Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

"Müəllimlərin distant əlavə təhsili" və "Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi" layihələrinin təqdimatı olub

 

Fevralın 28-də Təhsil Nazirliyində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq təhsil sisteminin müasir tələblər səviyyəsində inkişafına xidmət edən "Müəllimlərin distant əlavə təhsili" və "Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi" layihələrinin maraq doğurduğunu bildirib.

"Müəllimlərin distant əlavə təhsili" layihəsi üzrə ekspert Çoi Seon Mook təqdimat-məruzəsində layihə barədə ətraflı məlumat verib. Çoi Seon Mook müəllimlərin iş yerlərindən ayrılmadan və xüsusi vaxt müəyyənləşdirmədən əlavə təhsilə cəlb olunmasına imkan verən layihənin həyata keçirilməsi mexanizminin üstün cəhətlərindən söhbət açıb. Qonaq layihə üzrə proqram və mövzuların Təhsil Nazirliyi tərəfindən hazırlanacağını nəzərə çatdırıb, distant əlavə təhsil kurslarından keçən müəllimlərin müəyyən olunmuş mövzuları mənimsəmə səviyyəsinin elektron vasitələrdən istifadə edilməklə qiymətləndiriləcəyini bildirib.

KOICA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Suk "Müəllimlərin distant əlavə təhsili" layihəsinin reallaşdırılması üçün qarşıda duran məsələlərdən bəhs edib. Kim Eun-Suk bildirib ki, ilkin mərhələdə video-dərslər hazırlanaraq müvafiq bazada yerləşdiriləcək və distant əlavə təhsil kurslarına cəlb olunan müəllimlər onlara verilmiş xüsusi icazə vasitəsilə bu vəsaitlərdən istifadə edə biləcəklər.

"Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi" layihəsi üzrə ekspert Çul Yun Kim təqdimat-məruzəsində layihənin əhəmiyyəti barədə fikirlərini bildirib. Qonaq qeyd edib ki, layihə çərçivəsində Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri və nazirliyin digər qurumları arasında elektron sənəd dövriyyəsi sistemi yaradılacaqdır. Layihənin Təhsil Nazirliyinə elektron müraciət imkanlarını genişləndirəcəyini vurğulayan Çul Yun Kim elektron sənəd dövriyyəsi zamanı elektron imzadan istifadə ediləcəyini söyləyib.

Misir Mərdanov KOICA-nın "Müəllimlərin distant əlavə təhsili" və "Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi" layihələrinin həyata keçirilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndirib və qeyd olunan sistemlərin yaradılmasının ölkəmizdə müasir təhsil sisteminin təşkilinə dəstək verəcəyini bildirib. Eyni zamanda layihələrin icrasının müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına, virtual öyrənmə mühitinin yaradılmasına, təlim və tədris resurslarına sərbəst girişin təmin edilməsinə, təhsil sistemində elektron idarəetmənin genişlənməsinə təkan verəcəyini nəzərə çatdıran nazir bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra görüşdə layihələrin reallaşdırılması ilə bağlı maraq doğuran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq rəy və təkliflər səsləndirilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov