Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində
təşkil olunmuş Rus dili həftəsi maraqlı və rəngarəng
tədbirlərlə yadda qaldı: Vısotskinin xatirəsinə həsr
edilmiş ədəbi-musiqi gecə, təmsil gecəsi, "Ən yaxşı şeir
ifaçısı" və inşa müsabiqələri və s.
Kompleksin
rus dili və ədəbiyyat kafedrasında 1 və 5-ci siniflər
üçün dərsliklərin müzakirəsi zamanı dərsliklərin
orijinal xüsusiyyətləri və çatışmazlıqlar göstərilməklə
yanaşı, rus bölməsi üçün mövcud "Rus dili" və
"Ədəbiyyat" və Azərbaycan bölməsi üçün "Rus dili"
dərsliklərinə alternativ dərsliklərin yaradılmasının
vacibliyi vurğulandı.
Bu məsələ "Azərbaycanda rus dili və ədəbiyyatı"
jurnalının son saylarının Məktəb-Lisey Kompleksinin oxu
zalında baş tutan müzakirəsi zamanı bir daha vurğulandı.
Milli Kurikulumun tələbləri əsasında yazılmış və
məktəblilərin istifadəsinə verilmiş yeni "Rus dili" və
"Ədəbiyyat" dərsliklərinin jurnal səhifələrində geniş
müzakirəsinə ehtiyac olduğu qabardırıldı.
Artıq 2003-cü ildən etibarən rektor, AMEA-nın müxbir
üzvü, professor K.M.Abdullayevin təşəbbüsü ilə Bakı
Slavyan Universiteti tərəfindən yeni formatda və
məzmunda nəşr olunan və 2010-cu ildən tam rəngli və
fərqli poliqrafik icrada oxuculara təqdim edilən
"Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalı
elmi-metodiki əhəmiyyətini saxlamaqla, həm də
mədəni-ictimai nəşr kimi böyük maraq doğurur. Jurnal
ölkəmizdə rus dilinin istifadəsi və işlənməsi dairəsini,
rus ədəbiyyatı və mədəniyyətinin xalqımızın
ictimai-mədəni həyatı və şüurunda yerini, xalqlarımız
arasında tarixi və müasir əlaqələri və s. məsələləri
əhatə edir və gündəmdə saxlayır. Təsadüfi deyil ki,
yüksək elmi səviyyəyə malik bu dövri nəşr Azərbaycan və
Rusiyanın elm və təhsil mərkəzlərinə, dövlət
orqanlarına, elm və mədəniyyət xadimlərinə, slavyan
ölkələrinin universitetlərinə göndərilir.
Jurnalın 2012-ci il nömrələrinin prezentasiyasına dəvət
olunan Bakı şəhəri məktəblərinin rus dili və ədəbiyyatı
müəllimləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodiki
mərkəzinin əməkdaşları, Rusiya Mədəniyyət-İnformasiya
Mərkəzinin nümayəndələri, universitetin uyğun
kafedralarının müəllimləri, təcrübə rəhbərləri son üç
nömrənin geniş müzakirəsi zamanı ayrı-ayrı məqalə və
materiallarla, jurnal müəllifləri ilə yaxından tanış
olmaq imkanı əldə etdilər. Kompleksin rus dili və
ədəbiyyatı müəllimləri Rəna Babayeva, Gülarə Hacıyeva,
Reyhan Hüseynova, Adilə Güləhmədova, ibtidai sinif
müəllimləri Danya Altunbəyova, Diana Karatayeva
ayrı-ayrı saylarda getmiş maraqlı məqalə və materialları
təhlil etməklə yanaşı, təkliflər də irəli sürdülər.
Pedaqoji kollektiv adından jurnalın baş redaktoru,
professor Flora Naciyevaya və nəşrin icraçı direktoru,
dosent Güney Məhərrəmovaya minnətdarlıq edən BSU
Məktəb-Lisey Kompleksinin direktoru, professor Telman
Cəfərov jurnal səhifələrində kurikulum tələbləri
əsasında tərtib olunmuş dərs icmallarına, yeni təlim
texnologiyaları və interaktiv dərs modellərinin tətbiqi
ilə bağlı metodiki məqalələrə geniş yer verməyi xahiş
etdi.
Qeyd edək ki, dövri elmi-metodiki nəşrlərin kompleksdə
təqdimatı artıq ənənə halına düşməkdədir. Yanvar ayının
pedaqoji şura iclasında "Kurikulum" jurnalının son
(2012-ci il, № 4) sayının materialları geniş müzakirə
olunmuşdu.
İlahə CARÇIYEVA,
BSU Məktəb-Lisey Kompleksi rus dili və ədəbiyyatı
kafedrasının müdiri,
dosent, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi |