Fevralın 23-də Təhsil Nazirliyində "Uşaqların məktəbə
müsabiqə yolu ilə (testlərlə) qəbulu probleminin
tədqiqi" mövzusunda Təhsil Problemləri İnstitutunda
aparılmış araşdırmaların nəticələrinin müzakirəsinə həsr
olunmuş növbəti seminar keçirilib. Seminarda təhsil
naziri Misir Mərdanov, Təhsil Nazirliyinin struktur
bölmə rəhbərləri, Təhsil Problemləri İnstitutunun rəhbər
işçiləri və əməkdaşları, bir sıra ümumi təhsil
müəssisələrinin direktorları iştirak ediblər. Təhsil
Problemləri İnstitutu Sosioloji tədqiqatlar şöbəsinin
müdiri, biologiya üzrə fəlsəfə doktoru Bibixanım Ağayeva
mövzu üzrə aparılmış araşdırmaların nəticələrinə dair
geniş məruzə-təqdimat edib.
Təqdimatında öncə müzakirə olunan mövzunun Təhsil
Nazirliyinin sifarişi əsasında tədqiq edildiyini deyən
B.Ağayeva işin yerinə yetirilməsi məqsədilə işçi qrupu
yaradıldığını, onun məktəblərdə bu sahədə mövcud
vəziyyəti araşdırdığını bildirib. Sonra məruzəçi
araşdırmanın nəticələrini və mövcud problemin həllinə
istiqamətlənmiş təklifləri diqqətə çatdırıb.
Təhsil naziri Misir Mərdanov seminarda çıxış edərək
müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildirib.
Nazir qeyd edib ki, ərazi üzrə bütün məktəb, lisey və
gimnaziyaların siyahısı tutulmalı, cəmiyyət hansı
məktəbin nə kimi səlahiyyəti olduğunu bilməlidir. Əgər
uşaq məktəbə və ya liseyə qəbul olunmayıbsa, valideyn
onun hansı səbəbdən qəbul olunmadığını bilməlidir. Bu
işdə məktəb direktorlarının bir çoxunun neqativ hallara
yol verdiklərini deyən nazir bu məsələnin onu narahat
etdiyini, qəbul zamanı birinci növbədə təhsil alanın
taleyinin nəzərə alınmalı olduğunu, məktəb
direktorlarının ərazidə yaşayan uşaqları məktəbə qəbul
etməməyə haqqı çatmadığını diqqətə çatdırıb.
Seminarda Təhsil Nazirliyinin şöbə müdirləri Bayram
Hüseynzadə, Ağababa İbrahimov, TPİ-nin direktor
müavinləri, professor Yəhya Kərimov, Kurikulum
Mərkəzinin direktoru Ənvər Abbasov, Bakı Avropa
Liseyinin direktoru Zülfiyyə Veysova söz alaraq mövzu
ilə bağlı bəzi məsələlərə toxunub, təkliflər
səsləndiriblər. Çıxışlarda liseylərə qəbul zamanı
xüsusilə narahatlıq doğuran hallara yol verildiyi, bu
zaman ən məsuliyyətli işin məktəb psixoloqunun üzərinə
düşdüyü, müəllimlə ünsiyyət vacib amil olduğundan
testlərin nəticələri ilə yanaşı müəllimin də rəyini
nəzərə almağın zəruriliyi qeyd olunub.
Yusif ƏLİYEV |