Xocalı
faciəsinin 21-ci ildönümü AMİ-nin Şamaxı filialında da
qeyd edildi. Tədbir Xocalı faciəsinin dəhşətlərini əks
etdirən filmin nümayişi ilə başlandı. Sonra faciə
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan AMİ-nin Şamaxı filialının
direktoru Tünzalə Yusifova Xocalı soyqırımının XX əsrin
ən qanlı faciəsi olduğunu və bu dəhşətin heç vaxt
unudulmayacağını qeyd edib. O, Xocalıda baş verən qanlı
hadisələri həm də o zamankı rəhbərliyin
fəaliyyətsizliyinin nəticəsi kimi dəyərləndirmiş və bu
faciəyə hüquqi qiymətin yalnız ümummilli lider, müstəqil
Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev rəhbərliyə
gəldikdən sonra verildiyini bildirmişdir. T.Yusifova
bildirdi ki, Xocalı soyqırımı iki yüz ilə yaxın bir
müddətdə erməni şovinist-millətçiləri tərəfindən
azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən
etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən
qanlı səhifəsidir.
Tədbirdə humanitar və xüsusi fənlər kafedrasının müdiri,
dosent Mayıl Alıcanov "Xocalı faciəsi-erməni
vandalizmi", humanitar və xüsusi fənlər kafedrasının baş
müəllimi "Xocalı faciəsi qan yaddaşımızdır",
dil-ədəbiyyat və onların tədrisi metodikası kafedrasının
müdiri Eyvaz Eminalıyev "Xocalı faciəsi bəşəri faciədir"
mövzuları ilə çıxış etdilər.
Filialın tələbələrindən Xaliq Tapdıqzadə, Səxavət
Cəfərov, Vüqar Səlimov da çıxışlarında bildirdilər ki,
Xocalı faciəsi XX əsrin sonunda təkcə Azərbaycan xalqına
qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən
biridir. Bu faciə öz ağırlığına, vəhşiliyinə və
amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş
cinayətlər arasında xüsusi yer tutur. |