Fevralın 21-də Rumıniya Respublikasının Azərbaycanda
fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu
ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası kollektivinin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan rektor, akademik Urxan
Ələkbərov diplomatlarla görüşlərin keçirilməsinin
əhəmiyyətini vurğuladı. Azərbaycan-Rumıniya ikitərəfli
münasibətlərinin strateji xarakterli olması haqqında
danışan rektor, Rumıniya dövləti və xalqı ilə qarşılıqlı
əlaqələrin inkişaf etdirilməsini, DİA kollektivinin bu
ölkə haqqında dolğun məlumat əldə etməsinin əhəmiyyətli
olduğunu bildirdi.
Rektor insanlığa qarşı ən dəhşətli cinayət hesab olunan
Xocalı soyqırımının 21-ci ildönümünün qeyd ediləcəyini
xatırladaraq, bu yaxınlarda Rumıniya parlamenti
tərəfindən "Dağlıq Qarabağ münaqişəsi" adlı siyasi
sənədin qəbul edilməsini ədalətə verilən dəstək kimi
səciyyələndirdi. Sonra səfir ikitərəfli münasibətlər
haqqında geniş təqdimatla çıxış etdi. Çıxışında Rumıniya
və Azərbaycan arasında mövcud əlaqələri şərh edən səfir,
iki ölkə arasındakı dostluq münasibətlərinin
gücləndirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki,
bu gün ortaq dəyərlərə, maraqlara sahib ölkələrimizin
dostluq əlaqələrinin daha da güclənməsi çox vacibdir. Bu
əlaqələrin inkişafında gənclərin də xüsusi rolu
olmalıdır. Səfir tələbə-müəllim mübadiləsində təhsil
proqramlarının daha da genişlənməsinin əhəmiyyətli
olduğunu qeyd etdi, qurulmuş əlaqələrin gələcəkdə də
davam etdiriləcəyinə əminliyini vurğuladı. Çıxışdan
sonra görüş müzakirələr və sual-cavab formatında davam
etdi.
Görüşün sonunda rektor Dövlət İdarəçilik Akademiyası ilə
Rumıniya səfirliyi arasında gələcək əməkdaşlıq
fəaliyyətinin davam etdiriləcəyini bildirdi.
Tədbirin sonunda səfirə xatirə hədiyyəsi təqdim edildi. |