Fevralın
25-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə
şəhərin icra hakimiyyətinin akt zalında ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi
münasibəti ilə "Azərbaycanın dövlətçilik tarixi"
mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Şəhər rəhbərliyinin, ekspert alimlərin, təhsil şöbəsinin
əməkdaşlarının, məktəb direktorlarının, şagirdlərin və
digər qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
açaraq konfransın ulu öndər Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə keçirildiyini
bildirib, tədbirin vətənpərvərlik tərbiyəsi baxımından
çox böyük əhəmiyyət kəsb etdiyini xüsusi olaraq
vurğuladı. Eldar Əzizov Azərbaycan tarixinin çox qədim
olduğunu qeyd edərək, tariximiz haqqında ən qədim
dövrdən müasir dövrümüzə qədər baş vermiş hadisələr və
digər faktlar haqqında tədbir iştirakçılarına maraqlı
məlumatlar verdi. Tariximizin zaman-zaman
saxtalaşdırıldığını deyən Eldar Əzizovun öyrənilməsi və
gənc nəslə düzgün çatdırılması üçün belə tədbirlərin
ənənəvi olaraq keçirilməsinin çox vacib bir məsələ
olduğunu qeyd edərək, öz dəyərli tövsiyələrini
vermişdir. Azərbaycanın hərb tarixindən danışan Eldar
Əzizov tariximizdə çox sayda görkəmli sərkərdələrimizin
və mübarizə təşkilatlarından söhbət açmış və o cümlədən
özü tərəfindən tarixi mövzuda əsər yazdığı "Difai"
mübarizə təşkilatının fəaliyyəti barədə maraqlı faktlar
demişdir. İcra başçısı çıxışında ulu öndər Heydər
Əliyevin milli dövlətçiliyimizin quruculuğu və
möhkəmləndirilməsində əvəzsiz rolunu xüsusi qeyd edərək
onun şəhərimizə göstərdiyi diqqət və qayğıdan
danışmışdır. Qeyd olunmuşdur ki, bu diqqət və qayğı ulu
öndərin layiqli davamçısı cənab Prezidentimiz İlham
Əliyev tərəfindən indi də uğurla davam etdirilir.
Şəhərimiz bunun sayəsində günü-gündən hərtərəfli inkişaf
edir.
Sonra Eldar Əzizov iclası aparmaq üçün sözü Sumqayıt
Şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyevə verdi. Mahal
Əliyev bu maraqlı tədbirin keçirilməsi təşəbbüsünə və
onun ərsəyə gəlməsində göstərdiyi diqqət və qayğıya
görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizova şəhər təhsil işçilərinin minnətdarlığını
bildirdi. O, məruzələrin sayı, mövzuların əhatə dövrü
barədə məlumat verdikdən sonra konfrans öz işinə
başladı.
Sumqayıt şəhərinin ayrı-ayrı orta məktəblərini təmsil
edən şagirdlər - 24 nömrəli məktəbin IX sinif şagirdi
Səma İsmayılzadə "Azərbaycanda ibtidai icma quruluşu",
33 nömrəli məktəbin IX sinif şagirdi Sevil Bağırova
"Azərbaycan dövlətçiliyinin tarixi", 23 nömrəli məktəbin
IX sinif şagirdi Şövkət Kərimova "IX-XI əsrlərdə
Azərbaycan dövlətləri", 39 nömrəli məktəbin XI sinif
şagirdi Aysel Əbdülhəsənli "Azərbaycan dövlətçiliyi
XII-XV əsrlərdə", Texniki və Təbiət Elmləri Liseyinin X
sinif şagirdi Fidan Həsənova "Azərbaycan Səfəvilər
dövründə (1501-1736-cı illər)", 40 nömrəli məktəbin X
sinif şagirdi Xanım Şəfiyeva "Azərbaycan Nadir şahın
hakimiyyəti dövründə", 13 nömrəli məktəbin tarix
müəllimi Rəşad Qocayev "Azərbaycan xanlıqlar dövründə",
36 nömrəli məktəbin X sinif şagirdi İlahə Məmmədova
"Azərbaycan Ağa Məhəmməd şah Qacarın hakimiyyəti
dövründə", 3 nömrəli məktəbin XI sinif şagirdi Sevər
Əzizbəyova "Azərbaycanda milli demokratik hərəkatın
inkişafında "Difai" partiyasının rolu", 26 nömrəli
məktəbin X sinif şagirdi Ziya Şivəxanov "Azərbaycan Xalq
Cumhuriyyəti", 31 nömrəli məktəbin IX sinif şagirdi
Ülkər Bağırova "Ulu öndər Heydər Əliyevin Azərbaycana
ilk rəhbərlik dövrü (1969-82-ci illər)", Təbiət Elmləri
Təmayüllü Gimnaziyanın IX sinif şagirdi Fidan Məmmədova
"Azərbaycan dövlətçiliyinin qorunmasında və
möhkəmləndirilməsində Heydər Əliyevin rolu (1991-2003-cü
illər)", 4 nömrəli məktəbin X sinif şagirdi Ülviyyə
Bayramova "Heydər Əliyevin Sumqayıtın mədəni və iqtisadi
inkişafında rolu", 39 nömrəli məktəbin XI sinif şagirdi
Elnarə Mirzəyeva "İlham Əliyev Heydər Əliyev məktəbinin
layiqli davamçısıdır" və 14 nömrəli məktəbin VIII sinif
şagirdi Nəzrin Zülfüqarova "Sumqayıtın inkişafında İlham
Əliyev mərhələsi" mövzularında geniş və ətraflı
məruzələr etdilər. Hər bir mövzu ilə bağlı məlumat, sxem
və xəritələr slayd formasında ekranda nümayiş
etdirildi.
Sonda Eldar Əzizov konfransın işindən razı qaldığını
deyərək, belə tədbirlərin bundan sonra da mütəmadi
keçiriləcəyinə əmin olduğunu bildirdi və tədbirin bütün
təşkilatçılarına minnətdarlıq etdi.
Sumqayıt Şəhər Təhsil
Şöbəsinin Mətbuat xidməti |