Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

 "Google SketchUp qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model" adlı müsabiqə keçirildi

 

2011-2012-ci tədris ilində 7-ci sinif "İnformatika" dərsliyinə Google SketchUp qrafik redaktoru daxil edildi. Google SketchUp proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir proqramlardandır. Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün Google SketchUp proqramı çox uğurlu başlanğıcdır.

Bu proqramda iş vərdişlərinin formalaşdırılması informatikanın riyaziyyat, təsviri incəsənət, texnologiya fənləri ilə inteqrasiyasını təmin edir. Bu baxımdan informatika özünün metafənn statusunu bir daha təsdiq etmiş olur. Şagirdlərin bu tipli tətbiqi proqramlara olan hədsiz maraqlarını, məktəblilərin və informatika müəllimlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq dərslik müəllifləri "Bakı" nəşriyyatının dəstəyi ilə "Google SketchUp qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model" adlı müsabiqə keçirmək qərarına gəldilər.

Bu ilin yanvar ayında Facebook sosial şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda və www.informatik.az saytında belə bir müsabiqənin keçiriləcəyi haqqında elan verildi. Müsabiqənin iki turda keçirilməsi qərara alındı. Birinci turda müəllimlər öz məktəblərindən ən yaxşı işi göstərilən sayta göndərir və ikinci turda iştirak etmək üçün qeydiyyatdan keçirdilər.  Müsabiqənin şərtlərinə görə ikinci turda hər məktəbdən yalnız bir şagird iştirak edə bilərdi. 

Müsabiqənin yekun turu 24 fevral 2013-ci il tarixində Bakı şəhəri Binəqədi rayonu 283 nömrəli tam orta məktəbdə keçirildi.  Müsabiqə ilk dəfə keçirildiyindən ikinci turun yalnız Bakı və Sumqayıt məktəbliləri arasında keçirilməsi nəzərdə tutulmuşdu. Lakin gözlənilmədən müsabiqəyə Şəki və Şamaxı şəhərlərindən də şagirdlər gəlmişdilər. Münsiflər heyəti soyuq və yağmurlu hava şəraitində uzaq yol qət edib müsabiqəyə gəlmiş şagirdlərin həvəsini yüksək qiymətləndirərək onların da bu turda iştirakına icazə verdi.

Müsabiqənin başqa bir özəlliyi də var idi. Şagirdlərlə birlikdə gəlmiş müəllim və valideynlərə müsabiqənin işində çox yaxından iştirak etmək imkanı verilmişdi. Beləliklə, müsabiqənin ikinci turunda 20 şagird: Şamaxıdan 1, Şəkidən 1, Sumqayıtdan 2, Bakıdan isə 16 məktəbli iştirak edirdi. Doğrudur, Google SketchUp proqramını dərsliyə daxil edərkən onun şagirdlər arasında böyük marağa səbəb olacağı gözlənilirdi. Ancaq respublika məktəblilərinin bu qısa müddətdə proqramı belə mənimsəmələri dərslik müəllifləri, müəllimlər və valideynlər üçün xoş sürpriz idi.

Əvvəlcədən 5 tarixi memarlıq abidəsi seçilmişdi: Hökumət evi, Nizami məqbərəsi, Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Opera və Balet Teatrının binası. Püşkatma nəticəsində 5 obyekt arasından Opera və Balet Teatrının binasının şəkli seçildi. 2 saat ərzində şagirdlər Google SketchUP proqramında onun 3D modelini hazırlamalı idilər. İlk baxışdan tapşırıq çox mürəkkəb görünürdü. 20-ci əsrin əvvəllərində inşa edilmiş bu memarlıq incisinin 7-ci sinif şagirdləri tərəfindən üçölçülü modelinin hazırlanması şagirdlərdən təkcə Google SketchUp proqramında işləmək bacarığı tələb etmirdi. Onlar həm də fəza təsəvvürlərini nümayiş etdirməli, fotoşəkillər əsasında binanın bütün tərəflərdən görünüşlərini yaratmalı idilər. Binanın bir neçə tərəfdən görünüşü dərhal çap edilərək hər bir şagirdə verildi. Bütün müsabiqə müddəti binanın fotoşəkli proyektorla da nümayiş etdirilirdi.

İlk dəqiqələrdən şagirdlərin çox hazırlıqlı və həvəsli olduqları görünürdü. Zaman ötdükcə şagirdlərin binanın hissələrini addım-addım necə yaratdıqlarını görən müəllim və valideynlər müsabiqədən sözün əsl mənasında həzz alırdılar.

Nəhayət, vaxt bitdi. Şagirdlərin işlərini onlarla birlikdə gəlmiş müəllimlər qiymətləndirməyə başladılar. Qiymətləndirmənin şəffaflığını və obyektivliyini təmin etmək üçün prosesdə valideynlər də iştirak edirdilər. Ekspert qiymətləndirməsindən sonra münsiflər heyəti qiymətləndirmənin nəticələrini yoxlamaq üçün işlərlə daha yaxından tanış oldular. Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Fərman Abdullayev, Naidə İsayeva və Gülnarə Səlimovadan ibarət münsiflər heyəti şagirdlərin işlərini bir daha bir-bir və diqqətlə nəzərdən keçirdilər. Qiymətləndirmənin bu mərhələsində hər ehtimala qarşı, yarana biləcək təsadüfi səhvlərin aradan qaldırılması məqsədi ilə şagirdlərin topladıqları ballarla onların işlərinin adekvatlığı yoxlanıldı. Bir-birindən maraqlı işlər arasında qaliblərin ədalətli seçimini təmin etmək asan deyildi. Nəhayət, hamının razılıqla qarşıladığı belə bir qərar qəbul olundu: 1 iş 1-ci yer, 2 iş 2-ci yer, 3 iş isə 3-cü yer. Münsiflər, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə müsabiqənin nəticəsi belə oldu: 

I yer

Rəsulov Cavid,  Bakı şəhəri, 291 nömrəli ekologiya liseyi.

II yer

Vəlizadə Xavər, Bakı şəhəri, 70 nömrəli məktəb-lisey,

Quliyev Elgiz, Bakı şəhəri, 229 nömrəli tam orta məktəb.

III yer

Qasımova Məryam,  Bakı Modern Məktəbi, 

Əmrahov Nail, Bakı şəhəri, 6 nömrəli məktəb-lisey,

İsgəndərov Amil, Sumqayıt şəhəri, 36 nömrəli tam orta məktəb.

Bütün iştirakçılara sertifikatlar verildi. Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələrlə yanaşı "Beynəlxalq informatika olimpiadaları" kitabı da hədiyyə edildi. Bu kitab şagirdləri müşayiət edən müəllimlərə də bağışlandı.

Müsabiqənin respublikada yüksək maraqla izləndiyini nəzərə alaraq bütün işlər və mükafatçıların qiymətləndirilməsi prosesi Facebook şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda və www.informatik.az saytında dərhal yerləşdirildi.

Respublika müəllimlərinin və şagirdlərin müraciətlərini nəzərə alaraq, bu il informatika üzrə bir neçə müsabiqə keçirilməsi nəzərdə tutulur. Bu işdə bütün müəllim və şagirdləri fəal iştirak etməyə dəvət edirik.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov