Fevralın 18-də Naxçıvan Özəl Universitetində pedaqoji
təcrübəyə həsr olunan başlanğıc konfransı
keçirilmişdir. Konfransda elm və tədris işləri üzrə
prorekror İbrahim Kazımbəyli, pedaqoji təcrübənin
rəhbəri Nazim Mahmudov, pedaqogika və psixologiya
kafedrasının müdiri Solmaz Həsənli, tyutorlar, fənn
müəllimləri və III kurs tələbələri iştirak etmişdir.
Prorektor İbrahim Kazımbəyli tələbələri 2012-2013-cü
dərs ilinin II yarımilinin başlanması münasibəti ilə
təbrik etmiş və pedaqoji təcrübə haqqında məlumat
vermişdir. Bildirilmişdir ki, mövcud tədris planına
uyğun olaraq Naxçıvan Özəl Universitetinin III kurs
tələbələri bir ay müddətinə pedaqoji təcrübədə olacaq.
Nəzəri biliklərlə yanaşı pedaqoji təcrübənin
əhəmiyyətinin danılmaz olduğunu vurğulayan prorektor,
təcrübənin səmərəli keçirilməsi üçün hər kəsin üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirməsinin mühüm
olduğunu qeyd etmişdir. "Tələbələr təcrübə müddətində
bütün nizam-intizam qaydalarına əməl etməli və Naxçıvan
Özəl Universitetinin təmsilçisi olduğunu unutmamalıdır",
- deyən İbrahim Kazımbəyli müşahidə anketi haqqında da
məlumat vermiş, təcrübə müddətində keçiriləcək tərbiyəvi
tədbirlərin təşkili və keçirilməsindən də danışmışdır.
Sonra "Təcrübə müddətində pedaqoq və psixoloqların
vəzifələri" mövzusunda çıxış edən pedaqogika və
psixologiya kafedrasının müdiri Solmaz Həsənli ilk
təcrübəsi olan III kurs tələbələrini təcrübə müddətində
hansı işləri necə etməli və psixoloji müşahidənin
aparılması qaydası ilə bağlı ətraflı məlumat vermiş və
pedaqoji təcrübənin qarşısında duran əsas vəzifələrdən
biri olan universitetdən orta məktəbə aparılan
yeniliklərin əhəmiyyətindən söz açmışdır. Solmaz Həsənli
eyni zamanda şagird üzərində düzgün psixoloji müşahidə
aparılmasını və onların xarakterik xüsusiyyətləri ilə
yaxından tanış olmağın əhəmiyyətini vurğulamışdır.
Sonda pedaqoji təcrübənin rəhbəri Nazim Mahmudov
pedaqoji təcrübənin təşkili və keçirilməsi ilə bağlı
sənədlərin hazırlanma qaydasını iştirakçıların nəzərinə
çatdırmışdır. |