Bu
dünyada elə insanlar var ki, ömrü yaşadığı illərlə
hesablanır. İnsanlar da var ki, nə qədər, neçə il
yaşamağının fərqinə varılmadan gördüyü işlər, unudulmaz,
əvəzsiz əməlləri, yazıb yaratdıqları əsərləri,
təmənnasız yaxşılıqları ilə həmişə diqqət mərkəzində
olur. Məncə bunun özü də böyük bir xoşbəxtlikdir. Belə
bir xoşbəxtliyi qazanmaq isə heç də hamıya nəsib olmur.
Haqqında söz açacağım Ələşrəf Niftiyev məhz belə
xoşbəxtliyi zəhməti, dözümü, iradəsi, ən əsası isə
bacarığı, istedadı və insanlığı ilə əldə edib.
Bu günlərdə Ələşrəf müəllimin gərgin əməyinin, yuxusuz
gecələrinin məhsulu olan "Oğul, bu Qurana and iç ki..."
kitabını birnəfəsə oxudum. Sanki onu yenidən kəşf etdim.
Düşündüm ki, demək insan ömrü ilə həyatı keşməkeşli
vəhdət təşkil etməsə, bəlkə də həyat maraqsız olar. Amma
yaradıcı insanların həyatı bu keşməkeşlər içərisində
göyərir, bitir və həmişəyaşıl bir ömrə çevrilir.
Ələşrəf Niftiyev də özünün yaradıcılığı ilə ürəklərdə
yaşayan, ömür yollarında həmişəyaşıl iz qoyan
şəxsiyyətlərdəndir. İnsanpərvərliyi, haqq-ədalət uğrunda
mübarizə aparan həssas insani keyfiyyətləri ilə seçilən
böyük bir ürək sahibi kimi yadda qalır.
Bir Quran ayəsində isə deyilir: "Dünyaya göz açan
əməlisalehləri əbədi xoşbəxtliyə aparan bir işıq var. Bu
işıq Allah nurundan yaranmışdır. Allah istədiyi adamı öz
işığına yönəldir".
Bəli, haqqında oxuculara söhbət açmaq istədiyimiz "Oğul,
bu Qurana and iç ki..." povesti III dərəcəli "Vətənə
xidmətə görə" ordenli, dövlət qulluğu təqaüdçüsü və əmək
veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ələşrəf Niftiyevin ikinci kitabıdır. Onun "Ömür yolu nur
yolu" adlı birinci kitabı haqqında da 2010-cu ildə yazı
yazmışdım. Hələ o vaxt Ələşrəf müəllimin keçdiyi mənalı
həyat yolu barədə ətraflı öyrənmişdim. O, 1945-ci ildə
Masallı şəhərində dünyaya göz açıb, 1961-ci ildə
N.Nərimanov adına Masallı şəhər 2 nömrəli orta
məktəbini, 1963-cü ildə Lənkəran Pedaqoji Texnikumunu,
1970-ci ildə isə M.F.Axundov adına Xarici Dillər
İnstitutunun rus dili fakültəsini bitirib. Ələşrəf
müəllim müxtəlif məktəblərdə müəllim işləyib, metodist
və ali kateqoriyalı müəllim, maarif əlaçısı, digər
təltiflərə də layiq görülüb. Sonradan isə uzun illər
müxtəlif məsul vəzifələrdə çalışıb.
Ə.Niftiyevin araya-ərsəyə gətirdiyi, "Elm və təhsil"
nəşriyyatı tərəfindən işıq üzü görmüş, 100 səhifəlik
"Oğul, bu Qurana and iç ki..." povestində baş qəhrəmanın
çətin uşaqlıq illəri geniş yer alır. Yeniyetməlik və
gənclik dövründə öz zəhməti ilə qazandığı uğurları gözü
götürməyən və ona xəyanətkar və riyakarların bəd
əməlləri xeyirxahlıqla tənqid olunur. Əsərdə uzun
əzab-əziyyətlərdən, məşəqqətlərdən sonra bəraət almış,
hüquqları bərpa olmuş gənc bir ziyalının taleyindən
söhbət açılır, mehriban, səmimi, xeyirxah və mərhəmətli
insanlar xatırlanır.
Onu da qeyd edək ki, əsər əyalət rayonlarından birində
baş vermiş konkret bir hadisədən bəhs edir.
Ələşrəf müəllimin sanki, özünün keçdiyi həyat yolundan
bəhs edən bu bədii əsər oxucular tərəfindən böyük
maraqla qarşılanıb.
Ömrünün 68-ci baharını yaşayan, yazıb-yaratmaqdan
doymayan, fikir və düşüncələrini əsərlərə çevirən
Ələşrəf Nuru oğluna yeni-yeni yaradıcılıq uğurları
arzulayır və inanırıq ki, o, hələ neçə-neçə belə dəyərli
əsərlər yazacaq.
Ədalət DAŞDƏMİRLİ |