Fevralın 24-də Almaniyanın Berlin şəhərində Xocalı
faciəsi tələbə rəssamların əl işləri vasitəsilə alman
tamaşaçılarına çatdırıldı. Sərgini açan Azərbaycanın
Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab
Pərviz Şahbazov Xocalı faciəsini Azərbaycanın dövlət
müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş erməni
vandalizmi adlandırmış, bu vandalizmin təkcə Azərbaycan
xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlıq
əleyhinə törədilmiş cinayət olduğunu qeyd etmişdir.
Səfir sərginin təşkilatçıları - Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin rektoru,
professor Timuçin Əfəndiyevə, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab
Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dekorativ tətbiqi sənət kafedrasının
müdiri, professor Arif Əzizə öz təşəkkürünü
bildirmişdir. Mədəniyyət və İncəsənət Universitetinin
rektoru, professor Timuçin Əfəndiyev çıxışında qeyd
etmişdir ki, tarixin müxtəlif dönəmlərində mənfur
ermənilər öz iç üzlərini göstərərək Azərbaycanın dinc
əhalisinə qarşı zorakılıq törədiblər. Bu zorakılıq
aktlarından biri də 1992-ci ilin 26 fevralında baş verən
Xocalı faciəsidir. Sovetlər imperiyasının süqutu ilə
yaranan mürəkkəb tarixi və ictimai- siyasi şəraitdə
dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın
üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli
faciələrindən birinin yaşanması Azərbaycanın yeni
tarixinə qara hərflərlə yazılıb. Xocalı faciəsi bu gün
artıq dünya birliyi tərəfindən də tanınmaqdadır.
Getdikcə daha çox ölkələrin parlamentləri bu faciə ilə
bağlı fikirlər səsləndirir, onu rəsmən tanıyır, işğal
faktını qətiyyətlə pisləyirlər. Xocalı faciəsi
bəşəriyyətin ən qanlı səhifəsi olaraq heç zaman
xatirələrdən unudulmayacaqdır. Xocalı faciəsi zamanı
ictimai mədəni tikililər, təhsil və səhiyyə
müəssisələri, tarixi mədəniyyət abidələri yerlə yeksan
edilmişdir. Bu mövzu ali məktəbimizin müəllim və
tələbələrinin yaradıcılığında, kino ssenarilərdə, tədris
teatr tamaşalarında, sərgilərdə daim düşünülən və həyata
keçirilən bir mövzudur. Bu gün açılan sərgidə tələbə
yaradıcılığında Xocalı mövzusu öz faciəvi ruhunu və
yüksək bədii əksini tapmışdır.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
prorektoru, professor Səlhab Məmmədov və Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekorativ
tətbiqi sənət kafedrasının müdiri, professor Arif Əziz
çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışmış
və bu faciənin beynəlxalq arenaya çıxarılmasında sənətin
rolundan və bu sərginin əhəmiyyətindən bəhs etmişlər.
Rafiq SADIQOV,
ADMİU-nun tədris işləri üzrə prorektoru, professor |