Fevralın
26-da Azərbaycan Müəllimlər İnstitutunda Nərimanov Rayon
İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman
İdarəsinin dəstəyi, AMİ-nin Tələbə Gənclər Təşkilatının
və "Təkan" Tələbə Gənclərin İctimai Birliyinin
təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə
həsr olunmuş anım tədbiri keçirildi.
İnstitutun rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq erməni
cəlladları tərəfindən 1992-ci il fevralın 26-da
törədilmiş Xocalı soyqırımının tariximizin yaddaşına
qanlı hərflərlə yazılmış faciə olduğunu vurğuladı.
Bildirildi ki, Xocalı soyqırımının ildönümünə həsr
olunmuş tədbirlərin ölkəmizdə və azərbaycanlıların
yaşadığı dünya ölkələrində keçirilməsinin əsas məqsədi
vətənpərvərlik və vətəndaşlıq hisslərinin inkişafına,
formalaşmaqda olan, eyni zamanda, gələcək nəsillərin
erməni millətçiləri tərəfindən törədilmiş bu
cinayətlərdən xəbərdar olaraq düzgün nəticələr
çıxarmasına nail olmaqdır.
Rektor A.Naxçıvanlı qeyd etdi ki, dünya tarixində misli
olmayan Xocalı soyqırımına məhz ümummilli lider Heydər
Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində
hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü il fevralın
24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və
bəyanat qəbul edilmiş və dünya parlamentlərinə,
beynəlxalq təşkilatlara göndərilmişdir.
Azərbaycan torpağının hər bir guşəsinə müqəddəs yer kimi
baxan, onun bütövlüyü və müstəqilliyinin qorunması
uğrunda yorulmadan çalışan möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
məqsədyönlü fəaliyyət nəticəsində artıq dünyanın aparıcı
ölkələri beynəlxalq görüşlərdə və rəsmi sənədlərdə
Ermənistanın işğalçılıq siyasətini tanıyır və onu ifşa
edir. Meksika, Pakistan, Kolumbiya Xocalı soyqırımını
rəsmən tanıyıb, Çexiya Parlamenti, eləcə də ABŞ-ın bir
neçə ştatı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamə
qəbul edilib və bu ölkələrin sayı artmaqdadır.
Sonra
AMİ-nin ictimai fənlər kafedrasının müdiri, tarix
elmləri doktoru Qafar Cəbiyev "Xocalı həqiqətləri:
bəşəriyyətə və insanlığa qarşı görünməmiş cinayətin bəzi
təfərrüatları" mövzusunda məruzə etdi.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf
Novruzov və digər çıxış edənlər Azərbaycan
Respublikasının Prezidenti başda olmaqla, bütövlükdə
cəmiyyətimizin artıq 21 ildir ki, Xocalı həqiqətlərini
dünyaya çatdırdığını qeyd etdilər.
Tədbirdə şair Zərəngiz Dəmirçi Qayalının "Cavab ver"
poeması əsasında səhnələşdirilmiş faciənin dəhşətlərini
əks etdirən "Xocalı" tamaşası nümayiş olundu.
Qeyd edək ki, Xocalı soyqırımının ildönümü ərəfəsində
institutun birinci mərtəbəsində tələbələrin bu qanlı
faciəni əks etdirən rəsm əsərləri və publisistik
yazılarından ibarət stend sərgilənmiş, tələbələrə
Qarabağ həqiqətlərini əks etdirən bukletlər paylanmış,
fevralın 25-də bakalavr və ixtisasartırma təhsili üzrə
ilk dərs saatları Xocalı soyqırımına həsr olunmuşdur.
Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru |