Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

NDU ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında tələbə mübadiləsinə başlanıldı

 

Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında tələbə mübadiləsi başlanıldı. Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Cənubi Koreya ilə ölkələrarası siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında elmin, təhsilin və dilin müstəsna rolundan danışdı.

Rektor, universitetin Cənubi Koreyanın ali təhsil ocaqları ilə əməkdaşlığın əhəmiyyətindən, muxtar respublika rəhbərliyinin və Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Qeyd olundu ki, Naxçıvan Dövlət Universiteti Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə hərtərəfli əməkdaşlığa malikdir və Boloniya sisteminin prinsiplərinə uyğun olaraq Cənubi Koreyanın Kimçonq Universiteti ilə tələbə mübadiləsinə başlanılmışdır. Koreyanın qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən KOICA dövlət agentliyi ilə universitetə müasir informasiya texnologiyalarının alınması, elektron idarəetmə sisteminin yaradılması ilə bağlı birgə layihə reallaşdırılması haqqında da məlumat verən rektor, hazırda universitetdə 10 nəfərə yaxın koreyalı tələbənin bakalavr, magistratura, doktrantura üzrə təhsillərini davam etdirdiklərini vurğuladı. Qeyd olundu ki, universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində "Koreyaşünaslıq" seçmə fənni tədris olunur. Buradakı Cənubi Koreya Mərkəzi uğurla fəaliyyət göstərir.  Mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarının fəaliyyət göstərməsi isə Koreya dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından böyük önəm daşıyır. Tələbə mübadiləsi məqsədilə Naxçıvan Dövlət Universitetindən 3 nəfər tələbə - tərcümə (ingilis dili - Azərbaycan dili) ixtisası üzrə birinci kurs tələbəsi Nəsir Neymətli, hüquqşünaslıq ixtisası üzrə birinci kurs tələbəsi Əkbər Həsənli, stomatologiya ixtisası üzrə birinci kurs tələbəsi Şahin Tağıyev Cənubi Koreyanın Kimçonq Universitetində 6 ay müddətində təhsillərini davam etdirəcəklər. Həmçinin Kimçonq Universitetindən gələn 2 tələbə Lee Sumi və Jeonq Seok bakalavr pilləsində təhsillərini bir il müddətində Naxçıvan Dövlət Universitetində davam etdirəcək.

Koreya dili hazırlıq kurslarının müəllimi, Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı, ilk koreyaca-azərbaycanca danışıq kitabçasının müəllifi Çanq Se Cunq Koreya dili hazırlıq kursunun gedişi barədə məlumat verdi. Cənubi Koreyaya göndərilən tələbələrin bu kurslarda fəal iştirak etdiklərini və bir neçə tələbənin arasından seçildiklərini vurğuladı.

Kimçonq Universitetinin tələbəsi Jeonq Seok çıxış edərək yaxşı təhsil almaq üçün Naxçıvan Dövlət Universitetində hər cür şərait yaradıldığını, bu universitet haqqında Cənubi Koreyada da müsbət fikirlərin olduğunu və təhsilini bir illik davam etdirmək üçün məhz bu universiteti seçməsindən məmnunluq duyduğunu qeyd etdi.

Stomatologiya ixtisası üzrə birinci kurs tələbəsi Şahin Tağıyev çıxışında tələbə mübadiləsini yüksək qiymətləndirərək ölkəmizi Cənubi Koreyada layiqli təmsil edəcəklərini və müvəffəqiyyətlə ali təhsil almağa çalışacaqlarını bildirdi.

Sonda universitetin rektoru, akademik İsa Həbibbəyli Kimçonq Universitetinin elmi əsərlər jurnalında Azərbaycan-Cənubi Koreya əlaqələri haqqında dərc olunmuş məqaləsini universitetdə fəaliyyət göstərən Cənubi Koreya Mərkəzinə təqdim etdi. Sonda rektor, akademik İsa Həbibbəyli  hər iki universitetin tələbələrinə  uğurlar arzuladı. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov