Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Azərbaycan təhsilinin uğurları

 

Beynəlxalq fənn olimpiadalarının qalibləri

 

Təhsil ictimaiyyətimizi hər il beynəlxalq fənn olimpiadalarındakı qələbələri ilə sevindirən "Çağ" Öyrətim İşlətmələri Şirkəti Azərbaycan - Türkiyə özəl liseylərinin şagirdləri ötən ilin dekabrı və bu ilin yanvarında növbəti uğurlara imza atmışlar. Belə ki, liseylərin 4 şagirdi 2012-ci il 1-10 dekabr tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilmiş Beynəlxalq təbiət elmləri olimpiadasında, daha 4 nəfər şagird isə bu il yanvarın 13-dən 20-dək Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş Beynəlxalq Jautikov fizika-riyaziyyat və informatika olimpiadasında qələbə qazanaraq bu təhsil ocaqlarının 20 illik tarixində mötəbər bilik yarışlarında əldə olunmuş medalların sayını artırmışlar. Həm təhsil aldıqları liseylərin kollektivlərinə, həm də təhsil ictimaiyyətimizə sevinc bəxş edən həmin şagirdlərin üçü haqqında qəzetimizin ötən saylarının birində məlumat vermişdik. Aşağıda isə daha dörd nəfər olimpiada medalçısını təqdim edirik. 

 


Üçüncü cəhd medalla nəticələndi 

Olimpiada qalibləri olan şagirdlər haqqında yazı hazırlamaq üçün bu günlərdə onların növbəti bilik yarışlarına hazırlaşdıqları Bakı Özəl Türk Liseyinə yollandıq. Bilirdik ki, müsahibimiz olacaq şagirdlər  yuxarı siniflərdə təhsil alırlar. Gəncliyin astanasında olan yuxarı sinif şagirdləri isə adətən boy-buxunlu olur, öz görkəmləri ilə orta siniflərdə oxuyan yeniyetmələrdən fərqlənirlər.  

Lakin BÖTL-də gözlədiyimizin əksi ilə qarşılaşdıq: şagirdlərin demək olar ki, hamısı boyca kiçik, sısqa, el arasında deyildiyi kimi, çəlimsiz idi. Bəzi valideynlərin tez-tez yaxşı oxuyan övladları haqqında dedikləri "çox oxumaq uşağımı sıxıb" sözləri fikrimizdən keçdi. Lakin, əlbəttə, valideyn qayğısından, narahatlığından doğan bu fikirlərin elmi əsasının olmadığını da bilirdik.

İlk müsahibimiz Şirvan özəl türk liseyinin X sinif şagirdi Mehdi Məhərrəmov oldu. Mehdi Rahib oğlu Məhərrəmov 1997-ci ildə Hacıqabul rayonunda anadan olub. Onda riyaziyyata həvəs və bu sahədəki qabiliyyəti özünü lap kiçik yaşlarından büruzə verib. Valideynləri riyaziyyatçı olmasalar da Mehdinin bu elmə marağını və qabiliyyətini erkən yaşlarından duya biliblər və 4 yaşından ona riyaziyyatı öyrətməyə başlayıblar. Mehdi 2004-cü ildə Hacıqabul səhər 1 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub. 6 il burada oxuyub. VI sinfin sonlarında isə müvəffəqiyyətlə imtahan verərək Şirvan  özəl türk liseyinə daxil olub. Onun riyaziyyat sahəsindəki bilik və hazırlığı səviyyəsi liseyin müəllimlərinin də diqqətindən yayınmayıb və Mehdi onların tövsiyəsi ilə fizika-riyaziyyat olimpiadalarına hazırlıq məqsədi ilə keçirilən seçim turunda iştirak edib. Seçim imtahanlarından uğurla keçərək olimpiadaya hazırlıq qrupunda oxumaq şansı qazanıb. Qrupun ən fəal şagirdlərindən olan Mehdi 8-ci sinifdə təhsil alarkən keçirilən sınaqlarda da uğur qazanıb və Bakı Özəl Türk Liseyində fəaliyyət göstərən olimpiadaya hazırlıq mərkəzinə cəlb olunub. O vaxtdan burada hazırlıq keçir. Dediyinə görə, burada onlarla hazırlıqlı müəllimlər, xüsusən də vaxtilə olimpiadalarda iştirak edərək qələbə qazanmış və sonralar müəllimlik sənətinə yiyələnmiş adamlar, eləcə də müxtəlif ali məktəblərdən, xüsusən də Qafqaz Universitetindən dəvət olunmuş müəllimlər dərs deyir, onlarla beynəlxalq olimpiada proqramları üzrə hazırlıq aparırlar.

Mehdinin iştirak etdiyi ilk beynəlxalq olimpiada ötən ilin yayında, daha dəqiq desək, 19-24 iyun tarixlərində Yunanıstanda keçirilən Beynəlxalq Balkan Olimpiadası olub. IX sinfi bitirib X sinfə keçən Mehdi bu olimpiadada medalçılar sırasına düşə bilməyib.

O, ilk beynəlxalq bilik yarışmasındakı iştirakını belə xatırlayır: "Olimpiada Yunanıstanın Vediya şəhərində təşkil olunmuşdu. İlk dəfə idi ki, xaricə  gedirdim. Şəhər çox xoşuma gəldi. İlk gün açılış oldu. Sonrakı gün bizə istirahət verdilər, şəhərlə tanış olduq. Üçüncü gün olimpiada keçirildi. Səhəri yenə bizə istirahət verib şəhərin görməli yerlərini gəzdirdilər. Olimpiadanın bağlanışı və qaliblərin mükafatlandırılması günü məlum oldu ki, yer tuta bilməmişəm. Pərt oldum. Lakin müəllimlərim mənə ürək-dirək verdilər. Qarşıda hələ çox olimpiadaların olacağını dedilər".

Mehdinin iştirak etdiyi ikinci mötəbər yarışma isə ötən il iyul ayında Argentinada keçirilən Beynəlxalq riyaziyyat olimpiadası olub. İyulun 8-16-sı arası baş tutan bu bilik yarışında da Mehdi qaliblər sırasına düşə bilməyib. Lakin bu olimpiadadan da onun yaddaşında xoş xatirələr qalıb. Sirli, uzaq Argentina ilə bağlı xatirələr...

Nəhayət, üçüncü cəhdi medalla nəticələnib. Bu, 2013-cü ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilmiş Beynəlxalq Jautikov fizika-riyaziyyat və informatika olimpiadasında olub. 16 ölkədən 53 komandanın iştirak etdiyi həmin bilik yarışmasında Azərbaycan komandasının üzvləri 1 gümüş, 3 bürünc medal və 2 həvəsləndirici sertifikat alıblar. Mehdi isə riyaziyyat üzrə bürünc medala sahiblənib.

Ona ilk medal qazandıran bu olimpiada haqqında təəssüratlarını Mehdi bizimlə daha həvəslə bölüşdü:

"Almatıya yanvarın 13-də gəldik. Axşam buradakı fizika-riyaziyyat təmayüllü məktəbin yataqxanasında qaldıq. Ertəsi gün açılış mərasimi oldu. Mərasim çox təntənəli keçdi. Sonrakı gün proqrama uyğun olaraq istirahət etdik və olimpiadaya hazırlaşdıq. Proqramın 3-4-cü günləri yarışlar təşkil olundu. Həm 3-cü, həm də 4-cü gündə keçirilən olimpiadanın hərəsi 3 sualdan ibarət idi. 3 sualı cavablandırmağa 4 saat yarım vaxt verildi. Bu, özü yarışmanın necə çətin olduğunu göstərir. Birinci gün yaxşı oldu. Suallarımın hamısını cavablandırdım. İkinci gün isə mənim üçün o qədər də ürəkaçan olmadı. Nəticədə bürünc medal aldım. Gümüş medala cəmi 1 balım çatmadı. Buna baxmayaraq medal alanda çox sevindim".

Mehdi olimpiadaların ona çoxlu dostlar qazandırdığını da deyir. Hazırda digər  olimpiadaçı yoldaşları ilə birgə Mehdi də növbəti beynəlxalq bilik yarışmalarına hazırlaşır. Qarşıda onu ötən il uğur qazana bilmədiyi Beynəlxalq Balkan Olimpiadası gözləyir. Həmin bilik yarışması bu ilin aprel-may aylarında keçiriləcək. Mehdi bürüncünü gümüşə və ya qızıla dəyişmək üçün bu yarışmaya ciddi hazırlaşır.

Gənc istedadın arzuları, planları çoxdur. Bütün həyatını riyaziyyata həsr etmək istəyir. Təhsilini davam etdirmək, ABŞ-da ali təhsil almaq fikrindədir.

Söhbətimizin sonunda Mehdidən riyaziyyat sahəsində ən böyük beynəlxalq mükafatın hansı olduğunu soruşdum. Dedi ki, bu, Filds mükafatıdır. Gələcəkdə onu almaq da Mehdinin arzularındandır. Çox təəssüf edir ki,  riyaziyyatçılara Nobel mükafatı verilmir.  İnanırıq ki, üçüncü cəhdində olsa da beynəlxalq olimpiadanın medalını qazanan Mehdi nə vaxtsa Filds medalı da ala bilər.


 İki beynəlxalq olimpiada - iki mükafat 

Beynəlxalq olimpiadalar, bilik yarışları və müsabiqələr də bir növ idman turnirləri kimidir. Nə qədər yaxşı hazırlaşsan da bəzən təsadüflər, müəyyən situasiyalar yarışmanın nəticələrinə təsir göstərə bilir. Bunu söhbət etdiyimiz beynəlxalq fənn olimpiadalarının qalibləri də təsdiqləyirlər. Deyirlər ki, bəzən bir bal, kiçik bir diqqətsizlik, yanlışlıq adamı medaldan məhrum edir və ya qızıl, gümüş əvəzinə bürünc medal almalı olursan.

 

Lənkəran özəl türk liseyinin X sinif şagirdi Nizami Həşimlinin ilk dəfə çıxış etdiyi biologiya üzrə keçirilən 23-cü Beynəlxalq Sinqapur Olimpiadasında da başına belə hadisə gəlib.

Kiçik bir yanlışlıq ona qaliblər üçlüyünə düşməyə imkan verməyib. Nəticədə, həvəsləndirici medal alıb. Həmin olimpiada haqqında bir qədər ətraflı danışan Nazim bildirdi ki, ötən ilin iyul ayında Sinqapur şəhərlərində keçirilmiş Beynəlxalq biologiya olimpiadası onun ciddi sınaq qarşısında qaldığı ilk mötəbər yarış olub. Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindəndir. Sinqapur şəhərinin özü də çox gözəldir. Bu qənaəti məndə olimpiadanın keçirildiyi günlər ərzində şəhərə təşkil olunan gəzintilər yaratdı. Proqrama uyğun olaraq olimpiada yarışı 2 gün ərzində keçirildi: birinci gün nəzəri, ikinci gün praktik.  Beynəlxalq olimpiadalarda suallar orta məktəb proqramı səviyyəsindən yüksək, ali məktəblərin I kurs proqramı səviyyəsində olur. Burada da suallar çətin idi. Aralarında məntiqi suallar da var idi. Nəzəri olimpiada 100 sualdan ibarət idi. Hər sual üçün isə 6 cavab variantı nəzərdə tutulmuşdu. Cavablandırmağa 6 saat vaxt verildi.

Nizami nəzəri imtahanları uğurla verib. Praktik imtahanda isə o qədər də yüksək nəticə göstərməyib. Praktik imtahan layihə şəklində olur. Qaliblər hər iki imtahanın nəticələrinə əsasən ballar toplanmaqla müəyyənləşdirilir. 

Oxucuların diqqətinə çatdıraq ki, Azərbaycanın istedadlı, yüksək intellektə malik şagirdlərindən olan Nizami Etibar oğlu Həşimli 1997-ci il dekabrın 15-də Lerik şəhərində anadan olub. 2003-cü ildə Lerik şəhər 3 nömrəli orta məktəbin I sinfinə gedib. VI sinifdə Azərbaycan-Türkiyə özəl liseylərinə keçirilən seçim imtahanlarında iştirak edərək Lənkəran özəl türk liseyinə daxil olub  və VII sinifdən başlayaraq burada təhsil alır. Hazırda X sinif şagirdidir. Nizaminin dediyinə görə, cənub bölgəsinin 4 rayonunun liseyə qəbul imtahanlarında iştirak edən və qəbul olunan şagirdləri arasında VII nəticə göstərib. VII sinifdən beynəlxalq fənn olimpiadalarına hazırlığa cəlb olunub.

Ayda və ya iki ayda bir Bakı Özəl Türk Liseyinə gələrək buradakı olimpiadaya hazırlıq mərkəzində hazırlıq keçir. Sevdiyi və təbii ki, olimpiadalarda iştirak etdiyi fənn biologiyadır. Liseydə yaxşı oxuyur. Vaxtaşırı beynəlxalq olimpiadalara hazırlıq və iştirak üçün doğma liseyindən ayrılmalı olsa da dərslərində problem yaranmır. Baş liseylər idarəsi bunu nəzərə alıb. Əyalətlərdə fəaliyyət göstərən özəl türk liseylərinin şagirdləri gündəlik dərslərini beynəlxalq olimpiadalara hazırlıq dövründə Bakı Özəl Türk Liseyində keçirlər.

"İki beynəlxalq olimpiadada iştirak etmisən, hansı daha çox yadında qalıb" - sualımıza Nizami "Əlbəttə, bürünc medal aldığım Tehran olimpiadası" cavabını verərək bu bilik yarışması haqqında təəssüratlarını bizimlə həvəslə bölüşdü.

"Hər il fərqli ölkədə keçirilən Beynəlxalq Təbiət Elmləri Olimpiadası ötən il dekabrın 1-dən 10-dək İranın paytaxtı Tehranda təşkil olunmuşdu. Bu olimpiada da Sinqapur olimpiadası kimi 2 hissədən-nəzəri və praktik imtahanlardan ibarət idi. Lakin kiçik bir fərq də vardı. Belə ki, burada praktik hissədə verilən tapşırıqları hər şagird tək özü deyil, komandanın tərkibində - üçlü qruplar şəklində həll edirdik və oradan alınan bal hamımıza bərabər paylanırdı. Mükafatlandırma olanda hər kəsin nəzəri hissədəki balı ayrı hesablanır, amma praktik hissədən yığdığı bal eyni olurdu. Belə olduğuna görə də hər iştirakçı fərqli medal ala bilir. Mən iki tapşırığın nəticəsinə görə bürünc medal aldım".

Nizami gələcəkdə həkim olmağı qarşısına məqsəd qoyub. Biologiyaya məhəbbət də onda ailəsinin təsiri ilə yaranıb. Nizaminin 6 bacısı və bir qardaşı var. Bacılarından yalnız biri Nizamidən kiçikdir. Qalanları, o cümlədən də qardaşı orta məktəbi çoxdan bitiriblər. Qardaşı biologiya müəllimi, bacılarından biri isə tibb bacısıdır. Nizamidə biologiyaya həvəsi onlar oyadıblar.

Bizimlə söhbətində istedadlı gənc liseylərindəki şəraitdən, o cümlədən də Bakı Özəl Türk Liseyində onlara göstərilən diqqət və qayğıdan razı qaldığını bildirdi, qazandıqları uğurda müəllimlərinin böyük payı olduğunu vurğuladı. 

Yusif ƏLİYEV


          Beynəlxalq təbiət elmləri olimpiadasının bürünc mükafatçısı 

Tehran Olimpiadasının bürünc medalçılarından biri də Ağdaş özəl türk liseyinin onuncu sinif şagirdi Cavid Əhmədovdur. İlk dəfə beynəlxalq olimpiadada iştirak edən bir şagird üçün bu yaxşı göstəricidir.

Cavid 3 turdan ibarət olan bilik yarışının birinci turunda 30 testin 15-nə düzgün cavab verib. İkinci turda olimpiada iştirakçıları hər sualın bir balla  qiymətləndirildiyi 30 ənənəvi suala cavab veriblər. Cavid bu turda daha yaxşı nəticə göstərərək 25 bal toplayıb.

Üçüncü turda qaydaya görə ayrı-ayrı ölkələri təmsil edən məktəblilər komanda halında təcrübə aparıblar. Bu turda Azərbaycan komandasının eksperimenti (elektroforez) 35 balla qiymətləndirilib. Beləliklə, Cavidin ilk dəfə qatıldığı beynəlxalq bilik yarışı onun üçün böyük uğurla başa çatıb.

Səfər təəssüratlarını bizimlə bölüşən Cavid deyir ki, olimpiadanın keçirildiyi günlərdə xüsusi proqramla bir-birindən maraqlı gəzintilər, oyunlar, idman yarışları təşkil olunmuşdu. Hər keçən gün daha zəngin təəssüratlarla yadda qalırdı. Olimpiada iştirakçıları üçün vaxtlarını maraqlı keçirmələri məqsədilə hər cür şərait yaradılmışdı. Biz daha çox Türkmənistan, Qazaxıstan və Rusiyadan gəlmiş məktəblilərlə dostluq edir, onlarla fikir mübadiləsi aparır, biliklərimizi bölüşürdük.

Cavid Əhmədov 1997-ci il aprelin 21-də Bakıda anadan olub. 2003-cü ildə İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin birinci sinfinə gedən Cavid təhsil aldığı illərdə həmişə dəqiq elmlərə, xüsusən riyaziyyat və fizikaya böyük maraq göstərib. Elə bu maraq da onu 2009-cu ildə özəl türk liseyinə gətirib.

Burada Cavidin ən çox xoşuna gələn cəhət təlimlə yanaşı, tərbiyəyə də çox ciddi diqqət yetirilməsidir.

Bu liseydə təhsil almasından çox məmnun olduğunu bildirən Cavid deyir ki, burada uşaqların dərsdənkənar vaxtlarının səmərəli keçməsinə də xüsusi diqqət yetirilir. Mənim ən çox xoşuma gələn isə yay tətillərində təşkil olunan gəzintilərdir. Biz vətənimizin səfalı, əsrarəngiz təbiəti olan gözəl guşələri ilə tanış oluruq. Təbiət qoynunda saldığımız yay düşərgələrində isə müxtəlif maraqlı tədbirlər keçirir, açıq havada gəzintilərdən böyük zövq alırıq. Bütün bunlardan başqa, şagirdlər tez-tez müxtəlif xarici ölkələrə səfərlərə gedir, idman turnirlərində, müsabiqələr və bilik yarışlarında iştirak edir, eləcə də turist kimi bu ölkələrin təbiəti, insanları və yaşayış səviyyəsi ilə tanış olurlar.

Kimya fənnini çox sevən Cavid hazırda Beynəlxalq Mendeleyev Olimpiadasına hazırlaşır. O bu olimpiadada qızıl və ya gümüş medal almağı qarşısına məqsəd qoyub. Buna görə də öz üzərində ciddi çalışır, müəllimlərinin tövsiyə və məsləhətlərinə dəqiq əməl edir, çoxlu əlavə ədəbiyyat tapıb oxuyur.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının yığma olimpiada komandasını bu nüfuzlu bilik yarışına ölkənin ən tanınmış, görkəmli alimləri hazırlayırlar. Həmin alimlər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına da gəlir və olimpiadaya hazırlıq məqsədilə burada məşğələlər aparırlar. Beynəlxalq Mendeleyev Olimpiadasına hazırlaşan digər şagirdlər kimi Cavid də bu məşğələlərdə fəal iştirak edir. O deyir ki, qocaman rus alimləri, kimya elmi üzrə tanınmış mütəxəssislər azərbaycanlı şagirdlərin bilik  səviyyəsindən həmişə razı qalırlar, bu uşaqların çox istedadlı, çalışqan və məsuliyyətli olduqlarını bildirirlər. Bu isə bizim möhtəşəm bilik yarışında böyük uğur qazanmağa ümidimizi daha da artırır. 

Cavid Əhmədov liseyi bitirdikdən sonra təhsilini Böyük Britaniyanın London İmperial Kollecində davam etdirmək istəyir. O, burada tibb sahəsi üzrə təhsil alaraq bacarıqlı kardioloq kimi yetişmək arzusundadır. Son dövrlər bir çoxları xarici ölkələrdə ali təhsil aldıqdan sonra orada qalmağa can atırlar. Cavid isə onlardan fərqli olaraq mütləq doğma yurduna, el-obasına qayıtmaq, xalqının sağlamlığı keşiyində durmaq niyyətindədir. Ona bu xeyirxah amalına çatmaqda uğurlar diləyirik.   


         "İsveçrədə keçiriləcək XXIV Beynəlxalq biologiya olimpiadasından da medalla qayıdaram" 

Elmar Məmmədli 1998-ci il Cəlilabadda anadan olub. Hələ lap kiçik yaşlarından artıq hamı onu çox qabiliyyətli, xüsusi istedada malik uşaq kimi tanıyıb. Buna görə də birinci sinfə beş yaşında gedib. Cəlilabad rayonundakı 8 nömrəli tam orta məktəbdə oxuduğu illərdə həmişə  dərslərə yüksək səviyyədə hazırlığı, çalışqanlığı ilə seçilib.

 

Gündəlik dərslərindən ancaq "əla"  qiymət alıb. Lakin istedadına,  öyrədilən bilikləri çox asanlıqla mənimsəməsinə görə heç vaxt arxayınlaşmayaraq təhsilə  ciddi yanaşıb, daha çox oxumağa can atıb.  Maraqlıdır ki, Elmar dərs proqramına uyğun keçilən hər bir mövzuya aid mütləq əlavə nə isə öyrənməyi qarşısına məqsəd kimi qoyub.

2009-cu ildə  o, Lənkəran özəl türk liseyinə qəbul imtahanlarında böyük uğur qazanıb   və  təhsilini həmin ildən burada davam etdirməyə başlayıb. Elmar həmin hadisəni belə xatırlayır:

- Mən heç vaxt oxuduğum məktəbi dəyişmək fikrinə düşməmişdim. Çünki  oxuduğum sinifdən, dostlarımdan, ailəmdən, doğmalarımdan ayrılmağı  heç ağlıma da  gətirməzdim. Sadəcə özümü sınamaq üçün həmin il  Lənkərandakı  özəl türk liseyinə qəbul imtahanlarında iştirak etdim. Nəticələri gözlədiyim müddət ərzində liseylə yaxından tanış oldum - sinif otaqları, laboratoriyalar, idman və akt zalları, şagirdlərin dərsdən sonrakı asudə vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün yaradılan gözəl şərait çox xoşuma gəldi. Başa düşdüm ki, nə qədər çalışqan olsan da  elmlərin  sirlərinə dərindən yiyələnmək, bilikləri mənimsəmək üçün buradakı kimi geniş imkanlardan da yararlanmalısan. Və bütün bunlardan sonra valideynlərimin razılığı ilə Lənkəran özəl türk liseyində oxumaq qərarına gəldim.

Elmar liseydə də biliyi, bacarığı, dərslərə hazırlığı və çalışqanlığı ilə seçilib. O, bütün fənlərdən yüksək qiymət alsa da təbiət elmlərinə, xüsusən biologiyaya  daha çox maraq göstərir.

Elmar gələcəkdə həkim olmaq istəyir. Qeyd etmək lazımdır ki, bu, təsadüfi deyil.  Onun valideynləri, eləcə də qohumlarının əksəriyyəti  bu peşənin sahibidir. Elmar ağlı kəsəndən doğmalarının xəstələrə şəfa vermələrinin, sevinc bəxş etmələrinin şahidi olub, insanların onlara dediyi  minnətdarlıqla dolu sözləri eşidib. Bəlkə də məhz buna görə başqa peşəyə yiyələnmək fikrini  heç ağlına da gətirməyib.  Elmar üçün bu dünyada insanlara  gərəkli, çətin olsa da ən şərəfli peşə həkimlikdir.  O  bu məqsədinə çatmaq üçün xarici ölkələrin ən nüfuzlu ali məktəblərinin birində tibb sahəsi üzrə  təhsil almaq və bacarıqlı cərrah kimi vətənə qayıdaraq xalqına xidmət etmək fikrindədir.

Digər istedadlı şagirdlər kimi Elmar Məmmədli də 2010-cu ildən  olimpiadaya hazırlıq qrupuna seçilib. O bu qrupda təbiət elmlərini xüsusi proqrama əsasən öyrənir və dərindən mənimsəyə bilir.  Adama elə gəlir ki, bu qrupa cəlb edilən uşaqlar müəyyən istiqamətdə olimpiadalara hazırlaşdıqlarından yalnız buna aid olan bir neçə  fənnə xüsusi diqqət yetirirlər. Əslində isə, olimpiadalara hazırlıq onsuz da istedadlı olan bu şagirdlərin bütün bilik və bacarıqlarını tam səfərbərliyə almalarına səbəb olur, qabiliyyətlərini artırır. Buna görə də  həmin uşaqlar gündəlik dərslərə daha asanlıqla, həvəslə hazırlaşırlar. Nəticələri də həmişə əvvəlkindən yüksək olur.

Elmar Məmmədli ilk dəfə iştirak etdiyi beynəlxalq bilik yarışında - 2012-ci ilin iyulunda Sinqapurda keçirilən XXIII  Beynəlxalq biologiya olimpiadasında həvəsləndirici mükafata layiq görülüb. Elmar deyir ki, bu səfər mənim üçün çox maraqlı keçdi. Sinqapur o qədər də böyük deyil, şəhər-ölkədir.  Heç bir təbii sərvəti olmasa da həyat səviyyəsi yüksəkdir.  İnsanlar təbiəti daha çox qoruyurlar, ona görə də çirklənmə daha azdır.

Bu olimpiadada iştirak etməyimiz bizim üçün çox faydalı oldu. Medal qazanmasaq da müəyyən təcrübə əldə etdik, digərləri ilə müqayisədə bilik səviyyəmizi öyrəndik, təbiət elmlərinə marağımız daha da artdı, müxtəlif ölkələrdən gəlmiş uşaqlarla dostluğumuz yarandı.

Növbəti beynəlxalq olimpiada onun üçün daha uğurlu olub. 1-10 dekabr 2012- ci ildə İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş Beynəlxalq təbiət elmləri olimpiadasında Lənkəran özəl türk liseyinin  X sinif şagirdi Elmar Məmmədli bürünc medal qazanıb. 3 turda keçirilən olimpiadanın I  turunda o, 30 testin  23-nə, II  turda 30 açıq sualın 25-nə  düzgün cavab yazıb. III  turda  azərbaycanlı şagirdlər  komanda şəklində yarışaraq 40 mümkün baldan 35 bal toplayıblar.

Bu səfərlə bağlı təəssüratlarını bizimlə bölüşən Elmar bildirdi ki, olimpiadanın proqramı gözəl tərtib olunmuşdu. Tehran şəhərində gəzintilər bütün uşaqların çox xoşuna gəldi. Təbiət muzeyinə ekskursiya isə bizim böyük marağımıza səbəb oldu və orada gördüklərimiz indiyədək gözlərimizin önündə canlanır. Orada olduğumuz müddətdə diqqətimizi bir şey də cəlb etdi ki, yerli əhali bizdə olduğu kimi xarici mala üstünlük vermir, hamı öz ölkələrində istehsal olunmuş geyim və əşyalardan istifadə edir.

İsveçrədə keçiriləcək 24-cü Beynəlxalq biologiya olimpiadasından da medalla qayıdaram, - deyən Elmar hazırda bu bilik yarışına ciddi hazırlaşır. Bu istedadlı oğlan vətənə ən azı gümüş medalla qayıtmaq fikrindədir. Ona növbəti bilik yarışında böyük uğur qazanmağı arzulayırıq  və gələcəkdə qarşıya qoyduğu bütün məqsədlərə çatacağına inanırıq.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov