Fevralın
25-də Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 52-ci
ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Küveyt səfirliyinin
Müvəqqəti İşlər Müvəkkili Sultan Al Aradah çıxış edərək
tədbirin, eyni zamanda Küveyt Dövlətinin azadlıq
bayramının 22-ci ildönümünə həsr olunduğunu
bildirmişdir.
Sultan Al Aradah ölkəsinin inkişaf yolundan danışmış,
iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail
olunduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan Küveyt və Azərbaycan arasında
gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu
bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək
səviyyəli görüşlər və danışıqlar ikitərəfli
münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin
yaradır. Küveyt ilə Azərbaycan arasında əlaqələrin
yüksək səviyyədə olduğu qeyd edilmişdir.
Sultan Al Aradah bütün bunların Prezident İlham Əliyevin
2009-cu ildə Küveyt Dövlətinə səfəri zamanı qəbul
edilmiş qərarların uğurla həyata keçirilməsinin nəticəsi
olduğunu söyləmişdir.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov
əlamətdar gün münasibətilə dost Küveyt xalqını
Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik
etmiş, dövlət başçısının salamlarını və xoş arzularını
çatdırmışdır.
Nazir qeyd etmişdir ki, son zamanlar Azərbaycan və
Küveyt arasında müxtəlif sahələri əhatə edən
münasibətlər yüksələn xətt üzrə inkişaf edir. M.Mərdanov
əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında
dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və
dərinləşəcəkdir.
Təhsil naziri Azərbaycan ilə Küveyt arasında siyasi
əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dost
ölkənin beynəlxalq təşkilatlarda respublikamızın
mövqeyini birmənalı olaraq müdafiə etdiyini söyləmişdir.
Qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin
Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki
təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər. |