Yaxın tariximizin ən qanlı olaylarından biri olan Xocalı
faciəsinin 21-ci ildönümü fevralın 25-də Qafqaz
Universitetində anım mərasimi ilə qeyd olundu.
"Xocalı faciəsi Vətən tarixinin qanlı soyqırım
səhifəsidir" adlandırılmış mərasimdə öncə, azadlıq
uğrunda mübarizədə şəhid olanların və faciə
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Xocalı hadisələrinin canlı şahidləri -
şair-publisist, professor Ənvər Əhmədov, əməkdar
jurnalist, professor Qulu Məhərrəmli çıxış edərək faciə
ərəfəsində Dağlıq Qarabağda yaranmış vəziyyətdən, o
dövrdə mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən
erməni daşnaklarının sərsəm "Böyük Ermənistan" dövləti
yaratmaq ideyalarını həyata keçirmək üçün göstərdikləri
fəallıqdan, azərbaycanlıların öz doğma dədə-baba
torpaqlarından deportasiya olunmasından, Xocalı
faciəsinin səbəb və nəticələrindən söz açdılar.
Professor Ənvər Əhmədov çıxışının sonunda Xocalı
faciəsini unutmamağı, düşmənlərimizin xalqımıza qarşı
yönəlmiş və fürsət düşdükcə işə salınan hiylələrini dəf
etməyə daim hazır olmalarını tövsiyə etdi və Xocalı
soyqırımına həsr etdiyi şeirini oxudu.
Çıxışlarda Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında
və faciənin beynəlxalq aləmdə soyqırımı kimi tanınması
istiqamətində Heydər Əliyev Fondunun, Fondun prezidenti,
Milli Məclisin deputatı Mehriban Əliyevanın, Fondun
vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətləri yüksək
qiymətləndirildi, hər kəsin bu işə öz töhfəsini verməli
olduğu vurğulandı.
Mərasim universitetin Mədəniyyət şöbəsinin hazırladığı
"Xocalı harayı" mövzusunda ədəbi-bədii kompozisiya və
"Xoca" filminin nümayişi ilə davam etdirildi.
Yusif ƏLİYEV |