-1941-ci dərs ilində məktəbə 232
tələbə qəbul olunmuşdur. Məktəb birinci buraxılışında
(1928-29-cu il) 28 nəfər, ikinci buraxılışda isə
(1929-30-cu il) azərbaycanlı məktəblərinə 32 müəllim
vermişdi. 1940-41-ci dərs ilində məktəblərimizə 150
nəfər müəllimin verilməsi nəzərdə tutulmuşdu".
Ümumiyyətlə, pedaqoji texnikum 1928-ci ildən 1941-ci ilə
qədər 836 müəllim, eyni müddət ərzində məktəbin qiyabi
şöbəsi 242 müəllim, həmçinin birillik müəllimlər kursunu
bitirən təxminən 150-dən artıq müəllim hazırlamışdı.
Özünün 15 illik fəaliyyəti müddətində pedaqoji məktəbin
1228 nəfər məzunu müəllim diplomuna layiq görülmüşdü.
1947-ci ilə qədər isə texnikumu 1370 nəfərə qədər
pedaqoji təhsilli müəllim başa vurmuşdur. Çox təəssüf
ki, ali təhsilə rəvac verilmirdi.
Azərbaycanın bir çox görkəmli ziyalıları:
C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Müşfiq, M.Hüseyn, Əli
Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Əbülhəsən,
Sabit Rəhman, Mikayıl Rəfili, Süleyman Rüstəm və
başqaları bu təhsil ocağının qonağı olanda ali təhsil
alan tələbələri də bu görüşlərə dəvət edirdilər. Bu
təhsil ocaqları arasında sıx əlaqə vardı.
Ümumiyyətlə, İrəvanda azərbaycanlıların ali təhsilə
cəlbinə laqeydliklə yanaşılırdı. Xatırladırıq ki,
1936-cı ildə Qərbi Azərbaycan məktəblərində dərs deyən
541 nəfər müəllimdən cəmi 5-i ali təhsilli idi. Bu işə
1935-ci ildə Gümrüdə və Dilicanda təşkil edilmiş
ikiillik qiyabi pedaqoji institutların bir qədər köməyi
dəymişdi. Buraya Bakıdan dəvət edilmiş professor Əhməd
Seyidov - pedaqogikadan, Muxtar Qasımov -
marksizm-leninizmdən, Məmmədağa Şirəliyev - Azərbaycan
dilindən, Məmməd Abbasov-psixologiyadan dərs deyirdilər.
Məhz onların köməyilə 1937-ci ildə İrəvan Pedaqoji
İnstitutunda Azərbaycan şöbəsinin açılması bu sahədə
müəyyən irəliləyişin yaranmasına səbəb olmuşdu. Bir
sözlə, birinci dərəcəli məktəblərdən tutmuş,
texnikumlar, ikiillik qiyabi pedaqoji institutlar və
pedaqoji institutun Azərbaycan bölməsinədək azərbaycanlı
gənclər səylə öz təhsillərinə davam edirdilər.
İrəvanda və eləcə də bütün Ermənistanda
azərbaycanlıların savadlanmasına ciddi çətinlik törədən
əsas iki amil var idi. Birinci amil ondan ibarət idi ki,
min ildən artıq bir dövrdə azərbaycanlılar ərəb əlifbası
əsasında təhsil almışdılar. Yeni təhsil sistemi isə bunu
qəbul etmirdi. Hər şeyi yenidən başlamaq lazım gəlirdi.
İkinci amil o idi ki, yerlərdə buna mane olurdular,
ermənilərin millətçiliyi asta-asta öz işini görürdü.
1935-ci ildə Ermənistanda sovet hakimiyyətinin yubileyi
günlərində belə azərbaycanlıların təhsil alması üçün
hələ də normal şərait yaradılmamışdı. Bu haqda "Qızıl
şəfəq" qəzetində bir sıra məqalələr də dərc edilmişdi.
Belə məqalələr vəziyyətin ağırlığından xəbər verirdi.
Məktəblilərin işini qaydaya salmaq üçün ali təhsillilərə
ciddi ehtiyac yenə də qalırdı. Bütün çətinliklərə
baxmayaraq, İrəvanda yaşayan Cahangir Ələkbərbəyov, Bala
Əfəndiyev, Mehdi Kazımov, Miryusif Mirbabayev, Abbas
Fərəcov, Sadıq Fərəcov, Rza Vəlibəyov, Rza Şeyxzadə,
Əkbər Rzayev, Əsgər Əsgərzadə, Rəhim Allahverdiyev,
Cəfər Vəlibəyov, Bəhlul Yusifov, Ələşrəf Bayramov, Həbib
Məmmədzadə, Əli Yüzbaşıyev, Zaman Vəliyev, Bülbül
Kazımova, Tacirə Bağırova, Fatma Qədimova, Həqiqə
Abbasova və onlarla başqa azərbaycanlı ziyalı İrəvanda
elmin, maarifin, mədəniyyətin inkişafında yorulmadan,
ləyaqətlə çalışırdılar. Bu millətsevər ziyalılar xalqın
savadlanması üçün dərs deməkdən əlavə, elmin, maarifin
əhəmiyyəti haqqında təbliğat aparır, məruzələr edir,
məqalələr, proqram, dərs vəsaiti və dərsliklər
yazırdılar, "Sovet Ermənistanı", "Qızıl şəfəq"
qəzetlərində çıxış edirdilər.
Lakin azərbaycanlıların kütləvi deportasiyası
yaxınlaşırdı. SSRİ Nazirlər Sovetinin Azərbaycan xalqına
qarşı tarixi cinayət aktı olan 1947-ci il 23 dekabr və
1948-ci il 10 mart tarixli qərarlarından sonra
köçürülməsi vacib olan obyektlərdən biri kimi siyahıda
İrəvan Pedaqoji Texnikumu ilə yanaşı, İrəvan Pedaqoji
İnstitutunun Azərbaycan bölməsi də salındı. Köçürmə
zamanı Azərbaycanın gələcək alimləri professor Zərifə
Budaqova, professor Bağır Bağırov, uzun müddət
"Azərbaycan məktəbi" jurnalının baş redaktoru işləmiş,
əməkdar müəllim Zəhra Əliyeva və başqaları da öz
təhsillərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda
davam etdirməli oldular.
Bir haşiyə:
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin acı
taleyindən söz açanda Azərbaycan qadın dilçiləri
arasında ilkin olaraq filologiya elmləri namizədi adını
alan, sonralar Azərbaycan SSR EA-nın müxbir üzvü,
Dilçilik İnstitutunun direktoru səviyyəsinə yüksələn
Zərifə Budaqovanın tərcümeyi-halından bir hissəni yada
salmaqla onun İrəvan Pedaqoji İnstitutu ilə bağlı bəzi
nüansları xatırlamağa ehtiyac duyulur:
İrəvan şəhərində orta məktəbin yeddinci sinfini
bitirdikdən sonra 1942-1945-ci illərdə İrəvan Pedaqoji
Texnikumunda oxuyan Zərifə Budaqova 1946-cı ildə İrəvan
Pedaqoji İnstitutunun Azərbaycan filologiyası
fakültəsinə daxil olur. Həmin fakültə 1948-ci ildə
Bakıya köçürüləndə o, təhsilini 1949-cu ildə Bakıda başa
vurdu, elmi istiqamət götürdü və aspiranturaya daxil
oldu. O, öz elmi tapıntıları ilə xalqımızın alim qızı
kimi layiqli ad qazandı.
Başqa bir haşiyə:
Azərbaycan təhsil işçilərinin yaxşı tanıdığı, uzun
müddət Maarif Nazirliyində Baş Məktəblər idarəsinin
rəisi, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru
işləmiş mərhum Zəhra Əliyeva 1942-ci ildə İrəvan
Pedaqoji Texnikumuna daxil olmuş və texnikumu 2 ilə
bitirmişdir. O, 1946-1948-ci illərdə İrəvan Pedaqoji
İnstitutunda oxuyarkən arxivlərə də baş vurmuşdur.
Sonralar ədəbi əlaqələrlə bağlı namizədlik işini
yazarkən yenidən İrəvan arxivlərinə müraciət etmişdir.
O, Avetik İsaakyanın arxivində bir qeydə rast gəlmişdi.
Orada Avetik İsaakyanın əli ilə yazılmışdı ki, bir qrup
Azərbaycan yazıçısı İrəvana səfərə gedərkən Səməd Vurğun
Qazaxda gecələməli olur. Onu qarşılamaq üçün Avetik
İsaakyan Dilicana gəlir. Onunla görüşürlər, maşınla
gedərkən yolun kənarında bir çobana rast gəlirlər. Səməd
Vurğun maşını dayandırır və Avetik İsaakyandan xahiş
edir ki, bu mənzərəli yerdə bir quzu alıb bulağın
başında kabab çəksinlər. Razılaşırlar. Səməd Vurğun
quzunun pulunu çobana vermək istəyəndə Avetik İsaakyan
ona mane olur və deyir ki, əzizim Səməd, sən qonaqsan,
pulu biz verməliyik. Səməd Vurğun isə pulu çobana uzadır
və özünəməxsus təmkin və sərtliklə, "Nə vaxtdan mən öz
torpağımda qonaq sayılıram", - deyir. Sonralar bunu
qələmə alan Avetik İsaakyan qeyd edir ki, mən onda başa
düşdüm ki,
"Yenə gördüm səni, Dilcan dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir",
- deyəndə Səməd Vurğun nəyə işarə edirmiş (Yəni, bu
yerlərin qədim Azərbaycan torpaqları olduğunu nəzərdə
tuturmuş). Sonra Avetik İsaakyan qeydlərini aşağıdakı
sözlərlə bitirir: "Bizim nəsillər bilsin ki, S.Vurğun
beynəlmiləlçi yox, qatı millətçi olmuşdur". Zəhra xanım
bu sənədin üzünü köçürə bilməmişdi, əlbəttə, buna imkan
da verilməzdi, ancaq məzmununu yaddaşında yaxşı saxlaya
bilmişdi. Zəhra xanımın dediyi kimi qəzetlərimiz də bunu
çap edə bilməzdi. Məlum səbəblərdən o özü də buna israr
etməmişdir. Lakin zaman belə sirləri saxlamır... İndi
bunu hamı bilməlidir. Zəhra xanım o illəri xatırlayaraq
"Azərbaycan məktəbi" jurnalında yazırdı: -
"Azərbaycanlıların Ermənistandan deportasiya edildiyi
1948-ci ildə İrəvan Pedaqoji İnstitutunun nəzdində olan
Azərbaycan şöbəsini bağladılar. Yeni dərs ilinin ilk
günlərindən müəllimlərimizə və biz tələbələrə institutun
binasına daxil olmağa belə icazə vermədilər. Tələbələrin
bir hissəsi, o cümlədən mən N.Tusi adına ADPU-da
təhsilimizi davam etdirdik, əksəriyyəti isə Azərbaycanın
müxtəlif rayonlarına köçdüyü üçün təhsilini davam etdirə
bilmədilər" ("Azərbaycan məktəbi", 1998, № 1).
Zəhra Əliyevanın yazdığına görə, o zaman bu tələbələrin
taleyi ilə maraqlananlar az olsa da, APİ-də kafedra
müdiri işləyən professor Mehdi Mehdizadə bu tələbələrin
aqibəti ilə çox maraqlanırmış. Hətta İrəvan şəhərindən
zorla köçürülən tələbələrin qrupunda pedaqogikadan
mühazirəni o özü oxuyurmuş. O bu tələbələrə çox
qayğıkeşliklə yanaşırmış.
Beləliklə, rəsmi bir qərarla dövlət siyasətinin nəticəsi
olan soyqırımla azərbaycanlıların ali təhsil almaq
məsələsinə son qoyuldu. Lakin tarix təkrar olunur.
İrəvan ziyalıları deportasiyadan əvvəlki vəziyyətə
qayıtmaq üçün əzmlə çalışırdılar. Bu məqsədlə yuxarı
distansiyalara çoxlu ərizələr gedirdi. O da məlumdur ki,
deportasiyadan sonra Ermənistanda yüz minlərlə
azərbaycanlı qalırdı, həm də 1948-1953-cü illər
deportasiyası Stalinin ölümündən sonra dayandırılmışdı.
Hətta azərbaycanlıların bir qismi yenidən Ermənistana
qayıdırdı. Ermənilərin millətçi-şovinist
əhvali-ruhiyyəsi də bir qədər mülayimləşmişdi. Stalinin
ölümündən sonra imperiyanın siyasətində də dəyişiklik
əmələ gəlmişdi. Ona görə də, 1954-cü ildə İrəvan
Pedaqoji İnstitutu nəzdində yenidən Azərbaycan şöbəsi
açıldı. İki fakültəyə: Azərbaycan dili və ədəbiyyatı,
fizika-riyaziyyat fakültələrinə qəbul üçün "Sovet
Ermənistanı" qəzetində elan verildi. Hər fakültə üçün 25
nəfər planlaşdırılmışdı. Çoxdan bəri bunu gözləyən
azərbaycanlı gənclərinin sevincinin hədd-hüdudu yox idi.
Bakıya gəlməyə imkanı olmayanlar üçün bu vəziyyət lap
göydəndüşmə olmuşdu. Təşkilati məsələlər başlandı.
İrəvandakı ziyalıların instituta müəllim kimi cəlb
edilməsi birinci addım oldu. İrəvanın çox hörmətli
ziyalıları bunu rəğbətlə qarşıladılar. İrəvan ziyalıları
instituta üz tutdular. Ermənistanda nəşr olunan "Qızıl
şəfəq" qəzetinin, həmçinin "Sovet Ermənistanı" qəzetinin
baş redaktoru olmuş, bir neçə çağırış Ermənistan Ali
Sovetinə deputat seçilmiş Rza Vəlibəyov (1903-1974) bu
işə həvəslə qoşuldu və o, İrəvan Pedaqoji İnstitutunun
Azərbaycan bölməsinin ilk müəllimlərindən biri oldu və
burada siyasi iqtisad fənninin tədrisi ona həvalə
edildi. Eləcə də Azərbaycan pedaqoji ictimaiyyətinə
yaxşı tanış olan Ermənistan Ali Soveti sədrinin
müavini, "Sovet Ermənistanı" qəzetinin baş redaktoru
Məhərrəm Bayramov xarici ədəbiyyatın tədrisini üzərinə
götürdü. Çox təəssüf ki, onun da həyatı faciə ilə
nəticələndi. Tanınmış rəssam, 500-dən çox əsərin
müəllifi Cabbar Quliyev də Azərbaycan şöbəsində dərs
aparırdı. "Sovet Ermənistanı" qəzetinin baş redaktorunun
müavini Sabir Əsədov isə fəlsəfə dərslərini aparırdı.
Mərd, cəsarətli bir insan olan Sabir müəllim bu
institutun Azərbaycan bölməsinin nüfuzunun qorunub
saxlanmasına çox böyük səy göstərmişdi. Onun bu sahədəki
xidmətləri hörmətlə yad edilir. Uzun müddət İrəvan
Pedaqoji Texnikumunun direktoru işləmiş Bəhlul Yusifov
da Azərbaycan bölməsinin aparıcı müəllimlərindən biri
idi. Azərbaycan bölməsində bunlardan əlavə, filologiya
elmləri doktoru Əkbər İrəvanlı, Əli Dalqılıçov, Adil
Süleymanov, Fərrux Rzayev, Mikayıl Heydərov, Lətif
Hüseynzadə, Məhərrəm Hüseynov, Arzuman Qəmbərov kimi
irəvanlı alimlər də çalışırdılar. Ümummilli liderimiz
Heydər Əliyevin müəllimi olmuş Lətif Hüseynzadənin
xidmətləri də danılmazdır. Tələbələri onu indi də yaddan
çıxarmırlar. Lakin iki buraxılışdan sonra
fizika-riyaziyyata qəbul dayandırıldı. Az sonra, yəni
1958-ci ildə Azərbaycan dili və ədəbiyyat fakültəsinin
də profilində dəyişiklik edildi və ədəbiyyatla yanaşı,
onlara tarix ixtisası da verildi.
Qədim tarix üzrə əhəmiyyətli lüğət hazırlamış və
Herodotun əsərlərini Azərbaycan dilinə tərcümə etmiş
görkəmli alim, ADU-nun professoru, kafedra müdiri Mehdi
Erivanski İrəvan Pedaqoji İnstitutunda mühazirə oxumağa
dəvət edilmişdi. O, eyni zamanda Mahaçqala və
Pyatiqorskinin ali məktəblərində də mühazirə oxuyurdu.
Onun tələbəsi olmuş AMEA-nın Tarix İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub
Mahmudov xatırlayır ki, "O, gözəl pedaqoq, alim olmaqla
yanaşı, həm də çox milli adam idi". Belə bir adamın
İrəvan Pedaqoji İnstitutunda dərs deməsi böyük hadisə
idi. 1950-ci ildə İrəvan Pedaqoji İnstitutunun
tarix-filologiya fakültəsini bitirən mərhum lüğətşünas
İbrahim Xəlilovun dediklərindən: "1957-58-ci illərdə
Mehdi Erivanski bizə İrəvan Pedaqoji İnstitutunda dərs
deyirdi. Bir gün yay aylarında imtahandan sonra İrəvanın
təxminən 25-30 km-də yerləşən Dərəçiçək kəndinə getdik.
Xoş bir məclisdən sonra Mehdi müəllim oturmuş vəziyyətdə
əli ilə ətrafdakı təpələrin üstündəki sarayları göstərib
dedi: "Bunlar babamın mülkləridir, yay aylarında gəlib
burada dincəlirdik". Azərbaycan dili və ədəbiyyat
bölməsində professor Knyaz Mirzəyev də aparıcı
şəxsiyyətlərdən sayılırdı. O, həm də formal da olsa,
dekan müavini vəzifəsini aparırdı. Hazırda o, Almatı
Dövlət Universitetinin professorudur, akademikdir.
Azərbaycan bölməsinin müəllimlərindən professor Hüseyn
İsmayılov İrəvandan gələndən sonra Azərbaycan MEA-nın
Folklor İnstitutuna başçılıq etmişdir. Adıçəkilən
müəllimlər Azərbaycan bölməsini, demək olar ki, öz
gücləri hesabına yaşada bilirdilər. Onlar qorxmadan,
çəkinmədən axır günlərə qədər öz mübarizliyindən əl
çəkmədilər. Sonralar isə, təbii ki, onlar yenə həyatda
öz yerlərini tutdular. Azərbaycan dili kafedrasının
müəllimi Aida Salahova hazırda Azərbaycan Dövlət Neft
Akademiyasında kafedra müdiridir. Biologiya müəllimi
Arzuman Qəmbərov Təhsil Problemləri İnstitutunun aparıcı
elmi işçisidir. Filologiya elmləri namizədi Məsim
Məmmədov, dosent Həsən Səfərov dünyasını dəyişmişlər.
İrəvan Pedaqoji İnstitutunun tarix-filologiya
fakültəsinin məzunları da öz iş yerlərində sayılıb,
seçilən kadrlar kimi tanınmışlar. İlk məzunlardan olan
Məmməd Kərimov uzun müddət Azərbaycan Milli
Ensiklopediyasında şöbə müdiri, ensiklopediyanın
redaktorlarından biri olmuşdur. Nəsilli-nəcabətli bu
şəxsin atası Məmmədrəhim müəllim özü də İrəvan Pedaqoji
Texnikumunun ilk məzunlarından biri kimi, öz
kəndlərindəki ibtidai məktəbin əsasını qoymuşdu.
Məzunlardan Rəşid Quliyev Amasiya rayonunda ən qabaqcıl
məktəblərdən birinin direktoru olmuşdur. 1988-ci il
hadisələrindən sonra da o Bakı şəhəri Qaradağ rayonunda
məktəb direktoru işləmişdir. Onun böyük qardaşı Ənnağı
İrəvan Pedaqoji Texnikumunun məzunu, digər qardaşı Əli
İrəvandan köçürülən Xanlar Pedaqoji Məktəbinin məzunu
olmuşdur. Rəşid müəllim Qərbi Azərbaycanda böyük
ənənələri davam etdirən maarif işçisi kimi tanınırdı. 60
illiyi münasibətilə Rəşid müəllim Azərbaycan
Respublikası təhsil naziri Misir Mərdanovun imzası ilə
Fəxri fərmanla təltif edilmişdir. Tarix-filologiya
fakültəsinin məzunlarından Yunis Yusifov, Eldar Sadıqov,
Yunis Məmmədov, Rəşid Talıbov (Aşıq Ələsgərin nəvəsi),
Hüseyn Əmirov, Knyaz Əyyubov, Xurşud Məmmədov, Tariyel
Tağıyev, İskəndər Mirzəliyev və başqaları müxtəlif
vəzifələrdə çalışmış, onların bir qismi dissertasiya
müdafiə edərək elmlər doktoru, elmlər namizədi adını
almışlar.
Təxminən on il sonra, yəni 1963-cü ildə İrəvan Pedaqoji
İnstitutunun tarix-filologiya fakültəsinə qəbul
dayandırıldı, yalnız ibtidai sinif müəllimi hazırlayan
25 nəfərlik qrup saxlandı. Buraya yenə də Bakıdan
müəllimlər dəvət olunurdu. Azərbaycan EA-nın müxbir üzvü
Maqsud Cavadov, Azərbaycan alimlərindən: Zeynal
Tağızadə, Azər Hüseynov, Həmid Əliyev, Elməddin
Əlibəyzadə, Mehdi Erivanski kimi alimlər tez-tez İrəvana
ezam olunur, bir müddət orada qalır, ixtisasları üzrə
dərs aparırdılar. Hər dəfə onların gəlişi bu instituta
yeni ab-hava gətirirdi.
İrəvan Pedaqoji İnstitutunun rəhbərliyini isə bunlar az
maraqlandırırdı. Ona görə də bəzi dərslər boş keçir,
nəticədə tədrisin keyfiyyəti aşağı düşür, Azərbaycan
bölməsinin mövqeyini zəiflətmək siyasəti davam
etdirilirdi.
Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan
bölməsinə rəhbərlik erməni bölməsinin dekanlarına
tapşırılmışdı. Azərbaycan bölməsini illər boyu "yamaq"
kimi sıxışdırırdılar. Tələbələr hər bir adi məsələ üçün
yalnız milliyyətcə erməni olan dekana müraciət etməli
idilər. Azərbaycan bölməsi müəllimlərinin təşkilati
işlərə qarışması yalnız onların vasitəsilə mümkün
olurdu.
Daim təqiblərə məruz qalan İrəvan Pedaqoji İnstitutunun
Azərbaycan bölməsinin ən ağır günləri yaxınlaşırdı. XX
əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ
məqamında və ilk növbədə Ermənistan SSR ərazisində
antiazərbaycan, antitürk təbliğatı gücləndirildikdə
ermənilər öz çirkin niyyətlərini açıq-aşkar
reallaşdırmağa imkan tapdılar. Nəticədə Ermənistan SSR
ərazisindən, öz tarixi etnik torpaqlarından - 185
kənddən və başqa yaşayış məntəqələrindən 250 min
azərbaycanlı qovuldu. Ermənistan SSR monoetnik bir
qondarma "dövlət"ə çevrildi. 1988-ci il Dağlıq Qarabağ
hadisələri İrəvan Pedaqoji İnstitutunda toplanmış
daşnakların da iç üzünü açdı, gizli düşmənçilik hissləri
baş qaldırdı. Onlar mübarizənin açıq formasına keçdilər.
İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili dərslərini
aparmış, 1988-ci il hadisələrinin canlı şahidi olmuş,
hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində
filologiya fakültəsinin dekan müavini işləyən, dosent
Məhərrəm Hüseynovun dediklərindən:
- Dağlıq Qarabağ hadisələri başlanana qədər Azərbaycan
şöbəsinə biganəlik örtülü şəkildə gedirdi. Hər il 25
nəfər azərbaycanlı tələbənin qəbuluna onlar müxtəlif
yollarla maneçilik törədirdilər. Qəbul imtahanlarını
ixtisas fənlərindən azərbaycanlılar, xarici dildən isə
ermənilər götürürdülər. Xarici dil sona saxlanılırdı.
Əvvəlki imtahanlardan qiymət alanlara məhz bu imtahanda
divan tutulurdu. Abituriyentlərin çoxuna qeyri-müvəffəq
qiymət verilirdi. Ona görə də hər il qəbul planı
dolmurdu. Boş yerləri isə erməni bölməsinə verirdilər.
Hər il axıra 18 nəfərdən artıq qalmırdı. 1988-ci il
qəbulunda isə vəziyyət daha da ağırlaşdı. Saqqallılar
imtahanın gedişinə müdaxilə edirdi. Bir də görürdün ki,
bir neçə saqqallı imtahana girir, azərbaycanlı
tələbələrin üst-başını gəzir, onları təhqir edirdilər.
Onların bu təzyiqinin nəticəsi idi ki, həmin il cəmi 9
nəfər müvəffəq qiymət ala bilmişdi. Məlumdur ki, onlara
da burada oxumaq qismət olmadı. Vəziyyət isə günü-gündən
ağırlaşırdı. Sumqayıt hadisələrindən sonra keçirilən bir
yığıncaqda SSRİ xalq artisti, kinorejissor Henrix Malyan
açıq-aşkar bildirdi ki, əgər Bakının ali məktəblərində
erməni bölməsi yoxdursa, İrəvanda niyə belə bölmələr
saxlanmalıdır. Ona qocaman professorumuz Knyaz Mirzəyev
çox kəskin cavab verdi. O dedi ki, Bakı ali
məktəblərində həmişə erməni bölmələri olubdur. Lakin
Stepanakertdə (Xankəndində) ayrıca pedaqoji institut
yaradılanda o bölmələr bu instituta köçürülmüşdür. Onlar
isə öz qərəzli iddialarından əl çəkmirdilər və
açıq-açığına deyirdilər ki, artıq SSRİ yoxdur, daha heç
kəs bizi türklərlə dostluq etməyə məcbur edə bilməz.
Ermənistanı Qarabağ Komitəsi idarə edirdi. Belə günlərdə
çağırılan Elmi Şuranın iclaslarının birində Nalbandyan
familiyalı bir alim tələb etdi ki, Sumqayıtda baş verən
hadisələr üçün azərbaycanlı müəllimlər erməni xalqından
üzr istəsinlər. Qocaman professor Fərrux Rzayev
çəkinmədən ayağa durdu və "hələ bilmək olmaz kim kimdən
üzr istəməlidir", - cavabını verdi. Artıq bıçaq sümüyə
dirənmişdi. Pedaqoji İnstitutun Azərbaycan bölməsi son
günlərini yaşayırdı. Pedaqoji İnstitutun Elmi Şurasında
Azərbaycan bölməsinin bağlanması məsələsi qoyuldu. Lakin
bizim arqumentlərimiz onlarınkından daha tutarlı olduğu
üçün Elmi Şura Azərbaycan bölməsini bağlamaq qərarını
açıq qoydu. Yəqin düşünürdülər ki, onsuz da bu bölmə öz
fəaliyyətini dayandıracaqdır. Bütün bunlar isə
ermənilərin şovinist fikirlərinin cücərməsinə hər gün
münbit şərait yaradırdı.
Bakıda, Azərbaycan Pedaqoji İnstitutunda isə uzun illər
erməni bölməsindəkilərə qayğı ilə yanaşılırdı. Hətta
sonra bu bölmə genişləndirilərək Xankəndində müstəqil
pedaqoji institut kimi fəaliyyət göstərdi. Əlbəttə,
bütün bunlar tarixdə ermənilərlə azərbaycanlıların hər
birinin bir millət kimi hansı səviyyədə dayanmalarına ən
tutarlı sübut kimi qalacaqdır və tarix bunlara öz həqiqi
qiymətini verəcəkdir. Çox təəssüf ki, bu kiçik yazımızda
Azərbaycan bölməsinin tarixinə dair əlçatmaz faktlara
istinad edə bilmədik. Lakin nələrisə unutmamaq üçün
deməyi lazım bildik.
Əminik ki, Qərbi Azərbaycanda məktəb, təhsil məsələləri
milli tariximizin şanlı səhifələri kimi hələ bundan
sonra da öyrəniləcək, ermənilərin məkrli niyyətlərinə
obyektiv qiymət veriləcəkdir.
Nəcəf NƏCƏFOV,
ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
dosenti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar
müəllim,
akademik M.Mehdizadə və "Qızıl qələm" mükafatları laureatı |