Fevralın
23-də Təhsil Nazirliyində Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) üzvləri ilə
görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
görüşün əsas məqsədinin valideynlərin tədris prosesinə
cəlb edilməsindən və məktəblərin idarə edilməsinə
ictimai nəzarətin daha da gücləndirilməsi məsələlərinin
müzakirəsindən ibarət olduğunu diqqətə çatdırdı. Nazir
təhsilin inkişafı ilə əlaqədar mütəmadi müzakirələr
aparıldığını və mövcud problemlərin aradan qaldırılması
üçün səylərin artırıldığını bildirdi. Təhsil
Nazirliyinin "Qaynar xətt" xidmətinin fəaliyyəti
haqqında danışan Misir Mərdanov bu xidmətin işinin daha
da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu söylədi.
Son illər məktəblərdə fəaliyyətə başlamış
Valideyn-Müəllim Assosiasiyalarının fəaliyyətini yüksək
qiymətləndirən təhsil naziri bununla yanaşı hələ də bir
çox təhsil müəssisələrində müvafiq qurumların
yaradılmadığını qeyd etdi. Nazir yeni yaradılmış
VMA-lara zəngin ənənələri və təcrübəsi olan VMA-ların iş
prinsipindən yararlanmağı tövsiyə etdi.
Təhsil işçilərinin cəmiyyətin aparıcı qüvvəsi olduğunu
bildirən Misir Mərdanov ictimaiyyətin təhsil
müəssisələrinin fəaliyyəti haqqında daha dolğun
məlumatlandırılması baxımından VMA-ların üzərinə böyük
məsuliyyət düşdüyünü bildirdi. Nazir həmçinin təhsil
ocaqlarında yaranan problemlərin aradan qaldırılması
işində VMA-ların fəaliyyətinin daha səmərəli təşkil
edilməsinin zəruriliyini nəzərə çatdırdı.
"Zəngi" liseyi VMA-nın sədri Vüqar Rəhimzadə çıxış
edərək tədbirin əhəmiyyətindən danışdı. Valideynlərin
təhsil prosesində yaxından iştirak etmələrinin ümumi
işin xeyrinə olduğunu nəzərə çatdıran V.Rəhimzadə bu
prosesdə dünyanın inkişaf etmiş aparıcı ölkələrinin
təcrübəsindən istifadə etməyin vacibliyini vurğuladı.
Tədbirdə ümumi təhsil məktəblərinin VMA üzvləri, məktəb
rəhbərləri, müəllimlər, valideynlər çıxış etdi və bir
sıra təkliflər səsləndirdilər.
Daha sonra təhsilin müxtəlif sahələrini əhatə edən açıq
müzakirələr aparıldı.
Sonda bir sıra təhsil işçiləri "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə
təltif olundu, ümumi təhsil məktəblərinin fəal VMA
üzvlərinə sertifikatlar təqdim edildi.
Niyazi RƏHİMOV |