Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Fənn aylığı çərçivəsində tədbirlər və "açıq dərs" keçirilib

 

Təhsilin keyfiyyətinin yüksəldilməsində, fənn müəllimlərini tədris prosesində yaradıcı fəaliyyətə təşviq etməkdə, qabaqcıl təcrübənin nümayişi və təbliğində fənn aylıqları mühüm rol oynayır. Bu imkanlar nəzərə alınaraq son illər fənn aylıqlarının təşkilinə diqqət artıb. Rayonumuzda da belə aylıqlar vaxtaşırı keçirilir.

Bu baxımdan Şuşa Rayon Təhsil Şöbəsinin müvafiq əmri ilə yanvarın 15-dən fevralın 15-dək rayonun məktəblərində "Azərbaycan tarixi fənn aylığı" elan olunub. Aylıq çərçivəsində rayonun bütün təhsil ocaqlarında olduğu kimi, Şuşa şəhər 12 nömrəli tam orta məktəbdə də silsilə metodik tədbirlər həyata keçirilib. Məktəbin tarix müəllimi Elçin Dadaşov  bu işlərdə xüsusilə fərqlənib. O, məktəbdə fənn aylığı elan olunan gündən bir sıra maraqlı tədbirlərin təşəbbüsçüsü olub. Onun rəhbərliyi ilə məktəbin şagirdləri "Tariximizi unutmayaq" adlı fənn bülleteni, "Tariximizin səhifələri" adlı divar qəzeti çıxarmışlar.  E.Dadaşov V-XI siniflərdə test yoxlamaları keçirmiş,  2012-ci il dekabrın 25-də vətənpərvərlik mövzusunda keçirilən "Vətən qəhrəmanları ilə tanınır" adlı tədbirin davamı olaraq and yerimiz olan Şəhidlər xiyabanına, general Həzi Aslanovun abidəsinə şagirdlərin ziyarətini təşkil etmişdir.

"Müstəqil Azərbaycan", "Azərbaycanımızın tarixi keçmişi, bu günü və gələcəyi", "Doğma Qarabağ" mövzularında şagirdlərlə mühazirələr və söhbətlər aparmışdır. Şagirdlərin Tarix muzeyinə, "Bayraq meydanı"na, İçərişəhərə gəzintiləri onların dünyagörüşündə dərin iz buraxmışdır.

Bu tədbirlərin davamı olaraq E.Dadaşov yanvarın 22-də VII sinifdə "Sacilər dövləti" mövzusunda "açıq dərs" keçdi. Şuşa Şəhər Təhsil Şöbəsinin məsul işçiləri Ə.Əbdüləzimov, C.Məmiyev, R.Məmmədova, G.Məmmədova, rayon məktəblərinin tarix müəllimlərindən Z.Məmmədova, S.Əliyeva, N.Mahmudova, A.Abdullayeva, E.Ağamalıyev dərsdə iştirak edirdilər.

Qabaqcıl müəllim bu fikirdədir ki, müasir tədris proqramları şagirdləri müstəqil düşünməyə, sərbəst fikir söyləməyə, problemlərdən çıxış yollarını axtarmağa, öz ideyalarını arqumentlərlə sübut etməyə, başqasının fikrinə dözümlü olmağa, yeni pedaqoji təfəkkürə yiyələnməyə sövq edir.

Təhlil zamanı aydın oldu ki, müəllim dərsin gedişində şagirdlərin imkan və potensiallarını nəzərə ala bildi.  Bu isə onları tədqiqatçılıq işləri aparmağa ruhlandırdı. Nizam-intizam qaydaları gözlənildi. Qrupdakı şagirdlərin birgə fəaliyyəti, əməkdaşlıq etmələri zamanı onlar bir-birinə səmimi yanaşdılar, eyni zamanda sərbəst olaraq fikirlərini bildirməyi bacardılar.

Dərsdə şagirdlərdən D.Cabbarlı, N.İbrahimov, A.Vəlizadə, E.Cabbarlı, A.Əbdüləzimova, B.Qasımova daha çox fəallıq göstərdilər.

Çıxış edən müəllimlər dərsdən razı qaldıqlarını bildirdilər. 

Nazilə ƏZİZOVA,
Şuşa şəhər 12 nömrəli orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini,
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov