Fevralın
26-da Azərbaycan Dillər Universitetində (ADU) Xocalı
soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir
keçirildi. Filologiya və jurnalistika fakültəsinin
243-244-cü qrup tələbələrinin təşkilatçılığı ilə
keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət
himninin səslənməsi ilə başladı. Torpaqlarımızın
bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu
bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən ADU-nun rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidov Xocalı soyqırımının
bəşər tarixində törədilmiş ən qanlı cinayət olduğunu
bildirdi. Səməd Seyidov bu faciənin Azərbaycan
tarixindən heç vaxt silinməyəcəyini və daim qan
yaddaşımızda yaşayacağını vurğuladı. Rektor erməni
vəhşiliklərinin, vandallarının xalqımıza qarşı tarix
boyu soyqırımı həyata keçirdiyini qeyd etdi. O söylədi
ki, ermənilər zaman-zaman bizə qarşı nifrətlərini qanla,
ölümlərlə həyata keçiriblər.
ADU-nun rektoru Səməd Seyidov Xocalıda soyqırımı
törədənlərin öz layiqli cəzalarını alacaqlarına
əminliyini ifadə etdi. Azərbaycan iqtidarının yeritdiyi
məntiqli siyasət nəticəsində Azərbaycanın haqq işinin
dünyaya tanınması prosesinin daha da gücləndiyini
vurğulayan S.Seyidov artıq dünyanın bəzi
dövlətlərinin Xocalı hadisələrini soyqırımı kimi qəbul
etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Ermənilərin vəhşiliklə törətdiyi Xocalı faciəsini dünya
miqyasında tanıtdırmağın olduqca əhəmiyyətli olduğundan
bəhs etdi. Xocalı faciəsinin dünya ölkələri tərəfindən
tanınmasında Heydər Əliyev Fondunun bu sahədə gördüyü
işləri xüsusilə vurğuladı.
Səməd Seyidov Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunacağına və əhalinin doğma yurdlarına qayıdacağına
əmin olduğunu bildirdi. Sonra tələbələrin ifasında
"Xocalı soyqırımı" adlı ədəbi-bədii kompozisiya nümayiş
olundu.
ADU-nun Mətbuat xidməti |